Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYANDA MƏMUR ÖZBAŞINALIĞI

SALYANDA MƏMUR ÖZBAŞINALIĞI


14-12-2012, 11:28
SALYANDA MƏMUR ÖZBAŞINALIĞI
POLİS RƏİSİ LİFTİ ÖZƏLLƏŞDİRİB

Salyan şəhərinin Xəlil Rza Ulutürk prospekti, 32 ünvanında 9 mərtəbəli yaşayış binası yerləşir. Bina çoxmərtəbəli olduğundan, onun hər iki blokuna lift quraşdırılıb və bu qurğular uzun illərdən bəri sakinlərin ümumi istifadəsində olub. Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədli Salyan Rayon Polis Şöbəsinə rəis təyin olunandan sonra bu binanın 4-cü mərtəbəsindəki mənzillərdən birini alıb. Liftin tez-tez xarab olması polis rəisini hövsələdən çıxarıb. Növbəti dəfə onu öz hesabına təmir etdirən F. Məmmədli, bu qurğudan təkbaşına istifadə etmək qərarına gəlib. Liftin qapısı kilidli, kilidin açarı isə polis rəisində olduğundan, yuxarı mərtəbələrdə yaşayanlar mənzillərinə pilləkənlərlə qalxmalı olur.

Tia.az- a məlumat verən mənbə bildirir ki, bu yaxınlarda 9-cu mərtəbədə yaşayanlardan biri vəfat edib və onun ailə üzvlərinə başsağlığı verməyə gələn ahıl yaşlı insanlar çətinliklə üzləşib. Həmin vaxt qonşular F. Məmmədlidən, heç olmasa bir həftə müddətində liftdən hamının istifadə etməsinə şərait yaratmasını xahiş ediblər. Amma polis rəisi onların bu xahişini də rədd edib. Belə olduqda vətəndaşlar yerli icra hakimiyyətinə kollektiv formada yazılı müraciət ünvanlayıblar. Adının açıqlanmasını istəməyən bina sakinlərindən biri Salyan RİH səviyyəsində bu məsələnin yoluna qoyulacağına inanmadığını bildirir: “Fuad Məmmədli təhlükəsizliyini qorumaq üçün mənzilinin prospektə və yan tərəfə açılan pəncərələri önünə dəmir tor çəkdirib. Rayonun mərkəzi küçələrində abadlıq işi aparılarkən bu binanın da fasadı yeniləndi. Amma polis rəisi şəhərin görkəminə xələl gətirən bu dəmir torların sökülməsinə imkan vermədi.”

Salyan Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin rəisi Elşən Hüseynov binanın onların müəssisəsinin balansında olduğunu bildirsə də, oradakı liftlərdən birinin bir mənzil sahibi tərəfindən təkbaşına istifadə edilməyindən bixəbər olduğunu dedi: “O, tez-tez xarab olurdu. Axırıncı dəfə iki il əvvəl biz Bakıdan mütəxəssis dəvət edib onu təmir etdirmişdik. Amma az vaxt keçməmiş yenidən sıradan çıxdı. O blokda yaşayanlar günahı başqa şəxsdə yox, elə özlərində axtarsınlar. Liftdən elə istifadə edirlər ki, buna dəmir də dözmür. Nə vaxt gedib baxırdıq, içərisi tualetdən fərqlənmirdi. Bununla belə, lift heç kəsin icarəsinə və ya mülkiyyətinə verilməyib, əvvəlk tək ümumi istifadədir.”

Salyan sakinləri onu da bildirir ki, polis rəisi bu mənzildən çox az hallarda istifadə edir: “Onun Bakı-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, Kür çayının körpüsü altındakı meşə massivində də villası var. Bundan əlavə, rayonun Şorsulu kəndində yüz hektarlarla sahədə “ofşor zona” yaradıb. Hər tərəfdən kənarları dəmir torlarla bağlanan, ciddi mühafizə olunan əraziyə asfalt yol çəkilib, burada ucu-bucağı görünməyən balıqçılıq təsərrüfatı, istixanalar fəaliyyət göstərir. Fuad Məmmədlinin bu obyektdə də istirahət evi var.”

Geri qayıt