Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENT KOMİTƏ SƏDRİNİ CƏZALANDIRIB

PREZİDENT KOMİTƏ SƏDRİNİ CƏZALANDIRIB


14-11-2011, 12:13
PREZİDENT KOMİTƏ SƏDRİNİ CƏZALANDIRIB

KƏRƏM HƏSƏNOV BAŞINI QOYMAĞA YER AXTARIR

DİA.AZ: - Hakimiyyət içində cərəyan edən olayları əslində kənaordan da müşahidə edərək təhlil etmək asandır. Ən azından açığa çıxan yetərincə məqamlar var. Məsələn, bu günlərdə məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti asfalt biznesini ələ keçirib. Nəticədə Ziya Məmmədov və onun adamları bu gəlirli sahədən vaz keçmək zorunda qalıblar.

Anoloji proses əyalət rayonlarında da müşahidə olunmaqdadır. Artıq yolların asfaltlanmasına ayrılan vəsaitin xərclənməsinə yerli icra strukturları nəzarət edir. Bildirək ki, bu proses haqlı olaraq əksər ekspertlər tərəfindən nəqliyyat nazirinin mövqe zəifləməsi kimi də dəyərləndirilib.

Bu günlərdə isə daha bir yenilik müşahidə olundu. Bayıldakı «Avroviziya-2012» tədarükündən Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov və onun qardaşı Malik Həsənov uzaqlaşdırılıb. Bildirək ki, hal-hazırda Bayıl ərazisində 20-yə yaxın inşaat meydançası var və ərazidə külli miqdarda pulların sağa-sola fırlandığını elə inşaat işlərinin tempindən də sezmək mümkündür.

Məlumatlı mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına ötürdüyü bilgilərdən aydın olur ki, bu günlərdə prezident İlham Əliyev «Avroviziya-2012» mahnı yarışmasının keçiriləcəyi ünvan kimi təqdim olunan «Büllur Saray»ın inşaat işləri ilə tanış olmaq istəyib və əraziyə qəfil səfər edib. Prezidentin ərazidə gördükləri isə Kərəm Həsənovun və qardaşının işini demək olar ki, bitirib.

Məlumatlı mənbənin sözlərinə görə, prezidentin qəfil səfəri zamanı fəhlələrin işləmədiyi aydın olub: «Hətta prezidentlə fəhlələr arasında qısa söhbət də olub. Prezident onlardan nədən bu qədər ləng işləmələrinin səbəbini soruşub. Fəhlələr də heç nəyi gizlətməyərək prezidentə 3 aydır ki, maaş almadıqlarını bildiriblər. Halbuki həmin inşaat işləri üçün yetərincə vəsait ayrılıb».

Mənbə bildirir ki, prezident bundan bərk qəzəblənib və dayanmadan ərazini tərk edib: «Halbuki həmişə prezident ərazidə ən azından 30-40 dəqiqə qalardı. Bu dəfə isə yanında olan Hacıbala Abutalıbova da bir söz demədən ərazini tərk edib».

Məlumatlara görə, bundan sonra inşaat işləri Həsənov qardaşlarının əlindən alınaraq Bakı şəhər İcra hakimiyyətinə verilib: «Artıq plana düşən evlərin sakinləri ilə də bazarlığı BŞİH-nin təlimatı ilə müvafiq MİS-in rəisləri aparırlar. Halbuki əvvəllər bu proses «Azinko» tərəfindən həyata keçirilirdi və qiymətləndirmə işi maliyyə nazirliyinin ekspertlərinə həvalə edilmişdi».

Bu olayın Kərəm Həsənova baha başa oturacağını bildirən mənbəmiz onu da vurğuladı ki, hətta yaxın günlərdə komitə sədri görəvindən də alına bilər: «Halbuki onun nazir postuna gətirlməsi ideyası da mövcud idi. Yəqin bu ideya Kərəm Həsənovu əməlli-başlı arxayın salıb. Daha fərqinə varmayıb ki, prezident bu mahnı müsabiqəsinə və müsabiqənin tədarükünə çox ciddi önəm verir».

Mənbəmiz onu da bildirdi ki, qara günlərinin heç də uzaqda olmadığını bilən Kərəm Həsənov hal-hazırda başını qoymağa yer axtarır: «Artıq bir neçə nüfuzlu məmurun dəstəyinə ümidli olan komitə sədri hətta fövqəlaə hallar naziri Kəmaləddin Heydərova da işinin yoluna qoyulması üçün ağız açıb».


Geri qayıt