Əsas Səhifə > Sosial, Manşet > ORTA MƏKTƏBLƏRDƏ YENİ İL TALANI DAVAM EDİR

ORTA MƏKTƏBLƏRDƏ YENİ İL TALANI DAVAM EDİR


24-12-2012, 11:13
ORTA MƏKTƏBLƏRDƏ YENİ İL TALANI DAVAM EDİR
ŞADLIQ EVLƏRİ İLƏ MƏKTƏB DİREKTORLARININ ƏLBİR OLDUĞU YENİ BİZNES

DİA.AZ: - Yeni ilin yaxınlaşması heç də hər kəsin ürəyincə deyil. Əslində normalda insanlar yeni ilə yaşadıqları problemlərin bitməsi üçün bir yenilik fürsəti kimi baxırlar. Amma bizdə heç də belə deyil və bu gün təhsil sistemində yaşadığımız biabırçılıqlar da valideynlərin yeni il sevincini, yeni il ümidlərini elə beşiyindəcə boğmaqdadır.

DİA.AZ-a müraciət edən Bakı sakini Əhməd Vəlizadə bildirir ki, Bakıdakı orta məktəblərin birində 3 övladı təhsil alır: «Onların üçü də azyaşlıdır və hər üçünü oxutdurmaq olduqca çətindir. Artıq məktəbdə müəllimlərin müxtəlif adlar altında pul yığmalarından cana doymuşuq. Ailəmizin boğazından kəsib müəllimlərin pul tələblərini ödəməklə məşğuluq. Hər şeyi övladımız üçün etdiyimizdən səsimizi də çıxarmırıq».

Amma artıq bıçağın sümüyə dirəndiyini deyən valideyn bildirir ki, indi də yeni il şənliyi bəhanəsi ilə hər üç övladından pul tələb olunur: «Təsəvvür edin ki, pulu verməyən, tədbirə qatılmayan şagirdləri rüblük qiymətlərin aşağı olacağı ilə hədələyirlər. Yəni valideynlər də məcbur qalıb pulu verməli olurlar. Amma mənim belə bir imkanım yoxdur. Çünki məktəblə yanaşı, mən evimdə, ailəmlə birgə də yeni ili qeyd etmək istəyirəm, evimdə yeni il süfrəsi açmaq istəyirəm. Amma belə gedərsə, arzum ürəyimdə qalacaq».

Övladlarının təhsil aldığı məktəbin yeni il şənliyini Bakıdakı şadlıq evlərinin birində qeyd edəcəyini bildirən valideyn daha sonra yazır: «İndi şadlıq evlərinin qara günləridir. Məhərrəmlik ayı olduğundan toy edən yoxdur. Ona görə də yeni il onlar üçün fürsət olub. Və işbaz məktəb direktorları da şadlıq evləri ilə əlbir olaraq valideynləri talayırlar. Təsəvvür edin, bir şagirddən yeni il tədbiri üçün 30 manat pul istəyirlər. Mənim də 3 övladım var və hər üçü üçün 90 manat pul verməliyəm. Övladlarımdan biri birinci sinfə gedir və valideynin onunla bərabər olması lazımdır. Yəni əgər bir valideyn iştirak etmək istəyirsə, o da eyni qaydada 30 manat verməlidir. Yəni ən azından bizim ailə 120 manat pul vermək zorundadır ki, övladlarımın rüblük qiymətləri ədalətsizcəsinə kəsilməsin».

Maddi durumunun ağır olduğunu bildirən valideyn təhsildəki bu özbaşınalıqlara nə zaman son qoyulacağını da portalımız vasitəsilə əlaqədar təşkilatlardan soruşur.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt