Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “EŞİTDİYİM XƏBƏRDƏN, OĞLUM LAL DOĞULDU”

“EŞİTDİYİM XƏBƏRDƏN, OĞLUM LAL DOĞULDU”


7-01-2013, 08:40
“EŞİTDİYİM XƏBƏRDƏN, OĞLUM LAL DOĞULDU”
ŞƏHİD POLİS AİLƏSİNİ SAYA SALAN YOXDUR

Azərbaycan işğal olunmuş ərazilərində təkcə torpaqlarını deyil, həm də yüzlərlə övladını itirdi. Təəssüf ki, şəhid olmuş kəslərin ailələrinə eyni cür münasibət göstərilmir. Kobud şəkildə desəm, onların çoxunun adı belə dilə gətirilmir, sayılmır.

Aslanov Teymur adlı şəhid polisimiz də 1992-94-cü illərdə Vətəni uğrunda gedən döyüşlərdə ön sıralarda düşmənlə savaşmış və canını qurban vermişdir. Amma onun ailəsinin qapısını bu gün heç nə açan, nə də halına yanan var. Başqa vaxt sinəsinə döyən bəzi səriştəli kəslər dövlət televiziyasından “şəhid ailələrinə qayğı göstərilir” deyə bağırırlar. Bəs nümunə üçün göstərəcəyim bu ailə niyə laqeyd münasibətdən əziyyət çəkir? Həm məcburi köşkün, həm də xəstə övladlı şəhid ailəsi.

“Həyat yoldaşım üç ilə yaxın düşmənə qarşı mübarizə aparıb”

Şəhidimizin həyat yoldaşı Həbibə xanımgil işğal olunmuş Qubadlı rayonundan məcburi köçkün düşüblər. Hazırda iki övladı ilə birgə Suraxanı rayonunun Zığ qəsəbəsində qohumunun evində yaşayırlar. Həbibə xanım başı min bir müsibət çəkmiş, amma ayaqda durmağı bacaran güclü xanımdır.

“Həyat yoldaşım Ukraynanın Xarkov şəhərində təhsil alırdı. Onun fikri vardı orada yaşasın. Amma Azərbaycanda baş verən hadisələr, ermənilərin işğalçılıq siyasəti, eləcə də Qarabağda döyüşlərin başlaması onu Vətənə dönməyə məcbur etdi. 1992-ci ildə doğulub-başa çatdığı Qubadlı rayonunun Polis İdarəsinin əməkdaşına çevrildi. Qızğın döyüşlərdə həmişə önə qaçardı. Onunla ailə qurduqdan sonra da onun üzünü günlərlə görməzdik. Həmişə bizə “ermənini yerində otuzduracağıq” deyə-deyə bizim rahat olmağımızı məsləhət görürdü. Bütün səylərə baxmayaraq, ön cəbhədə pərakəndəlik üzündən Qubadı rayonu, doğma yurdumuz erməni tərəfindən işğal olundu. Bu Teymur üçün böyük bir acı, itki oldu. Rayon camaatı yavaş-yavaş Bakıya, bölgələrə daşındı. Biz də 1993-cü ilin yayında Bakıya gəldik. Amma Teymur son nəfəsinə qədər döyüş meydanını tərk etmədi. Atası, anası, qardaşları onun ehtiyyatlı olması məsləhətini verirdi. Onunsa, canını itirmək qorxusu yox idi.”

“Ölüm xəbərindən sarsıldım deyə, oğlum lal doğuldu”

“1994-cü ilin yanvarın 30-u idi. O böyük, ağır ölüm xəbəri gəldi. Teymur Füzuli rayonunda gedən döyüşlərdə həlak olmuşdu. Bu xəbər bütün ailəni, eləcə də məni dərindən sarsdı. Bir yaşında qızım vardı. Həm də oğluma hamilə idim. Teymurun ölüm xəbəri qarnımdakı oğlumu fikirləşməyimi üstələdi. Bir neçə gündə keçirdiyim həyəcanın nəticəsində oğluma da xətər yetirdim. Həyat yoldaşımın ölümündən on yeddi gün sonra oğlum doğuldu. Amma o anadangəlmə lal, qüsurlu oldu. Oğlumun doğulma sevincini belə yaşamadım. Çünki hələ də həyat yoldaşımın kədəri içində idim. Oğlumun adını şəhid atasının adını qoyduq. Teymur. Ölüm səbirsiz davrandı, nə oğluma atasını, nə də atasına oğlunu görməyə imkan vermədi.”

Onlara bir evi çoxmu görürsüz?

Bu gün şəhid Teymur Aslanovun ölümündən 19 il ötür. Onun ailəsi, övladları Vətən uğrunda canını heçə sayan ailə başçısı ilə fəxr edirlər. Amma onların problemləri bu qürur hissinə kölgə salır. Həbibə xanım deyir ki, əvvəllər uşaqlar balaca olanda ev barəsində heç də düşünməzdim . “İndi qızım Süsən Xarici Dillər İnstutunda təhsil alır, tələbədir, onun da yeni-yeni problemləri, qayğıları meydana çıxır. Oğlum Teymur isə əqli cəhətdən qüsurlu, anadangəmə lal olduğundan daim müalicəyə ehtiyacı var. Onun müalicəsi gecikən kimi özünə qapanır, həkimlər isə onun tək qalmamasını məsləhət görürlər. Yaşadığımız ev isə bizə məxsus deyil, yəni istənilən vaxt buranı tərk etmək məcburiyyətində qala bilərik. Dəfələrlə dövlət qurumlarına şikayət, müraciət formasında məktublar yazmışam. Sadəcə onlardan evlə, yaxud ev tikintisi üçün torpaq sahəsiylə təmin olunmamı istəmişəm. Bu vaxta qədər səs-soraq yoxdur. Suraxanı rayon icra hakimiyyəti, digər qurumlar bunu Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən istəməmi deyirlər. Bakı şəhərinə qeydiyyatım olmadığı üçün mənə mənzil və ya torpaq sahəsi verilə bilməz. Hər halda bu ölkənin vətəndaşıyam və məcburi köçkünəm. Dövlət Komitəsi isə ölkədə mənzil probleminin sürdüyünü deyir.”

“Başqa rayondan gəlib “məcburi köçkün” adıyla ev alırlar”

“Dəfələrlə məcburi köçkünlər üçün tikilən evlərlə maraqlanmışıq. Məlum olur ki, o haqqımız olan evi əldə etmək üçün 5-6 min manat istəyirlər. Bu barədə deyilən fikirlərdən belə çıxır ki, o binalarda yaşayanların çoxu kənar bölgələrdən olan camaatımızdır. Onlar yenə də pulun gücü ilə saxta “məcburi köçkün” sənədi düzəldirlər, bizim kimilərə ev düşdüyü halda onlara qismət olur. Bu səbəbdən bundan sonra nə isə ümidli vəziyyət gözləmirəm. Ən azı mənim xəstə övladım var və illərdin ona baxdığım üçün işləmək imkanım da olmayıb. Bu səbəbdən belə getsə, ev almaq qismətimiz olmayacaq. Ən azı bir balaca torpaq sahəsi ayrılsa, yaxınlarımın köməyi ilə orada bir otaqlı ev tikə bilərəm. Bu torpağı da çoxmu görürlər bizə? Bizim günahımız nədir ki, şəhid ailəsi, məcburi köçkün olmuşuq?”

Geri qayıt