Əsas Səhifə > Partiya > PARTİYALAR ƏSGƏR ÖLÜMLƏRİNƏ ETİRAZ EDƏCƏKMİ?

PARTİYALAR ƏSGƏR ÖLÜMLƏRİNƏ ETİRAZ EDƏCƏKMİ?


10-01-2013, 12:47
PARTİYALAR ƏSGƏR ÖLÜMLƏRİNƏ ETİRAZ EDƏCƏKMİ?
SİYASİ CAMEƏ OD PÜSKÜRDÜ

İqbal Ağazadə: “Hər halda belə bir aksiyanın keçirilməsini dəstəkləyirik. Gənclərimiz də təbii ki, bu aksiyalara dəstək verəcəklər”

Gözəl Bayramlı: “Öz adımdan bu tip aksiyalara dəstək verilməsinin tərəfdarıyam. Artıq neçənci dəfədir ki, günahkar əsgərlərimiz orduda vəhşicəsinə qətlə yetirilir”

Tofiq Yaqublu: “Daha bu qədər həyasızlıq və məsuliyyətsizlik olmaz. Müsavat olaraq bir mənalı şəkildə aksiyanı dəstəkləyəcək və tərəfdarlarımızı aksiyada iştirak etməyə çağıracağıq”

Nurəddin İsmayıl: “Təbii ki, baş verənlərin hamısı ordudakı nizamsızlıqdan və zabitlərin əsgərlərlə vəhşi kimi rəftar etməsindən irəli gəlir. Hesab edirəm ki, hər bir azərbaycanlı bu tip aksiyaları dəstəkləməlidir və biz də ADP olaraq dəstək verəcəyik ”


Xəbər verdiyimiz kimi, yanvar ayının 12-də saat 16:00-da Azərbaycan ordusunun döyülərək öldürülən əsgəri və digər əsgər ölümləri üçün bir qrup gənc “Facebook” vasitəsilə bu hadisədən çıxış edərək ölkədə əsgər ölümlərinə etiraz əlaməti olaraq aksiya keçirəcəklər. Sosial şəbəkədə aksiyaya gəlmək istəyənlərin sayı durmadan artır. Belə ki, aksiyaya gələnlərin sayı 6136 nəfərdir. Bu say hər dəqiqə dəyişir.

Bəs keçiriləcək aksiya ölkənin aparıcı müxalifət partiyaları tərəfindən dəstəklənəcəkmi? Bununla bağlı müxalifət partiyaları ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən AXCP, ADP, Müsavat və Ümid Partiyası rəsmilər aksiyanı dəstəklədiklərini bildirdilər.

Ümid Partiyasının sədri İqbal Ağazadə

“Mənə aksiya ilə bağlı partiya üzvləri ümumi məlumat verib. Hər halda belə bir aksiyanın keçirilməsini dəstəkləyirik. Gənclərimiz də təbii ki, bu aksiyalara dəstək verəcəklər. Ümid partiyasının gəncləri dünən mətbuat səhifələrində bununla bağlı öz mövqelərini dərc ediblər. Eyni halda baş verən hadisəyə dövlət başçısı və digər qurumlar tərəfindən aydın gətirilməsi istəyiblər.”

AXCP-nin sədr müavini Gözəl Bayramlı

“Aksiya ilə bağlı AXCP olaraq hər hansı bir qərarımız yoxdur. Öz adımdan bu tip aksiyalara dəstək verilməsinin tərəfdarıyam. Artıq neçənci dəfədir ki, günahkar əsgərlərimiz orduda vəhşicəsinə qətlə yetirilir. Ona görə də belə aksiya keçirib cəmiyyətin diqqətini bu məsələyə yönəltmək doğru olardı. ”

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

“Müsavat üzvü olaraq keçiriləcək aksiyanı dəstəkləyirəm. Çox güman ki, aksiyanı partiyamız da dəstəkləyəcək. Artıq həvəsdir, bəsdir. Nə qədər bu cür biabırçı hadisələr baş verməlidir. Ölkədə daha bundan artıq nə baş verməlidir və nə qədər əsgər ölməlidir ki, Səfər Əbiyevə gözün üstündə qaşın var deyilsin. Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri general-leytenant Məhərrəm Əliyev hadisə ilə bağlı açıqlama verərkən iz azdırmağa çalışır ki, əsgərin xidmət etdiyi yer dağ ərazisi olub və mümkündür dağdan yıxılsın. Daha bu qədər həyasızlıq və məsuliyyətsizlik olmaz. Müsavat olaraq bir mənalı şəkildə aksiyanı dəstəkləyəcək və tərəfdarlarımızı aksiyada iştirak etməyə çağıracağıq.

ADP-nin sədr müavini Nurəddin İsmayıl

“Əsgər ölümləri ilə bağlı baş verən hadisələr olduqca faciəvi bir haldır. Hadisələrin sayı da günü-gündən artır. Qeyri-döyüş şəraitində dünyasını dəyişən əsgərlərin sayı düşmən gülləsinə tuş gələrək vəfat edən əsgərlərə nisbətən kifayət qədər çoxalıb. Təbii ki, baş verənlərin hamısı ordudakı nizamsızlıqdan və zabitlərin əsgərlərlə vəhşi kimi rəftar etməsindən irəli gəlir. Hesab edirəm ki, hər bir azərbaycanlı bu tip aksiyaları dəstəkləməlidir və biz də ADP olaraq dəstək verəcəyik.”

Geri qayıt