Əsas Səhifə > Şou-biznes > GÜLNAR SALMANOVANIN SƏHHƏTİ DÜZƏLİR

GÜLNAR SALMANOVANIN SƏHHƏTİ DÜZƏLİR


14-01-2013, 09:28
GÜLNAR SALMANOVANIN SƏHHƏTİ DÜZƏLİR
AKTRİSAMIZ DANIŞDI

Musiqili Komediya Teatrının aparıcı səhnə ustası, əməkdar artist Gülnar Salmanovanın səhhətində irəliləyiş var.

Aktrisa Milli.Az-a səhhəti haqda danışaraq bunları bildirib:

“Allaha şükürlər olsun ki, səhhətim indi normaldır. Özümü çox yaxşı hiss edirəm. Müalicəmi vaxtı-vaxtında edirəm. Müalicəmi elə Bakıda edirəm, amma fikrim var ki, Almaniyaya da gedim. İnanıram ki, günü-gündən daha da yaxşı olacağam. Sağ olsunlar, teatrda da məni yaddan çıxarmırlar, bütün kollektiv gəlib baş çəkir. Teatrımızın direktoru Əliqismət Lalayev də gündə zəng edib səhhətim ilə maraqlanır. Kollektiv üçün, teatr, rollarım üçün çox darıxmışam. İndiyə kimi 178 pyesin tamaşasında rollar oynamışam, elə olub ki, aktrisa xəstələnib gəlməyib, onu əvəz etmişəm. Necə deyərlər teatrın “Skoru pomoş”-u olmuşam (gülür).

İndi hava çox soyuqdur, inşallah, hər şey yaxşı getsə, mart ayında teatra qayıdacağam. Hazırda evdə tək yaşayıram, oğlum işinə görə məndən uzaq düşüb. Amma gündə 4, 5 dəfə zəng edib səhhətimi soruşur. Ürəyi hər an mənimlədir. Tamaşaçılarımı sizin vasitənizlə salamlayıram, onları çox sevirəm. Mən bilirəm ki, hamı məni teatrın səhnəsində görmək istəyir, onlara demək istəyirəm ki, məni teatrda gözləsinlər”.

Biz də sevimli aktrisamıza Allahdan şəfa diləyirik.

Geri qayıt