Əsas Səhifə > Partiya > "RƏSUL BƏYƏ MƏSLƏHƏT GÖRƏRDİM Kİ"...

"RƏSUL BƏYƏ MƏSLƏHƏT GÖRƏRDİM Kİ"...


24-12-2012, 12:51
"RƏSUL BƏYƏ MƏSLƏHƏT GÖRƏRDİM Kİ"...
MÜSAVAT KEÇMİŞ SPİKERƏ CAVAB VERDİ

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri (ACP) Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. Eks-spiker Modern.az-a açıqlamasında prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu onun diqqət mərkəzində deyil.

“O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir. Ona görə onların arasında və ya İctimai Palatada baş verənlər ümumiyyətlə mənim diqqət mərkəzimdə deyil. Yeganə arzum onların hamısını bir tavan altına toplamaq idi, o da alınmadığından artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm”, - deyə ACP lideri vurğulayıb.

R.Quliyev daha sonra bildirib ki, İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz. “Çünki normal məntiqlə iş görmürlər”.

Rəsul Quliyevin bəyanatına münasibət bildirən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Musavat.com-a açıqlamasında bildirib ki, nəinki İsa Qəmbər və Əli Kərimli, hətta, müxalifətin daha az tanınan nümayəndələri də azad və ədalətli seçkilərdə qalib gəlmək şansına malikdirlər. Onun sözlərinə görə, ədalətli seçkilərdə seçicilər hazırkı hakimiyyətin namizədinə səs verməyəcəklər. O ki qaldı hazırkı şəraitə, Tofiq Yaqublu hesab edir ki, belə vəziyyətdə hansısa alternativ namizədin qalib gəlməsi qeyri-mümkündür: "Normal seçki mübarizəsi üçün Azərbaycanda ciddi ictimai-siyasi dəyişiklik olmalıdır".

Müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı polemikalara gəldikdə, Tofiq Yaqublunun fikrincə, bu statusa ən layiqli namizədlər İsa Qəmbər və Əli Kərimlidir.

Tofiq Yaqublu Rəsul Quliyevin guya nə vaxtsa müxalifət liderlərini "bir tavan altına toplamaq" səyləri ilə bağlı fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, Rəsul Quliyevin belə səylərini xatırlamır. Əksinə, ACP lideri hər zaman müxalifət daxilində nifaq salmağa, mübariz insanları ruhdan salmağa yönələr bəyanatlar verib: "Onun çıxışları həmişə bədbin ruhda olub. Mən Rəsul bəyə məsləhət görərdim ki, Azərbaycana gəlməyə, ölkədə demokratik mühitin yaranmasına çalışsın, ruh düşgnlüyü yaratmağa yox".

Geri qayıt