Əsas Səhifə > Sosial, Manşet > AĞDAM TƏHSİLİNDƏ ELMİRA ŞÜKÜROVA RÜZGARI

AĞDAM TƏHSİLİNDƏ ELMİRA ŞÜKÜROVA RÜZGARI


14-01-2013, 08:38
AĞDAM TƏHSİLİNDƏ ELMİRA ŞÜKÜROVA RÜZGARI
MİSİR MƏRDANOVUN ƏYALƏTDƏ LAQYİQLİ DAVAMÇILARI VAR: RAHAT OLSUN

DİA.AZ: - Son illər təhsil sahəsində baş verən qanunsuzluqlar, maxenasiyalar, dövlət büdcəsinin mənimsənilməsi ilə bağlı dəfələrlə yazılar dərc olunub və ciddi rezonans yaranıb. Amma hər dəfə bu məqamlar ortaya çıxanda şəxsən nazir Misir Mərdanovun özü bəyan edib ki, konkret faktlar olarsa məsələyə baxıla bilinər. Ağdam Təhsil Şöbəsində olan qanunsuzluqlarla bağlı DİA.AZ-a şok faktlar daxil olub.

Öncəliklə qanunsuzluqların anonsuna baxıb, sonra faktlara keçək.

1. Ağdamda nə qədər müəllim hazırda saxta diplomlarla fəaliyyət göstərir?
2. Rusiyada yaşasa da Ağdamda müəllim kimi kimlər “iş başındadır”?
3. Məktəblərin sayı nədən çox artırılır və bununla büdcədən nə qədər pul yeyilir?
4. İcra başçısı ilə Təhsil Şöbəsinin müdirəsini hansı tellər bağlayır?
5. Məktəb direktorları nədən vərəsəlik prinsipi ilə təyin edilir?

İndi isə keçək konkret faktlara.

Adı olub özü olmayan məktəblər

Apardığımız araşdırmalar sübut edir ki, bu gün Ağdam ərazisində süni şəkildə məktəblərin, həmçinin siniflərin sayı artırılır. Bunu nədən edirlər? Əldə etdiyimiz məlumata görə belə bir addım atmaqla büdcədən daha çox vəsait mənimsəmək olur. Bunun üçün sadəcə olaraq rayonda müvafiq təşkilatlarla əlaqə qurulur, komissiya yaradılır və aydın olur ki, sinif otaqları “balaca” olduğundan şagirdlər üçün narahatlıq yaranır. Buna görə əlavə sinif yaradılır. Əlavə sinif isə sözsüz ki, əlavə gəlir mənbəyi sayılır. Bu işdə isə zaman-zaman Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla, rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova problemlər yaşansa da ümumi “maraqlar”a görə ortaq məxrəcə gələ biliblər. Gəlin öncəliklə Ağdamda yerləşən və fəaliyyəti ümumiyyətlə olmayan və ya zəif olan məktəblərin siyahısına baxaq və bu məktəblər vasitəsi ilə Nizami Sadıqovla, Elmira Şükürovanın nə qədər pul qazandığını müəyyənləşdirək. Beləliklə, sənədlərdə mövcud olsa da, 1, 3, 4, 8, 12, 53, 65, 96 saylı məktəblər, reallıqda zəif və yox olan təhsil ocaqlarına aiddir. 6, 13, 22, 58, 69, 108, 117, 119, 138, 143, 145 saylı məktəblər isə ümumiyyətlə yox dərəcəsindədir.

20-yə qədər məktəbin adından istifadə edilərək beləcə dövlət büdcəsindən vəsait çıxarılır. Yəqin ki, bu faktlar Misir Mərdanov üçün maraqlı olacaq. İndi isə gəlin məktəblərə təyinatların hansı vərəsəliklə edildiyinə baxaq. Bu təyinatlarda Elmira Şükürova ilə Nizami Sadıqovun ümumi “razılaşması” ilə həyata keçirilir.

Direktor təyinatlarındakı dəhşətlər

Ağdamdakı təhsil maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan məlumata görə təyinatlar məlum maraqlar üzərində qurulur və bu konkret faktlarla sübut edilir. Məsələn

- Ağdam rayon İmanqulubəy kənd orta məktəbinin direktoru Həmid müəllim yerinə öz bacısı qızını təyin etdirir.

- Bir məktəb direktoru Əliyev Mahir Məzahir oğlu narkotika alveri ilə həbs olunduğundan onun yerinə, anası direktor təyin edilir.

- Soltabuq kənd orta məktəbinin direktoru işdən azad olunsa da, öz gəlinini öz yerinə təyin etdirə bilir.

- 19 saylı orta məktəbin direktoru Əfqan Həsənov 70 yaşı tamam olduğu üçün istefaya gedir və öz yerinə gəlini Şəfəq Səfərovanı təyin etdirir.

- Hətta elə ailələr var ki, ər və arvad hərəsi bir məktəbdə direktor “təyin” olunub. Bunu da nəzərinizə çatdıraq ki, şişirtmələr nəticəsində bu gün Ağdamda 145 məktəb “fəaliyyət” göstərir və hər ay hansısa “səbəbdən”, hər məktəb mərkəzə 100-200 manat arası pul göndərir.

Yəqin ki, bu faktların araşdırılması və həqiqiliyini Təhsil Nazirliyi çox qısa müddətdə təsdiq edə bilər.

P.S. Araşdırma və bizə daxil olan faktların dəqiqləşdirilməsi davam edir. Növbəti saylarımızda bütün bu faktlarla yanaşı oxuyacaqsınız:

- Hansı məktəblər əslində direktorun şəxsi evində yerləşir?

- Hansı məktəb direktoru və müəllimə əslində başqa ölkədə yaşayıb?

- Məktəblərin təmiri ilə məşğul olan “Vüsel” şirkəti kimlərə məxsusdur və büdcədən nə qədər vəsait yeyilib?

- Təyinatlarda Elmira Şükürova hansı prinsiplərlə işləyir?

- Hansı müəllimələr iki məktəbdə dərs keçir və məktəblər arasındakı məsafə 200 kilometrdən çox olsa da bu müəllimlər 15 dəqiqəlik tənəffüs zamanı o biri məktəbə çata “bilirlər”?

Saxta diplomlu müəllimlərin siyahısı ilə də tanış ola biləcəksiniz. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt