Əsas Səhifə > Sosial, Manşet > HAKİM DÜŞƏRGƏNİ İÇİNDƏN SİLKƏLƏYƏN PROSES

HAKİM DÜŞƏRGƏNİ İÇİNDƏN SİLKƏLƏYƏN PROSES


8-12-2012, 13:13
HAKİM DÜŞƏRGƏNİ İÇİNDƏN SİLKƏLƏYƏN PROSES
ELŞAD ABDULLAYEVİN RAMİZ MEHDİYEVƏ HƏDƏFƏ ALMASINDA İLGİNC MƏQAM

Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev Fransadan “Azadlıq” qəzetinə növbəti açıqlamasında birbaşa AR Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi 2005-ci il parlament seçkilərində manipulyasiyalarda ittiham edib.

Bir müddət əvvəl İnternetdə hakim partiyadan keçmiş deputat Gülər Əhmədova ilə deputat mandatı alveri haqqında videoçarx yerləşdirən Abdullayev bu dəfə şəxsən Mehdiyevlə görüşündən, onun 2005-ci il parlamentində ona deputat yeri zəmanəti verdiyindən danışıb.

Mehdiyevlə görüş, rəsmi olaraq 10 noyabrı 2005-ci ildə Binəqəti 8 saylı seçki dairəsindən qalib elan edilməsinə baxmayaraq, Abdullayev parlamentdən kənarda qaldıqdan sonra Prezident Administrasiyasının binasında keçirilib.

Mehdiyev bunu guya Müsavat Partiyasının sədri İsa Qəmbəri parlamentdə görmək istəyən ABŞ səfirliyinin təzyiqi ilə izah edib. Amma Mehdiyevin sözlərindən aydın olub ki, hakimiyyət Qəmbəri heç bir şəkildə parlamentə buraxmayacaqlar, amma 8 saylı dairədən hakimiyyətin öz adamı hesab etdiyi Müsavat üzvü Arzu Səmədbəylini deputat etməyə razılaşıblar.

Abdullayev seçkinin nəticələrindən məhkəməyə şikayət verməyi qərara aldıqda Mehdiyev ona 9-cu Binəqədi seçki dairəsi üzrə parlamentə seçki keçirməyi vəd edib. Bununla əlaqədar Binəqədi rayon icra hakimi Əli Qocayevə tapşırıq verilib, o, şəxsən Abdullayevi qəbul edib və müvafiq zəmanət verib. Amma Abdullayev növbəti dəfə aldadılıb və burada da prokurorluq işçisi Rafael Cəbrayılov “qalib gəlib”.

Ramiz Mehdiyev Abdullayevin bəyanatına operativ reaksiya verərək, onun ifadələrini “növbəti cəfəngiyyat” adlandırıb.

O etiraf edib ki, Abdullayevi nüfuzlu şəxsin xahişi ilə qəbul edib. Onun xahişi isə Beynəlxalq Universitetin taleyi ilə bağlı olub.

Mehdiyev həmçinin Prezident Administrasiyası ilə əlaqəsi olmayan, BU-ya qəbul, saxta diplomların verilməsi zamanı maxinasiyaları və keçmiş rektorun fırıldaqlarını etiraf edib. Amma bu halda məntiqli suallar yaranır: Bütün ölkənin danışdığı BU-dakı maxinasiyaların kimə aidiyatı var idi? Prezident Administrasiyasının nəzarəti altında olan Mətbuat Şurası vasitəsilə BU-dakı mənfi halların üstünü açan jurnalistləri kim təqib edirdi? BU və Abdullayevə kim “hamilik” edirdi.

Tərəflərin açıqlamaları Azərbaycan dövlət sisteminin yüksək səviyyədə tənəzzülündən xəbər verir: BU rektoru deputat mandatının da, ali məktəb diplomunun da pulla alınmasını, administrasiya rəhbəri isə Abdullayevin maraqlarını təmsil edən nüfuzlu şəxsin xahişlərini təmin etməyi norma hesab edir.
TURAN İNformasiya Agentliyi
Geri qayıt