Əsas Səhifə > Partiya > İSA QƏMBƏRİN DEDİYİ OLDU
İSA QƏMBƏRİN DEDİYİ OLDU17-12-2012, 14:57 |
“Yenidən təşkil edilən görüşlə bağlı bizə rəsmi müraciət edilməyib. Belə bir təklif olarsa, biz bunu dəyərləndirəcəyik”. Bunu AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov “Əli Kərimli “8-lik”in növbəti görüşündə iştirak edəcəkmi” sualını cavablandırarkən deyib. O qeyd edib ki, həmin partiyalarla vahid namizəd məsələsi müzakirə edilmir: “İctimai Palatanın qərarına əsasən vahid namizəd məsələsi müzakirələrdən çıxarılıb. Seçkiyə 10 ay qalıb. Qarşıya qoyduğumuz məqsəd seçki mühitinin demokratikləşməsi, seçki məcəlləsinin dəyişdirilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi istiqamətində bütün partiyalarla əməkdaşlıq etməkdir. Bu məsələləri həll edəndən sonra İctimai Palatada namizəd məsələsi müzakirəyə çıxarılacaq. Digər partiyalarla da bu məsələ istiqamətində danışıqlar aparacağıq. Biz İP-də olmayan partiyalarla funksional əməkdaşlıq edirik. Ona görə onların belə dəvətlərindən imtina etməyəcəyik”. Xatırladaq ki, dekabrın 7-də paytaxtdakı “Asiman” restoranında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Ümid partiyasının rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev iştirak ediblər. Partiya sədrlərinin növbəti görüşü AMİP sədri Yusif Bağırzadə tərəfindən təşkil olunacaq. Görüşün vaxtı və məkanı hələlik dəqiq bilinmir. Geri qayıt |