Əsas Səhifə > Sosial, Manşet > RAUF HƏBİBOVDAN QUBALILARIN BOYNUNA AĞIR YÜK

RAUF HƏBİBOVDAN QUBALILARIN BOYNUNA AĞIR YÜK


14-12-2012, 12:33
RAUF HƏBİBOVDAN QUBALILARIN BOYNUNA AĞIR YÜK
DEVRİLMİŞ İCRA BAŞÇISININ BU JESTİNƏ NECƏ CAVAB VERİLƏ BİLƏR?

DİA.AZ: - Məlum olduğu kimi, 1 Mart Quba olayları ilə bağlı qurulmuş məhkəmə prosesi başa çatıb. Proses nəticəsində 7 nəfər azadlığa buraxılıb, 2 nəfər isə azadlıqdan məhrum edilib.

Xəbərə görə, Quba Rayon Məhkəməsində bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan 9 nəfərə bu gün hökm oxunub.

Hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Fayizi Səxavət Ağahüseyn oğlu 5 il, Yunusov Xəyyam Sahib oğlu isə 4 il müddətinə azadlıqdan məhrum edilib, təqsirləndirilən digər 7 nəfərə isə 3 il şərti iş kəsilib.

Qeyd edək ki, bu ilin martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Qəribov Tapdıq Tacı oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, İlyasov Rəşad Tahir oğlu, Məhərrəmov Elgün Nadir oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu və Mürşüdov Rafiq Vahid oğlu və Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirdilər.

Prokuror məhkəmədən Fayizi Səxavət Ağahüseyn oğlunun 6 il, digər təqsirləndirilən 8 nəfərin isə 5 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000-ə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə bir yumşaq hökmün çıxarılmasında qubalıların devirdiyi keçmiş icra başçısı Rauf Həbibovun müstəsna xidmətləri olub. Məlumatlı mənbə iddia edir ki, Rauf Həbibov bununla bağlı şəxsən yuxarı orqanlara müraciət edib: «Hətta ola bilsin ki, həbsdə olanlara yardım da göndərsin».

Hər halda, Rauf Həbibovun belə bir addımı atdığı təsdiqlənərsə, o zaman qubalıların bunun qarşılığında necə davranacağı çox maraqlı olacaq. Çünki həqiqətən də Rauf Həbibov həmin proses zamanı açıq şəkildə qurban verilmiş birisi kimi diqqətə gəldi. Onun etdiyi çıxışın isə konteksdən çıxarıldığı artıq tam sübuta yetirilib.

Geri qayıt