Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOVUN GƏNCLƏRDƏN ABSURD İSTƏYİ
ƏLİ HƏSƏNOVUN GƏNCLƏRDƏN ABSURD İSTƏYİ26-12-2012, 16:28 |
"FƏRQLİN DÜŞÜNCƏ İLƏ MÜBARİZƏ APARIN"... Bu gün JW Marriot Absheron otelində Azərbaycan Gənclər Fondunun yaradılmasının birinci ildönümü ilə əlaqədar konfrans keçirilib. Fond Azərbaycan prezidentinin fərmanı ilə 19 dekabr 2011-ci ildə gənclərin özünütəşkilinə yardım və onun müxtəlif sahələrdə dövlət siyasətinə yardımı məqsədilə yaradılıb. Bu ilin iyun ayında təşkilat loqotipinin və www.youthfoundation.az saytının təqdimatını keçirib. Fondun icraçı direktoru Fərhad Hacıyev hesabat təqdimatında qeyd edib ki, fondla 274 QHT və 191 fiziki şəxs əməkdaşlıq edir. Ötən il ərzində müxtəlif sahələrdə ümumi məbləği 5 mln. manat olan 148 layihə dəstəklənib. Layihələrdə 56 ölkədən gənclər iştirak edib. Gələn il fond Qarabağ mövzusu ilə bağlı layihələri dəstəkləməyi, habelə xarici iştirakçılar üçün qrantlar ayrılmasını planlaşdırır. İdman və gənclər naziri Azad Rəhimov qeyd edib ki, xüsusi gənclər siyasətinin həyata keçirilməsi ölkə əhalisinin 66%-nin 35 yaşına qədər insanlar olması ilə şərtlənib. Gənclərlə xüsusi iş ideyası prezident Heydər Əliyevə aiddir, o, 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Gənclər və İdman Nazirliyini yaradıb və ilk gənclər forumlarının təşəbbüskarı olub. Azərbaycanda gənclər fondu 1972-ci ildə Strasburqda belə bir Avropa təşkilatı formalaşdırmaq təşəbbüsü uğursuzluqla başa çatdıqdan sonra Avropa məkanında gerçəkləşən yeganə layihə oldu, deyə “İrəli” gənclər hərəkatının rəhbəri Ceyhun Osmanlı bildirib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, dövlətin yetişməkdə olan nəsillə işini təşviq edən Heydər Əliyev 1997-ci ildə gənclərin birinci forumunda üç əsas vəzifəni formalaşdırıb: 1. Azərbaycan gənclərinin fiziki və əxlaqi səviyyəsini artırmaq, 2. Beynəlxalq aləmdə rəqabətədavamlı olmaq, 3. Gənclərin nailiyyətlərini dövlət və cəmiyyətin möhkəmlənməsinə yönəltmək. Heydər Əliyevin məsləhətlərinə və prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə müraciət edən Həsənov hökumətyönlü gənclərin passivliyindən narazılığını bildirib. “Üç-dörd nəfər sizin tərəfinizdən heç bir müqavimətlə qarşılaşmadığı üçün Eurovision zamanı fleşmoblar təşkil ediblər, əcnəbilərə ucqar yerləri göstəriblər, bununla da ölkənin imicinə ciddi ziyan vurublar”, deyə o bildirib. Həsənov belə aksiyalara qarşı həm keyfiyyət, həm də kəmiyyətcə fəal mübarizə aparmağa çağırıb: “Azərbaycan haqqında yolunu azmış 4-5 gəncin deyil, sizin – Azərbaycanın problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq iqtidarında olan fəal gənclərin danışmasına nail olmalıyıq”, deyə Həsənov qeyd edib. Gənclərin belə fəaliyyəti üçün və xüsusən, 100 mln. manat büdcəsi olan “2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı” adlı ikinci dövlət proqramı çərçivəsində zəruri şərait yaradılıb. Konfransda elan olunub ki, fərqli düşüncəyə qarşı mübarizəni və dövlət siyasətinə dəstəyi hər yerdə - sosial şəbəkələrdə, KİV-də, Ümumdünya Azərbaycan Gəncləri Birliyi və Rusiya Azərbaycan Gəncləri Birliyi kimi diaspor təşkilatlarının iştirakı ilə həyata keçirmək nəzərdə tutulur. Geri qayıt |