Əsas Səhifə > Sosial, Manşet > ŞAMAXININ İCRA BAŞÇISINA QARŞI SƏRT İTTİHAM

ŞAMAXININ İCRA BAŞÇISINA QARŞI SƏRT İTTİHAM


26-12-2012, 14:50
ŞAMAXININ İCRA BAŞÇISINA QARŞI SƏRT İTTİHAM
BİR QRUP SAKİN PREZİDENTDƏN ASİF MƏMMƏDOVLA BAĞLI XAHİŞ ETDİ

DİA.AZ: - Redaksiyamıza bir qrup Şamaxı sakini adından müraciət göndərilib. Bildirək ki, DİA.AZ-a göndərilən şikayət məktubu eyni zamanda dövlət başçısı İlham Əliyevə və baş prokuror Zakir Qaralova da ünvanlanıb və həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

Məktubda deyilir: «Cənab prezident. Son vaxtlar Şamaxı şəhər 85 saylı seçki komissiyasının sədri təyin olunan Rəcəbov Hüseyn Abdulla oğlu (əslən Qobustan rayonundandır) ilə bağlı narazılıqlar durmadan artmaqdadır. Onun şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla yaxın qohumluq əlaqələri var. Asif Məmmədov rayona başçı gələndən Hüseyn Rəcəbov Şamaxıda at oynadır. Rayonda 25-dən çox şəxsin vəzifəyə təyin olunmasında bu şəbəkənin rolu var. Bu yolla 100 min manatdan çox pul məhz Hüseyn Rəcəbovun əli ilə icra başçısına ötürülüb.

Şamaxı rayonunun Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xəlilovun fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən yoxlanıldı və 18 min manat mənimsəmə faktı aşkarlandı. Maliyyə nazirliyi rayon icra hakimiyyətinin başçısı Asif Məmmədova bu barədə təqdimat göndərərək, İxtiyar Xəlilovun vəzifəsindən azad edilməsini istəsə də, bu baş vermədi, başçı onu vəzifədə saxladı. Yenə də Hüseyn Rəcəbovun əli ilə İxtiyar Xəlilovdan 25 min manat pul alınaraq icra başçısına ötürüldü.

Cənab prezident. Bunlar bir yana. İcra başçısı Asif Məmmədov ümumiyyətlə, Şamaxıda vaxtının çox az hissəsini keçirir ki, bu da narazılıq yaradır. Belə ki, ayın cəmi 10-12 gününü Şamaxıda olan, yerdə qalan günləri Bakıda olan icra başçısı indi də bir neçə gündür ki, Türkiyəyə gedib».

Daha sonra şikayətçilər icra başçısının vəzifəsindən alınması xahişini də dövlət başçısından edirlər.

Onu da bildirək ki, şikayət məktubunda daha ağır ittihamlar və daha ağır ifadələr yer alıb və biz bəzi sözləri ixtisar etmək, dəyişdirmək məcburiyyətində qaldıq. Bu müraciətlə bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.

Geri qayıt