Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CƏNUBDA BALIQÇI QİYAMI GÖZLƏNİLİR

CƏNUBDA BALIQÇI QİYAMI GÖZLƏNİLİR


1-01-2013, 12:51
CƏNUBDA BALIQÇI QİYAMI GÖZLƏNİLİR
QALMAQALDA İCRA BAŞÇISININ ADI DA HALLANDIRILIR

Balıqçılıq təsərrüfatının necə çörəkli iş olduğunu bilməyən çətin tapılar. Ona görə bu sahə həmişə böyüklərin diqqətində və nəzarətində olur. Hələ 2 il öncə Masallı rayonunun Qarğalıq ərazi vahidində Xallıcalı kəndindəki balıqçılıq təsərrüfatının üstündə necə qırğınlar getdiyini oxuculara ətraflı danışmışdıq. 100 hektardan artıq zəbt olunmuş torpaq sahəsində hansı oyunlar çıxarıldığını, keçmiş icra başçısının buranı necə monopoliyaya aldığını, kimlərin döyüldüyünü, kimlərin həbs edildiyini ətraflı işıqlandırmışdıq.
Viləşçay Su dəryaçasındakı balıqçılıq təsərrüfatından da hər il 50-60 min manat qazanc əldə edildiyini, necə deyərlər, nə bağ bilir, nə də bağban. Hələ də Məşədi İbadın hambalı kimi çox adam bilmir ki, bu pullar haradan gəlib hara gedir.
Bu günlərdə isə Boradigah ərazi vahidinə daxil olan Babaser kəndindəki balıqçılıq təsərrüfatının “səsi” çıxıb. Onlarla kənd sakini haray çəkir ki, gözümüz qarşısında hər gün tonlarla balığı QazEl-llərlə daşıyırlar, lakin kənd sakinlərinin öz sərvətlərinə əlləri çatmır. Bilinmir kim daşıyır, hara daşıyır, buradan gələn gəlir kimlərin cibinə gedir. Həmçinin ötən əsrin 60-cı illərində inşa edilmiş bu su anbarının balıqçılıq təsərrüfatı kimi istifadə edilməsi kənd sakinlərinin əkinçilik və heyvandarlıqla normal məşğul olmasına problemlər yaradır.

Bir neçə sakin isə bu məsələdə Masallı Rayon İcra hakimiyyətin başçısının müavini Seymur Nuriyevi, bəziləri icra başçısı Rafil Hüseynovun özünü günahlandırırlar. Dekabrın 24-də bu narazılıq pik həddə çatıb, hətta yerli sakinlər buradakı balıqçı torunu ələ keçirib oradakı balıqları öz aralarında bölüşdürüblər. “Xeber44.com” saytı bu barədə ətraflı məlumat yayıb.
Məlumat üçün bildirək ki, bu su anbarı Su Meliorasiya Nazirliyinə tabedir və onun istifadəsindədir. Masallı İcra Hakimiyyəti başçısının müavini Seymur Nuriyevin bildirdiyinə görə, həmin su hövzəsi uzun müddət istifadəsiz qalıb. Son vaxtlar isə rayonun Şərəfə kənd sakini Rafət adlı şəxsə sınaq müddətinə həvalə olunub. Bu su hövzəsi balıqçılıq təsərrüfatı üçün tələblərə tam cavab verərsə, ondan qanuna müvafiq formada istifadəyə sərəncam veriləcək. Kənd sakinləri isə etiraz aksiyaları keçirtməkdə israrlıdır. \ cenub xeberleri \

Geri qayıt