Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GƏNCƏ "QAÇQINKOM"UNDA ÖZBAŞINALIQ

GƏNCƏ "QAÇQINKOM"UNDA ÖZBAŞINALIQ


5-12-2012, 09:01
GƏNCƏ "QAÇQINKOM"UNDA ÖZBAŞINALIQ
QAÇQIN PULUNA KİMLƏR TAMAH SALIR?

Gəncədə məskunlaşan məcburi köçkünlər aldadılır. Onları aldadan isə Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsidir. Daha doğrusu, bu şöbənin rəhbəri Süleyman Abbasovdur. Bu barədə "AzeriNews.org"a məcburi köçkünlər deyir ki, Süleyman Abbasov hə ay onlara verilən ağ nefti mənimsəyir. Qeyd edək ki, hər ay məcburi köçkünlərə 45 litr ağ neft verilir. Amma artıq bir neçə aydır ki, Süleyman Abbasov məcburi köçkünlərə ağ neftin olmadığını deyir. Neftin əvəzinə isə məcburi köçkünlərə pul verilir. Məcburi köçkünlər deyir ki, Süleyman Abbasov onların pulunu da kəsir: "45 litr ağ neftə görə bizə 18 manat pul verilməlidir. Çünki ağ neftin bir litrinin qiyməti 45 qəpikdir. Süleyman Abbasov isə bizə 10 manat pul verir, 8 manatımızı mənimsəyir".
Məcburi köçkünlər həmçinin bildiriblər ki, ağ neftin olmadığına inanmırlar. Onların sözlərinə görə, Süleyman Abbasov onlara ayrılan ağ nefti sahibi olduğu yanacaqdoldurma məntəqəsində satdırır. Məcburi köçkünlər onu da əlavə edib ki, Süleyman Abbasov bu maxinasiyada Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından istifadə edir. Süleyman Abbasov məcburi köçkünlərə deyib ki, guya o, bu iki şəxsin tapşırığı əsasında hərəkət edir: "Bizə deyir ki, Əli Həsənov artıq məcburi köçkünlərə ağ neftin verilməməsi barədə tapşırıq verib. Ona isə bu tapşırığı guya Ramiz Mehdiyev verib. Səbəb də budur ki, guya ölkənin enerji ehiyatları tükənmək üzrədir. Biz isə yaxşı başa düşürük ki, bütün bunlar nağıldır. Dövlət başçısı İlham Əliyev hər yerdə Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu, heç bir böhranın, fövqəladə halın ölkəmizə təsir edə bilməyəcəyini bəyan edir və biz də buna inanırıq. Amma Süleyman Abbasovun sözlərindən belə çıxır ki, prezident yalan danışır. İndi qoy cənab İlham Əliyev də, Ramiz Mehdiyev də, Əli Həsənov da bu şəxs barədə tədbir görsün".
Məcburi köçkünlər "Qaçqınkom"un Gəncə şöbəsində başqa maxinasiyalar barədə bizə məlumat veriblər. Məcburi köçkünlərin sözlərinə görə, şöbə onlara arayışları pulla satır: "Dövlət bizim əvəzimizdən işıq və qaz pulunu ödəyir. Biz də öz növbəmizdə bununla bağlı qaz və işıq idarələrinə arayış təqdim edirik. Süleyman Abbasov həmin arayışı bizə 1-2 manata satır". Özü də Süleyman Abbasov bu maxinasiyaları tək həyata keçirmir. Ona bu işdə qurumun digər rayon şöbələrinin müdirləri yardım edir.
Məcburi köçkünlər ümid edirlər ki, dövlət başçısı və müvafiq qurumlar bu şəxsin özbaşınılığına son qoyacaq. Biz isə araşdırmalarımızı davam etdirəcəyik. Növbəti saylarımızda Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsində baş verənlər barədə əldə etdiyimiz faktları dərc edəcəyik. Bizi izləyin...

Geri qayıt