Əsas Səhifə > Güney Press, Araşdırma > DÖVLƏT KASIBLARA YARDIM EDƏCƏK

DÖVLƏT KASIBLARA YARDIM EDƏCƏK


2-01-2013, 16:57
DÖVLƏT KASIBLARA YARDIM EDƏCƏK
NAZİRLİYİN İŞÇİSİ BELƏ DEYİR

Azərbaycanda yoxsul təbəqə üçün nəzərdə tutulan Ünvanlı Sosial Yardım Proqramının “özünüdəstək” layihəsi özünü doğrultsa, ölkə ərazisində tətbiq olunacaq.

Bunu SalamNews-a ƏƏSMN-nin Dövlət sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bildirib.

Onun sözlərinə görə, layihənin 10-a yaxın rayonda pilot formada tətbiqinə başlanılıb və hər birində layihəyə 20-30 ailə cəlb olunub. Layihəyə əsasən, kasıb ailələrə müəyyən məbləğdə birdəfəlik vəsait ayrılacaq ki, onlar ailə daxilində məşğulluq problemini həll edib, işlə, şəxsi istehsalla məşğul olsunlar və bununla da özlərini təmin etsinlər. Dövlət bununla insanları ələbaxımlılıqdan uzaqlaşdırmaq istəyir. Bu layihə onlara bu və ya digər şəkildə ailələrinin fəaliyyət planlarının inkişaf etdirilməsi, şəxsi yardımçı təsərrüfatlarının yaradılması və tədricən yoxsulluq səviyyəsindən özlərinin ehtiyaclarının ödənilməsinə keçməyə imkan verir.

O deyib: "Pilot layihələr özünü doğrultsa, o, bütün ölkədə alternativ layihə kimi tətbiq olunacaq. Qiymətləndirmə hələ tezdir. Lakin ilkin təhlillər göstərir ki, nəticələr kifayət qədər müsbər olacaq. Əgər nəticələr müsbər olsa, onu Azərbaycanda alternativ proqram kimi ölkə üzrə tətbiq edəcəyik”.

Şöbə müdiri vurğulayıb ki, yeni yardım mexanizmi indi qüvvədə olan ünvanlı yardımlarla paralel fəaliyyət göstərəcək. Özlərindən asılı olmayan səbəblərə görə, yoxsulluğa meylli olan, əmək qabiliyyəti olmayan insanlara dövlət pul yardımları göstərəcək. O ailələrdə ki, əmək qabiliyyətlə insanlar var və daha çox fəal həyata qayıtmaq əzmindədirlər, onlar bu proqrama qoşula bilərlər.

Xatırladaq ki, birdəfəlik yardım ev heyvanlarının alınmasına, evdə xırda istehsal yaradılmasına və digər gəlir gətirən işlərə sərf olunur.

Geri qayıt