Əsas Səhifə > Partiya > ELDAR NAMAZOVDAN MÜXALİFƏTƏ ÇAĞIRIŞ

ELDAR NAMAZOVDAN MÜXALİFƏTƏ ÇAĞIRIŞ


25-12-2012, 10:39
ELDAR NAMAZOVDAN MÜXALİFƏTƏ ÇAĞIRIŞ
"HAMI BİR ADDIM GERİ ÇƏKİLMƏLİDİR"

“Media forum” saytının suallarını Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan politoloq Eldar Namazov cavablandırır.

- Ziyalılar Forumunun 2013-cü il prezident seçkisində namizəd irəli sürməsi gözlənirmi?

- Noyabrın sonunda Ziyalılar Forumunun prezident seçkisi ilə bağlı xüsusi bəyanatı oldu. Həmin bəyanatda forumun məqsədləri də açıqlandı. Bəyanata aparıcı siyasi partiyalardan dəstək gəldi. Həmin bəyanatda hər şey konkret göstərilib. Ziyalılar Forumu hesab edir ki, növbəti prezident seçkisi Azərbaycan xalqı üçün taleyüklü seçki olacaq və forum bu seçkidə Azərbaycan xalqının iradəsinin qalib gəlməsi, ölkədə demokratik və ədalətli seçkinin keçirilməsi üçün öz nüfuzundan, imkanlarından maksimum istifadə edəcək. Mən hesab edirəm ki, bu, kifayət qədər aydın mövqedir.

Azərbaycan mətbuatında 2013-cü il seçkisində iştirakla bağlı Ziyalılar Forumunun ayrı-ayrı üzvləri haqqında müxtəlif versiyalar səslənir. Ziyalılar Forumunun təsisçilərinin əksərinin adı prezidentliyə namizəd kimi hallanıb. Ancaq forumun bir qurum olaraq seçkiyə qatılmaq, namizəd irəli sürmək fikri yoxdur. Düzdür, bizdə hər bir qərar konsensusla qəbul olunur və hansısa məsələ müzakirə predmeti olmayıbsa, onun haqqında forumun üzvləri yalnız şəxsi fikirlərini söyləyə bilərlər. Mənim fikrimcə, Ziyalılar Forumu əvvəlki bəyanatlarında ifadə etdiyi mövqeni saxlayacaq və seçkidə ayrıca bir qüvvə, tərəf kimi, öz namizədi ilə iştirak etməyəcək. Ziyalılar Forumunun seçkiyə öz namizədi ilə qatılmaq planı yoxdur. Biz ümumi prosesi dəstəkləyəcəyik.

- Forumun İctimai Palata ilə əməkdaşlığı hansı səviyyədədir?

- Daim təmaslarımız olur. Xeyli vaxtdır Ziyalılar Forumunun üzvləri ilə İctimai Palatanın üzvləri, demək olar ki, hər həftə nəyisə müzakirə edirlər. Hər iki qurum vaxtaşırı bir-birinə dəstək olur. Münasibətlər bu səpkidə davam edir və əminəm ki, gələcəkdə daha da güclənəcək.

- Ziyalılar Forumu İctimai Palatanın seçkidə hansı formada – palataya daxil olanların birliyi kimi, yoxsa palatadan kənardakı qüvvələrlə də birləşərək getməsini istəyir?

- Ziyalılar Forumu İctimai Palatanın içərisində gedən proseslərə müdaxilə etmir. Biz palatanı bir qurum kimi qəbul edirik və onun qarşıdan gələn seçki ilə bağlı bu yaxınlarda qəbul etdiyi qərarı müsbət qiymətləndiririk. Bütün demokratik düşərgənin koordinasiyasına tərəfdarıq. Ziyalılar Forumu noyabr ayında Azərbaycanın bütün demokratik qüvvələrinə çağırış etmişdi. Biz səylərimizi birləşdirməliyik və demokratiyaya keçidi təmin etməliyik. Bunun hansı formada reallaşacağını gələcək proseslər göstərəcək. Təqribən yarım il bundan öncə Ziyalılar Forumu siyasi qurumlarla danışıqlar aparmaq qərarı qəbul etmişdi. Danışıqları aparmaq üçün bir sıra şəxslərə mandat verilmişdi. Biz işimizi davam etdiririk.

Şəxsən mən hesab edirəm ki, Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid məqsədilə böyük bir konsensus əldə olunmalıdır. Partiyalar, ictimai qurumlar, ziyalılar, gənclər, bir sözlə, cəmiyyətin bütün təbəqələri konsensusa gəlməlidir. Azərbaycanda demokratiyaya keçidin şərtləri dəqiq müəyyənləşsə, bütün cəmiyyəti bu konsensusa cəlb etmək olar.

- Sizcə, müxalifət partiyaları gələn il keçiriləcək prezident seçkisində vahid namizədlə iştirak etməlidirmi?

- Bu mövzu 10-15 ildir partiyalar arasında çəkişmələr yaradır. Açığını deyim ki, biz cəmiyyət olaraq həmişə bu prosesin girovuna çevrilmişik. Ziyalılar Forumunun mövqeyi bundan ibarətdir ki, bu məsələdə hamı öz ambisiyasından bir addım geri çəkilməlidir. Hamı – partiyalar da, ziyalılar, ictimai qurumlar da bir addım geri çəkilməlidir.

Belə məsələlərdə partiyalar arasındakı rəqabət cəmiyyətə də sirayət edir. Nəyə görə bizim cəmiyyətdə ictimai qurumların, gənclər təşkilatlarının böyük koalisiyası yaranmır, yaxud yarananda da tez dağılır? Çünki həmin qurumlar öz arasında rəqabət aparan partiyalara yaxındırlar və həmin partiyaların çəkişməsi ictimai qurumların birliyinə mənfi təsir göstərir. Partiyalar bir araya gələ bilməyəndə ictimai qurumlar və gənclər təşkilatları da ya bir araya gələ bilmir, ya da birləşmişdilərsə, birlikləri pozulur.

Ziyalılar Forumunda bu barədə müzakirələr aparanda qərara gəldik ki, bir qurum olaraq bu proseslərdən kənarda dayanaq. Ümumən bütün demokratik qüvvələrə çağırış etmişik ki, hamı bir araya gəlsin və demokratik keçidlə bağlı konsensus əldə olunsun. Sonra da o konsensusa cəmiyyətin başqa təbəqələri cəlb edilsin. İctimai-siyasi qüvvələr konsensusa gəlsələr, bütövlükdə cəmiyyəti bu prosesə cəlb etmək olar. Başqa halda bu işi görmək çox çətindir. İnsanların siyasi proseslərdən uzaqlaşmasının elə əsas səbəblərindən biri demokratik düşərgədə vahid mövqenin, konsensusun əldə edilməməsi olub. Ona görə də Ziyalılar Forumu konsensusa gəlinməsini prioritet məsələ sayır. Bütün siyasi qüvvələr, ictimai qurumlar, gənclər təşkilatları demokratiyaya keçid üçün bir araya gəlməlidir.

Geri qayıt