Əsas Səhifə > Partiya > ƏBÜLFƏZ ELÇİBƏYƏ “İSTİQLAL” ORDENİ VERİLSİN
ƏBÜLFƏZ ELÇİBƏYƏ “İSTİQLAL” ORDENİ VERİLSİN13-09-2011, 17:59 |
İSLAHAT DEPUTAT QRUPU TƏKLİFLƏ ÇIXIŞ ETDİ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında “İslahat” deputat qrupunun növbəti toplantısı keçirilib. BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin payız sessiyası öncəsi keçirilən toplantıda “İslahat” deputat qrupunun fəaliyyət istiqamətləri, qrupa daxil olan partiyaların daha geniş müstəvidə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan əsas məsələlərdən biri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı olub. Bu münasibətlə qəbul olunan bəyanatda oktyabrın 18-də Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini bayram edəcəyi xatırladılır: “Bu böyük tarixi günlə əlaqədar biz 17 mart 1991-ci il tarixdə SSRİ-nin saxlanılması məqsədilə referendum keçirilməsinin əleyhinə səs vermiş Azərbaycan SSR Ali Sovetinin 43 deputatını (sonradan vətənə xəyanətə görə məhkum olunmuşlar istisna olmaqla), o cümlədən milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyi (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif etməyə, bu şəxslərin və 1991-95-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin (dünyasını dəyişmiş şəxslərin isə ailə üzvlərinin) sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq qərar qəbul etməyə çağırırıq. Biz, bu şəxslərdən biri olmuş və hazırda həbsdə olan Müsavat Partiyasının icra katibi Arif Hacılının da azad olunmasını xahiş edirik. “İslahat” deputat qrupu hesab edir ki, belə bir qərarın qəbul olunması, habelə hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, Cabbar Savalanlının, o cümlədən 2 aprel 2011-ci ildə mitinq keçirməyə cəhd etdikləri üçün həbs olunmuş digər şəxslərin azadlığa buraxılması yaxın tariximizə hörmətimizi nümayiş etdirən ədalətli qərar olmaqla yanaşı, mili birliyimizə və ölkədə köklü islahatların keçirilməsinə də əlverişli zəmin yarada bilər”. Xatırladaq ki, “İslahat” deputat qrupunda Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyaları təmsil olunur. Geri qayıt |