Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRBAYCAN" NƏŞRİYYATINDA "QİYAMƏT GÜNÜ"

"AZƏRBAYCAN" NƏŞRİYYATINDA "QİYAMƏT GÜNÜ"


21-12-2012, 11:18
"AZƏRBAYCAN" NƏŞRİYYATINDA "QİYAMƏT GÜNÜ"
BORCU OLAN QƏZETLƏRƏ QARŞI TƏDBİR

Bu gün səhər tezdən işə gələrkən beynimdə dünyanı lərzəyə salan bu günkü qiyamət günü barədə fikirləşirdim. Baxıram, hamı bir-biri ilə çox mehribandır. Deməli, dar gündə-qiyamət günündə insanlar mehribançılıqla, bir-birini yola verməklə təsəlli tapır.


Əslində, dünyanı deyə bilmərəm, dünən axşamdan mən şəxsən özüm qiyamət gününü gördüm-Keçmiş «Qələbə» meydanı adlanan ərazidən Ziya Bünyadov prospekti istiqamətində gedərkən avtobusumuz düz 2 saat «propka»da qaldı… Sonra daha 2 saat da Binəqədi yolunda… Evə çörək və süd almışdım. Uşaqlar hər on dəqiqədən bir zəng edirdilər ki, «Ata harda qalmısan, acından ölürük! Bir az da gec gəlsən «aboy»ları yeyəcəyik…». Mən isə avtobusdakı sıxlıqdan və sərnişinlərin əsəbləşmiş can istisindən çürüyən südün heyfini bilmirdim kimdən çıxım. Son manatım da belə getmişdi və axşam evə çatanda uşaqlar artıq yatmışdılar… Bu səhər yuxudan duranda isə sevindim ki, heç olmasa yer kürəsi bu gün-21 dekabrda hələ salamatdır.


Gəldim işə- «Azərbaycan» nəşriyyatına. Polis əmkdaşları dedilər ki, «Tapşırıq belədir: kommunal borclar ödənilməsə heç kimi binaya buraxmayaq!».


Bax, həqiqətən də əsil qiyamət günümüz başlamışdı. Mən başqa mənbələrdən və ya KİVDF-dən hər il 100-120 min manat pul çırpışdırmayan qəzetlər üçün qiypamətin başlandığını deyirəm. Çünki əvvəla, ay başa çatmayıb, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində mehribançılıq əvəzinə gecə yatıb səhər yuxudan duran polisin birdən-birə belə söz deməsi məni şoka saldı. Ən azı bunu bir-iki gün əvvəl demək olardı. Yaxud, ən azından bunu bu gün-21 dekabr Qiyamət Günündə yox, başqa günlərdə, məsələn, sabah, o biri gün demək olardı. Bəlkə, iraq-iraq, sabaha sağ çıxmadıq… Axı, bu gün uşaqlara mütləq süd və bir kq ət almağa söz vermişəm və axşama kimi mütləq tıxaca düşmədən çatdırmalıyam… Pulu da sağ olsun, bu günkü qiyamət günündə qonşumdan almışam.


Maraqlıdır, qonşum mənə 10 manatı qıyıb verdi, amma 20 ildi kommunal pul ödədiyimiz nəşriyyat rəhbərliyi hələ qabaqdakı 10 günün kommunal pulunu bu gündən tələb edir. Özü də bu qiyamət günündə. Ən azı, bunu sabah da demək olardı…


Nə isə. Demək istəyirəm ki, onsuz da müstəqil KİV-lər üçün iyirmi ildi elə qiyamət günüdür. Əslində, dövlətimizin balansında olsa da, dövlətdən nə səbəbdəndirsə bir manat yardım almayan içi təmirsiz, dağılıb gedən nəşriyyatımız da çoxdan qiyamət günündədir… Eybi yox, qoy biri də bu gün olsun. Amma gerçəkdən, bunu başa düşmək çox çətindir. Axı biz, bu binada ömür çürüdənlər bilirlər ki, 20 ildir koridorlardakı tualet iyini içimizə çəkir və borc tələblərindən qorxub nəfəsimizi içimizə çəkirik. Həm də içimizə çəkilmişik, gözü qıpıq olmuşuq, yazılarımız kimi…


İbrahim


P.S.İnsafla desəm, nəşriyyat rəhbərliyini də qınamıram. Kommunal borcları verilməlidir, amma həm də nəzərə alaq ki, bunu üçün hələ ayın və ya ilin sonuna 10 gün var… Bir də, az qala Afrikaya borc verən dövlətimiz niyə balansında olan nəşriyyata da əl tutmasın?! Mətbuatımızın inkişafı naminə. Hətta KİVDF-dən yardım alan uzun siyahıdakı ikicə qəzeti çıxdaş edib pulunu nəşriyyata vermək olar ki…
\ tezadlar \
Geri qayıt