Əsas Səhifə > Gündəm, Manşet > GÖMRÜK SİSTEMİNDƏ TOTAL İSLAHATLAR

GÖMRÜK SİSTEMİNDƏ TOTAL İSLAHATLAR


17-11-2011, 13:02
GÖMRÜK SİSTEMİNDƏ TOTAL İSLAHATLAR

QURUM VN-YƏ BİRLƏŞDİRİLİR, VÜSAL NOVRUZOV RƏHBƏR GƏTİRİLİR

DİA.AZ: - Məlum olduğu kimi, artıq Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi yönündə ideyalar mövcuddur və hətta artıq hökumətin də bu yöndə struktur islahatlarına gedəcəyi barədə xəbərlər yayılmaqdadır. Məlumatlarda bildirilir ki, beynəlxalq qurumlar neçə müddətdir ki, rəsmi Bakıdan struktur islahatlarının həyata keçirilməsini tələb edirlər və bu tələblərdə eyni zamanda gömrük komitəsi ilə vergilər nazirliyinin işinin əlaqələndirilməsi yer alıb.

Və bundan çıxış edən bir sıra ekspertlər, iqtisadçılar da təklif edirlər ki, əslində Dövlət Gömrük Komitəsinin ayrıca struktur kimi fəaliyyət göstərməsi heç bir baxımdan məqsədə müvafiq deyil və qurum Vergilər Nazirliyinə birləşdirilərək, VN-nin bir departamenti kimi fəaliyyət göstərməlidir. Bir daha xatırladaq ki, artıq rəsmi Bakının bu təkliflərə müsbət reaksiya verdiyi haqda da müəyyən bilgilər var və dəyişikliklərin yaxın aylara təsadüf etməsi istisna deyil.

Bu istiqamətdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan məlumatda isə bildirilir ki, Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirildikdən sonra eyni zamanda qurumun rəhbəri də dəyişdiriləcək. Yəni hazırda DGK-yə rəhbərlik edən Aydın Əliyev görəvindən azad olunacaq.

Onu da bildirək ki, kurasiya baxımından həm Dövlət Gömrük Komitəsi və həm də Vergilər Nazirliyi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarət zonasına daxildir. Buna görə də, mətbuatda yayılan «DGK Kəmaləddin Heydərovdan alınır» şəklindəki xəbərlərin heç bir əsası yoxdur. Bu barədə redaksiyamıza danışan Nazirlər Kabinetindəki mötəbər qaynağın sözlərindən aydın olur ki, əksinə, həmin islahatların özü belə Kəmalədin Heydərovun öz monapoliya zonasına nəzarət imkanlarını asanlaşdırır.

Aydın Əliyevin gedişindən və eyni zamanda DGK-nin Vergilər Nazirliyinə birləşdirilməsindən ardından isə bu quruma kimin rəhbər gətiriləcəyi də artıq indidən məlumdur. Mötəbər qaynaq iddia edir ki, həmin posta, yəni Vergilər Nazirliyinin Gömrük Xidməti Departamentinə hazırda Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutan Vüsal Novruzov təyin ediləcək.

Onu da bildirək ki, Vüsal Novruzov Kəmaləddin Heydərova yaxın bir fiqur kimi indinin özündə də gömrük sistemində nüfuzlu şəxs hesab olunur və hətta onun hal-hazırda faktiki olaraq Aydın Əliyevin səlahiyyətlərini icra etdiyi də bildirilir: «Bu gün Vüsal Novruzovun sözü daha keçərlidir. Həm də gömrük işini kifayət qədər yaxşı bilən BGİ-nin rəisi Aydın Əliyevi bir mütəxəssis kimi də üstələyir».

Məlumatlarda o da bildirilir ki, bu günlərdə Vüsal Novruzov yerli mətbuatla da münasibətlərini qaydasına salma qərarı ilə diqqətə gəldi. Belə ki, ayrı-ayrı xəbər portallarında öz ünvanına mənfi divident gətirən yazıların yığışdırılması barədə ismarıclar yollayan Vüsal Novruzov bunun müqabilində jurnalistlərə çıq dostluğunu da təklif etmiş oldu. Hər halda, bu gün BGİ-nin idarələrində media işçilərinə nümayiş etdirilən əlahiddə münasibətin də sırf olaraq Vüsal Novruzovdan qaynaqlandığı bildirilir.


Geri qayıt