Əsas Səhifə > Partiya > AYAZ MÜTƏLLİBOVUN ADAMI PA ŞEFİNİ TƏRİFLƏDİ

AYAZ MÜTƏLLİBOVUN ADAMI PA ŞEFİNİ TƏRİFLƏDİ


26-12-2012, 14:21
AYAZ MÜTƏLLİBOVUN ADAMI PA ŞEFİNİ TƏRİFLƏDİ
"RAMİZ MEHDİYEV YAXŞI İŞLƏYİR"

“İctimai Palatada təmsil olunan siyasi partiyaların bütövlükdə müxalifət adına iddia etməsi gülüş doğurur. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) da müxalifət partiyasıdır. Onlar müxalifətçiliyi öz şəxsi ambisiyaları naminə dağıdıcılıqda, insanları problemlərə sürükləməkdə görürlər”. Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.
Onun sözlərinə görə, İctimai Palata ictimai dəstək qazanmayıb və onların siyasi perspektivləri haqqında danışmaq yersizdir: “Bu gün İctimai Palatada əsasən AXC-Müsavat hakimiyyəti dönəmində çalışmış insanlar təmsil olunurlar. Onların da bir illik hakimiyyətləri o qədər yarıtmaz olub ki, özləri reallıqla barışaraq, hakimiyyəti Heydər Əliyevə təhvil veriblər. İndi isə yenidən hakimiyyətə can atırlar. Neçə ildir bu istiqamətdə dəridən-qabıqdan çıxsalar da, heç bir nəticə əldə edə bilmirlər. Onlar seçkiyə vahid namizədlə də qatılsa, 25 namizədlə qatılsa da, heç bir uğur əldə edə bilməyəcəklər. Çünki ictimaiyyət artıq onları tanıyır. Belə qüvvələrin arxasınca getməyə heç kimin nə həvəsi, nə də vaxtı yoxdur. Leninin yaxşı bir sözü var idi – “Yaxşı birləşmək üçün yaxşı ayrılmaq lazımdır”. Bunlar yaxşı ayrılsalar da, yaxşı birləşə bilmirlər. Çünki bunlar vətən təəssübünə, milli mənafeyə görə deyil, öz şəxsi məqsədləri üçün ayrılıblar. Ona görə də, heç zaman birləşə bilməyəcəklər. İctimai Palata ölü doğulmuş uşaqdır, ölünün qıdığı gəlmədiyi kimi, bunların da siyasi cəhətdən dirilməsi mümkün deyil”.
Bəzi müxalif mətbuat orqanlarında hakimiyyət əleyhinə müxtəlif dezinformasiya xarakterli informasiyaların yayılmasına toxunan ASDP sədri bunları başdan-ayağa yalan adlandırdı: “Bizim müxalifət qəzetləri öz liderləri kimi yalan danışmağa öyrəşiblər. Onlar ağızlarına gələni “etibarlı mənbə” adı ilə cəmiyyətə sırıyırlar. Yazırlar ki, guya Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev istefaya göndəriləcək. Onlara sual verən yoxdur ki, niyə bu qədər yalan danışırsınız? Bu informasiyaları sizə verən kimdir? Liderləri cəmiyyəti aldatdıqları kimi, özləri də oxucuları aldadırlar. Ramiz Mehdiyev bu hakimiyyətin ən önəmli fiqurlarından biridir. Özü də çox yaxşı işləyir”.

Geri qayıt