Əsas Səhifə > Sosial, Manşet > SABİRABADDA ANA AZYAŞLI QIZINI SATIB

SABİRABADDA ANA AZYAŞLI QIZINI SATIB


16-11-2011, 11:59
SABİRABADDA ANA AZYAŞLI QIZINI SATIB

POLİSİN MƏSƏLƏYƏ LAQEYDLİYİ BİZİ ŞOKA SALDI...

DİA.AZ: - "...Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideyinləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideyinlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir". (Uşağ haqqında qanun. Maddə 12.)

...Bu günlərdə redaksiyamıza Sabirabad rayonunun Minbaşı kəndində yaşayan 13 yaşlı Günel (ad şərtidir) tərəfindən yazılmış bir şikayət ərizəsi daxil olmuşdu. Ərizəni həyacansız oxumaq mümkün deyil.

Günel yazır: "...2011-ci ilin yay aylarında anam, anamın tanıdığım rəfiqəsi və rəfiqəsinin qızı məni məcburən maşına mindirib Bakı şəhərinə gətirdilər. Orada məni tanımadığım bir evə apararaq Türkiyə Respublikasının vətəndaşı olan Hüseyn adlı bir adama satdılar. özləri isə geri qayıtdılar. Məndən başqa orada daha 5 azərbaycanlı qız var idi. Hər gün Hüseyn mənə təcavüz edirdi. Mən isə buna imkan vermədiyim üçün o məni hər gün döyürdü. Bu vəziyyətdə orada 10 gün qaldım. Sonra qızların birinin telefonunu ələ keçirərək Sabirabad rayonunun Minbaşı kəndində olan rəfiqəmə zəng etdim və məsələni ona anlatdım. Rəfiqəm və qonşumuz olan bir qadın Bakıya gəlib məni həmin evdən götürdülər (Maraqlıdır, Günelin qonşusu və rəfiqəsi bu evi haradan tanıyırmış? Red.)"

Günel daha sonra yazır: "...Atam da öz növbəsində Sabirabad rayon RPŞ Qaragüney polis bölməsinə şikayət etmişdi. Sahə müvəkkili gələrək məni polis bölməsinə apardı. İzahat alındıqdan sonra xəstəxanaya apararaq qadın həkiminə göstərdilər. Həkimin verdiyi rəyə əsasən mənim bakirə olduğum təsdiq olundu. Ancaq nədənsə hadisənin avqust ayında baş verməsinə baxmayaraq bu günə qədər cavabdeh şəxslər polis tərəfindən nəinki məsuliyyətə cəlb olnumayıb, əksinə, polis işi bağlayaraq arxivə verib...".

Sabirabad rayon Polis Şöbəsi Qaragüney polis bölməsində apardığımız araşdırmada maraqlı suallar ortaya çıxdı. Sorğumuza cavab olaraq bildirdilər ki, həqiqətən də Minbaşı kəndində yaşayan 13 yaşlı Güneli anası və digər 2 qadın Bakı şəhərinə apararaq Türkiyə Respublikasının vətəndaşına vermişdir: "...Ancaq biz nə edək ki, haqqında söhbət gedən Türkiyə vətəndaşı respublikamızın ərazisini tərk etmişdir. Onun üçün də biz bu cinayət işinə xitam verdik". Nədənsə polis bölməsi Günelin anası və cinayətdə əli olan digər 2 qadın haqqında da hansısa tədbirləri görməyib, bu barədə bizə heç bir məlumat vermədilər. Əslində, verə də bilməzdilər. çünki bu qadınlar azadlıqda gəzirlər. Kim deyə bilər ki, onlar yenə də belə çirkin əməllərlə məşğul deyillər.

Sabirabad rayonunda uşaq hüquqlarının pozulması bununla bitmir. Rayonda uşaq əməyinin istismarı baş alıb gedir. Elə bu yaxın günlərdə haqqında söhbət gedən Minbaşı kəndinin bələdiyyə sədri Urfulla Qocayevin qanuna zidd hərəkətlərinin şahidi olduq. Belə ki U.Qocayev onlarla azyaşlı məktəbli uşaqlarını traktor qoşqusuna yığaraq özünə məxsus olan çuğundur və pambıq tarlalarında işləməyə aparırdı. Biz öz vətəndaş mövqeyimizi və etirazımızı U.Qocayevə bildirəndə o, üstümüzə hücum çəkdi və utanmadan bildirdi: "Bələdiyyə sədri mənəm, özüm bilərəm. Əlinizdən gələni əsirgəməyin...".

Bizim də əlimizdən gələn iş yalnız dövlətin aidiyyatı qurumlarını məlumatlandırmaqdır. Hesab edirik ki, Sabirabad rayon İcra Hakimiyyətinin azyaşlılar və yeniyetmələrin hüquqlarının qorunması ilə məşğul olan məlum komissiya üzvləri Minbaşı kəndində baş verən hüquq pozutularına qarşı qanunun gücünü tətbiq edəcəklər.

Mövzuya qayıdacağıq.


Geri qayıt