Əsas Səhifə > Güney Press, Araşdırma > QUBANIN İKİ DEPUTATI NƏYİ İSTƏYİR?

QUBANIN İKİ DEPUTATI NƏYİ İSTƏYİR?


15-01-2013, 10:08
QUBANIN İKİ DEPUTATI NƏYİ İSTƏYİR?
DAHA BİR DEPUTAT RAUF HƏBİBOVA QARŞI ÇIXDI

“Etdiyi çıxışa görə Rauf Həbibov məhkəməyə gəlməli, dindirilməlidir”. Modern.az-a açıqlamasında bu sözləri 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramov deyib.

“Mən Vahid Əhmədovun Quba hadisələri ilə bağlı fikirlərini oxudum. Vahid müəllim çox ciddi deputatdır. Dediyi sözün kəsərini də bilir. Vahid müəllim heç vaxt düşünülməmiş, çiy söz danışan deputat deyil”-deyə, Yevda Abramov bildirib.

Millət vəkilinin sözlərinə görə, bu məsələdə təkcə iş alan insanların günahı yoxdur. “Bəli hardasa, Rauf müəllimin də özünə görə günahı var. Bu hadisə həmin çıxışlara görə olub. Bu gün deyirlər ki, həmin çıxışlar ümumi konkteksdən çıxarılıb. Haradan çıxıbsa, onun üzərində hansısa bir operator işi görülübsə də, bu sözlər deyilib və xalq etiraza qalxıb. Demək o hakimlər də məhkəmənin obyektiv aparılmasından ötrü Rauf Həbibovu da dindirməli idilər, onun da fikirlərini bilməli idilər. Bəzi üzləşdirmələr də aparılmalıydı. Əgər söhbət obyektiv istintaqdan gedirsə”.

Y.Abramov məhkəmənin obyektiv getməsi üçün keçmiş icra başçısının dindirilməli olduğunu söyləyib.
“O da məhkəməyə gəlməli, sübut etməli idi ki, belə çıxış etməyib. Amma camaatı da qıcıqlandıran həmin çıxışdır. Sonrakı hadisələrdə əlbəttə cinayət məsələsi varsa, hər kəs cəzasını almalıdır. Dövlət idarəsinə girib yandırmaq, idarənin pəncərəsini sındırmaq, insanların mülkiyyətinə yerli-yersiz müdaxilə etməyi mən qəbul eləmirəm. Amma hadisəni törədən səbəb həmin çıxışdır. Bu çıxışa görə də Rauf Həbibov məhkəməyə gəlməli, məhkəmədə dindirilməlidir. Bu mənada Vahid müəllim düz deyir və mən onu dəstəkləyirəm”.

Qeyd edək ki, 52 saylı Quba seçki dairəsindən seçilmiş millət vəkili Vahid Əhməov bildirib ki, Quba hadisələrinin baş verməsində təqsirkar yalnız Rauf Həbibovdur, başqa təqsirkar yoxdur.

Geri qayıt