Əsas Səhifə > Güney Press, Araşdırma > DAHA BİR YAP-ÇI OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI

DAHA BİR YAP-ÇI OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI


11-12-2012, 09:24
DAHA BİR YAP-ÇI OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI
"KİMSƏ VƏZİFƏDƏ QOCALMAMALIDIR"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərovun AzNews.az-a müsahibəsi:

- Son vaxtlar siyasi fəaliyyətiniz diqqət çəkmir. Siyasətdən getmisiniz?

- Siyasi fəaliyyətimi əvvəlki kimi davam etdirirəm. Yeni Azərbaycan Partiyasını yaradanlardan biri də mənəm və ilk gündən də partiyadayam.

- Bir ara sizin “vurulmanız” barədə mətbuatda fikirlər yayıldı.

- Belə hallar insan həyatında ola bilər və hər kəs buna öz baxışından mövqe bildirir. Mənim belə bir “vurulmağım” olmayıb, sadəcə olaraq kiçik hadisə baş vermişdi və o da dərhal cənab prezident tərəfindən yoluna qoyuldu. Mən bu məsələnin üzərinə bir daha qayıtmaq istəmirəm. Bu hadisə köhnə olduğu üçün mən bunu yada belə salmıram.

- Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının həmsədri Söyün Sadıqov “Milyarderlər İttifaqı” yaradılandan sonra iqtidarın fəaliyyətini ciddi tənqid edən çıxışları ilə yadda qalıb. Onun bu cür fikirlərini siz necə qarşılayırsız?

- Vallah, mən Söyün Sadıqovu həyatda görməmişəm, ancaq qəzetlərdə şəklini görmüşəm. Bu yeni hadisədir və onlardan biri şəxsən mənim tanıdığım Abbas Abbasovdur. Mən A.Abbasovla baş nazirin birinci müavini olan zaman müəyyən tədbirlərdə görüşmüşəm. Onlar bəyan edirlər ki, biz prezidentimizə və dövlətimizə xələl gətirən hərəkətlər etməmişik. Amma digər tərəfdən də görürəm ki, onlara qarşı reaksiyalar var və onların addımları pislənilir. Görünür ki, bunun zamana ehtiyacı var. Şəxsən mənim üçün bu məsələnin aydınlaşmasına zaman lazımdır.

- Bəzi məlumatlar da yayıldı ki, guya Rusiya Gürcüstanda İvanişvili kimi Azərbaycanda da öz namizədini rəhbərliyə gətirmək istəyir...

- Mən hesab edirəm ki, Rusiyanın “İvanişvili fəndi” ikinci dəfə baş tutmayacaq. Bu idmanda da, həyatda da belə olur. Mən Söyün Sadıqov haqqında hər hansı məlumata malik deyiləm. Ona görə də bu adam haqqında başqa fikir bildirə bilmirəm.

- Azərbaycan iqtidarını tənqid edənlərdən biri də Rüstəm İbrahimbəyovdur…

- Rüstəm İbrahimbəyov azərbaycanlı kimi beynəlxalq zirvələrə qalxıb. Ramiz (red: Mehdiyev) müəllimin də onun barəsində fikirləri olub. İndi onun barəsində müəyyən müzakirələr gedir və sairə. Partiyamızda onunla bağlı müzakirələrdə mən iştirak etməmişəm. Əgər etsəydim, o zaman mən də öz sözümü deyərdim. Mənim R.İbrahimbəyovla əlaqələrim olmayıb, ancaq kənardan-kənara bir-birimizi görmüşük. Mən onu belə tanıyıram. Onun da məni tanıdığını bilmirəm.

- Yəqin mətbuatdan da tanışsınız, Rüstəm İbrahimbəyov islahatların aparılmasını istəyir. Bir vaxtlar siz də islahatların aparılmasını istəmisiniz…

- “İslahat” və “yeniləşmə” sözlərini bir dəfə mən də dedim və ciddi etirazla qarşılandım. Əlbəttə ki, islahatlar və yeniləşmə hər gün olmalıdır. Mən bir il bundan qabaq bu sözləri deyəndə çox ağır ittihamlarla üzləşdim. O zaman mən demişdim ki, dünyada hər şey yeniləşməlidir, yeniləşməyən təkcə qanundur. Bu təkcə mənim sözüm deyil, bu sözün 1000 illik tarixi var. Bu sözə görə mən heç kəsi tənqid edə bilmərəm.
Bu sözü mən təqribən 7 il bundan qabaq Milli Məclisdə də demişdim. Özü də mən o zaman bu sözün müəllifinin adını parlamentdə çəkmədim. O zaman Milli Məclisdə demişdim ki, idarəetmə sənətinin əsas vəzifəsi ondan ibarətdir ki, heç kəs öz vəzifəsində qocalmamalıdır. Bunun axı nəyi pisdir? Mən o zaman buna səfirləri misal çəkmişdim. Mənə görə, səfir çalışdığı ölkədə çox qalmamalıdır. İmkan verilməməlidir ki, səfir bir ölkədə çox fəaliyyət göstərsin. Çünki səfir bir ölkədə çox qalarsa, o zaman həmin ölkədə biznes fəaliyyətilə də məşğul ola bilər. Buna görə də əksər ölkələrdə səfir 3-4 il fəaliyyət göstərir, sonra yeri dəyişdirilir. Səfir yalnız və yalnız dövlətin mənafeyini qorumalıdır, səfirin öz mənafeyi “sıfır” olmalıdır. Amma səfir bir ölkədə 15 il işləyəndən sonra əlbəttə ki, öz mənafeyi üçün çalışacaq və dövlətin mənafeyi yaddan çıxacaq. İdarəetmənin də əsas tələbi odur ki, heç kəs öz vəzifəsində qocalmamalıdır. O vaxtı mənim bu cür fikirlərimdən sonra dostum olan Məmməd Nərimanoğlunu Türkiyədən geri çağırıb İspaniyaya səfir göndərdilər. Onda buna hər ikimiz də çox sevindik. Bu mənada yeniləşmək lazımdır.

Amma məmuru öldürmək də olmaz, məmuru bacarığına görə irəli çəkmək lazımdır. Bundan Azərbaycan xalqı da qüdrətlənər.

Bunu kimin deməsindən asılı olmayaraq yeniləşmək vacibdir. Hətta evdəki mebellərin də yerini ildə bir dəfə dəyişmək lazımdır. Bu insanın ovqatını qaldırır.

Geri qayıt