Əsas Səhifə > Partiya > ABUTALIBOV MƏHKƏMƏ QARŞISINDA

ABUTALIBOV MƏHKƏMƏ QARŞISINDA


14-11-2011, 14:39
ABUTALIBOV MƏHKƏMƏ QARŞISINDA

DİNDARLAR ONDAN PUL DA TƏLƏB EDİRLƏR

Sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasından şikayətçi olan Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasına noyabrın 21-də baxılacaq.

AİP-in sədr müavini Rövşən Əhmədov deyib ki, noyabrın 14-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən cavab məktubu daxil olub. Məktubda iddiaçılara bildirilib ki, sərbəst toplaşmaq azadlığına müdaxilənin qanunsuz sayılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və mənəvi zərərin əvəzinin ödənməsinə dair iddia üzrə işin şifahi məhkəmə baxışı noyabrın 21-i saat 11.00-da başlayacaq.

Etiraz aksiyasını sanksiyalaşdırması üçün meriyaya müraciət edən təşkilat komitəsinin üzvləri - partiyanın sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədr müavini Rövşən Əhmədov adından şikayət ərizəsi oktyabrın 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilib.

İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyanın üzərinə aksiya üçün münasib yerin ayrılması öhdəliyi qoyulması istənilir.

AİP aksiyanı oktyabrın 22-də keçirmək istəyirdi. Mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narazılıq ifadə etmək, ölkədə islamofobiya hallarının qarşısının alınması, məhbus partiya rəhbərləri və ruhanilərin azadlığa buraxılması tələblərini səsləndirmək nəzərdə tutulurdu. Meriya aksiyaya yer ayırmaqdan imtina edib.

Partiya növbəti aksiyanı noyabrın 20-nə planlaşdırıb və bununla əlaqədar yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.


Geri qayıt