Əsas Səhifə > Sosial, Manşet > CƏLİLABAD SƏHİYYƏSİNƏ KİMSƏ NƏZARƏT EDİRMİ?

CƏLİLABAD SƏHİYYƏSİNƏ KİMSƏ NƏZARƏT EDİRMİ?


11-01-2013, 09:43
CƏLİLABAD SƏHİYYƏSİNƏ KİMSƏ NƏZARƏT EDİRMİ?
RAYON SAKİNİ ÖZBAŞINA QALMIŞ CƏRRAHIN QURBANINA NECƏ ÇEVRİLDİ?

DİA.AZ: - Cəlilabad rayon sakini Mehdiyev Ayaz İdris oğlu tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. DİA.AZ-a Cəlilabad səhiyyəsindən və konkret olaraq şikayət edən Cəlilabad sakini həyat yoldaşının səriştəsiz cərrahın ücbatından ömürlük yataq xəstəsinə çevrildiyini yazır:

“25 dekabr 2009-cu ildə həyat yoldaşım Mehdiyeva Dəyməgülün cərrahiyyə əməliyyatı üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişik. Xəstəxananın cərrahı Ziyafət Bayramov bizdən 400 manat alaraq bu əməliyyatı edib. Biz əvvəlcə, həmin pulun xəstəxananın hesabına köçürüldüyünü və bizə qəbz veriləcəyini düşündük. Lakin nə xəstəxanadan çıxana kimi, nə də sarğıya gəldiyimiz günlər Ziyafət həkim bizə qəbz vermədi. İndi məlum olub ki, həkim Ziyafət Bayramov yoldaşımı səhv əməliyyat eləmiş, səriştəsizlikdən onu əlil hala salmışdır. Əməliyyatdan sonra o, bizə nə bir cərrahiyyə kağızı, nə “snimka”, nə də ultrasəs müayinəsi vermədi.

Sonradan məlum oldu ki, xəstəni əməliyyat edərkən, cərrah Ziyafət Bayramov onun digər orqanlarını zədələmiş, lakin bərpa edə bilmədiyinə görə, törətdiyi qüsuru gizlətməyə çalışmış, yuxarıdan böyrəyə gələn kanalların hamısını tikib bağlamışdır. Nəticədə, böyrək qidalanmamış, keçən illər ərzində bədəndə çürümə getmişdir.

Ziyafət Bayramov törətdiyi qüsur barədə bizə heç nə demədi, yalnız bu yaxınlarda əlac olmadığına görə biz yenidən Biləsuvar xəstəxanasına gələndə bildirdi ki, böyrək hökmən kəsilib götürülməlidir. Özü gözəl bilirdi ki, bədənin digər orqanlarını zədələdiyinə görə, onun səriştəsizliyi ucbatından böyrək çürümüşdür.

Bu keçən illər ərzində həyat yoldaşımın vəziyyəti dəfələrlə ağırlaşıb. Dəqiq qüsuru Ziyafət Bayramov qorxusundan bizə demədiyinə görə, yoldaşımı başqa xəstəliklərdən uzun zaman müalicə etdirmişik. Bakıdan, İrandan üzü belə onu gəzdirmişik. Xəstəxanalara, dava-dərmanlara, yollara 10 min manatdan çox pulumuz çıxıb. Nüfuzlu həkimlərin yekdil rəyi belə olub ki, 3 il qabaq əməliyyat zamanı cərrah bu qadının daxili orqanlarnı zədələyib, nəticədə, məcbur qalıb cinayəti gizlətmək üçün, xəstədə ağrı-acı üzə çıxmasın deyə, böyrəyin üstündəki bütün kanalları tikib bağlamışdır. Bu, xüsusi aparatlarda çəkdirdiyimiz şəkillərdə də açıq-aşkar görsənir.

Dövlət orqanlarına müraciət etmişəm ki, cinayət işi açılsın və Ziyafət Bayramov məsuliyyətə cəlb olunsun.

İradlarımızı Ziyafət Bayramova da bildirmişik, deyir, mən iki uşaq oxuduram, sənə nə kömək edəcəm ki?! Özünü təmizə çıxarmaq üçün deyir ki, mən əməliyyatda tək olmamışam, məndən başqa 2 nəfər də olub, bəlkə onlar edib? Maraqlıdır, əməliyyatda aparıcı cərrah məsuldur, ya köməkçi assistentlər? Sonda onu bildirim ki, həyat yoldaşımın böyrəyi içəridə çürümüş, bu yaxınlarda əməliyyat olunaraq götürülmüş, o, əlil olmuş və yataq xəstəsinə çevrilmişdir. Xahiş edirəm ki, siz də bu olayı qəzetinizdə işıqlandırın, qoy xalq Ziyafət kimi səriştəsiz həkimləri tanısın.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən də xahiş edirəm ki, Ziyafət kimi səriştəsiz, naşı həkimlərlə xəstəxananın adını batırmasın, daha layiqli kadrları işə götürsün».

Geri qayıt