Əsas Səhifə > Partiya > KİMİN GƏNCLƏRİ DAHA GÜCLÜDÜR?
KİMİN GƏNCLƏRİ DAHA GÜCLÜDÜR?14-12-2012, 11:39 |
GƏNCLƏR SOSİAL ŞƏBƏKƏLƏRDƏN DANIŞDI Siyasi arenada olan gənclərin sosial şəbəkələrdəki fəaliyyətləri hansı səviyyədədir? Bu onlara nələri vəd edir? Modern.az siyasi partiyaların gənclər təşkilatlarından bu suallara cavab istəyib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov bir çox insanların, o cümlədən gənclərin sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniyaya, təbliğata yol verməsini kəskin tənqid edib. “Sosial şəbəkələr biz gənclərin həyatının ayrılmaz tərkib hissələridir. Müsbət tərəflərindən biri də odur ki, insanlar istədikləri xəbərləri paylaşa bilirlər. Eyni zamanda məsafə baxımından fərqin hiss edilmədiyi bir “dünyadır”. Amma təəssüflər olsun ki, bir qrup gənc bu imkanlardan dövlətimiz əleyhinə istifadə edirlər. Azərbaycana qara yaxmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu yaxşı qarşılanacaq bir hal deyil, həmin gənclər bu mövqedən əl çəkməlidirlər. Ermənilərin, başqa Azərbaycana qarşı siyasət aparan qüvvələrin çörəyinə yağ yaxmaqla heç bir irəliləyiş əldə etmək olmaz. Düşünürəm ki, müsbət mənada yazılar, xəbərlər yazılmalıdır”. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı hesab edir ki, sosial şəbəkələr gənclərə geniş imkanlar açır, mətbuatda, radioda, televiziyada deyə bilmədiklərini bu məkanda ifadə edirlər. “Sosial şəbəkələrdə gənclərin aktivliyinə müsbət yanaşırıq. Bu gün Azərbaycanda sosial şəbəkələrdən istifadə edən gənclərin fəaliyyəti qənaətbəxşdir. Burada olan yazışmalar, fikirlərini sərbəst bildirmələri, onlarda daxili demokratiyanı formalaşdırır. Eyni zamanda sosial şəbəkələr onlar üçün alternativ məkandır. Telekanallarda, radioda, mətbuatda gənclərin çıxış etmək imkanları məhduddur. Yalnız müəyyən şərtlər daxilində KİV-ə çıxışları var. Sosial şəbəkələrdə isə bu sərhəd yoxdur. Ona görə də demək olar ki, gənc siyasilərin, ümumiyyətlə gənclərin Facebook, Tvitter-dəki fəaliyyətləri müsbət tendensiyadan xəbər verir. İnsanların birlikdə virtual aləmdə yığışıb müzakirələr aparması birinci mərhələdir. İkinci mərhələdə diskussiya apardıqları mövzuların həlli istiqamətləri gündəliyə gələcək, üçüncü etapda isə artıq real hərəkətə keçmək şansları olacaq. Düşünürəm ki, siyasi, ictimai baxımdan mühüm olan problemlərin çözümündə gənclərin rolu özünəməxsusdur. İstərdim ki, bütün gənclərin internetə və sosial şəbəkələrə çıxışı təmin edilsin. Ucqar kəndlərdə yaşayan əhalinin də vəziyyətində müsbət dəyişiklik edilməsi yönündə addımlar atılsın. Bununla da daha inkişaf etmiş Azərbaycan sahib olaq”. Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri Ramin Hacılının fikrincə, gənclər sosial şəbəkələrdə özüniifadə mədəniyyətini formalaşdırırlar. “Azərbaycanda sosial şəbəkələrdə aktivlik görünməkdədir. Bu çox yaxşı haldır. İnsanların dünyaya çıxışı təmin olunur. Baş verən proseslərlə yaxından tanış olmaq üçün alternativ variantlardan biridir. Biz insanların sosial şəbəkələrə qoşulması üçün çalışmalıyıq. Çünki burda özünüifadə imkanları genişdir, bunu özlərində formalaşdıra bilərlər. Ona görə də bu halı müsbət qiymətləndirirəm. Televiziya və çap mediasından fərqli olaraq burda münasibət bildirmə sərbəstliyi mövcuddur. Hər bir hadisəyə öz şərhini verə bilir, müzakirələrə daxil olurlar”. Ümid Partiyası sədrinin gənclər məsələləri üzrə müavini Ruslan İzzətlinin fikrincə, ictimai və siyasi sektor sosial şəbəkələrin yararlı olmasından daha çox istifadə edir. “Bizim siyasi proseslərdə aktivliyimizə sosial şəbəkələrin böyük təsiri var. Bir çox insanlar bizim partiyamızın siyasi xəttinə qoşulmaq üçün burda bizə “qovuşurlar”. Çünki teledebatlarda, buna imkan yaradılmır. Bizim baxışlarımızı efirə verəcək verilişlər demək olar ki yoxdur. Qəzetlərdə isə ikiqütblülük yaranıb. Ona görə də Facebook, Tvitter-dən istifadə etmək bizə daha geniş nailiyyətlər qazandırır. Bloqları da bura daxil etmək olar. Amma az sayda gənc burda ciddi işlərlə məşğul olurlar, çoxu tanışlıq, əyləncə məqsədilə istifadə edir. Hərənin öz seçimi var, buna hörmətlə yanaşırıq”. Geri qayıt |