Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞAKİR MUSAYEVİN ADI QARA İŞLƏRDƏ HALLANIR

ŞAKİR MUSAYEVİN ADI QARA İŞLƏRDƏ HALLANIR


16-01-2013, 08:08
ŞAKİR MUSAYEVİN ADI QARA İŞLƏRDƏ HALLANIR

BAŞ EKSPERTLƏ BAĞLI İLGİNC FAKTLAR

O, bir zamanlar Hacı Məmmədovun qətlə yetirdiyi bir qadını "narkoman" çıxarıbmış

Tibb elmləri doktoru, professor Şakir Məzlum oğlu Musayev. Yəqin ki, bu ad çoxlarına yaxşı tanışdır. 1983-cü ildən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində işləyən Şakir Musayev 1997-ci ildən adıçəkilən birliyin baş direktorudur. İndiyədək onun adı müxtəlif məsələlərdə, hətta iri biznes qalmaqalında hallanıb.

Məsələn, bir müddət öncə mətbuatda gedən məlumatların birində qeyd olunurdu ki, Şakir Musayevin himayəsində olduğu iddia edilən şəxslər müxtəlif yollara baş vurmaqla "Gülbaxt" daş karxanasını ələ keçirməyə, həmin obyekti mənimsəməyə çalışırlar. Şakir Musayevin sabiq səhiyyə naziri Əli İnsanovun ən sədaqətli kadrlarından və adamlarından biri olduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, İnsanov vəzifəsindən getdikdən sonra onun da ya işdən çıxarılacağı, ya da həbs olunacağı gözlənilirdi. "Lakin baş direktor hər bir vəziyyətdən asanlıqla çıxmağı bacardığı üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri postunda qalmağa müvəffəq olub" deyən məlumatlı şəxsin bildirdiyinə görə, Şakir Musayev bir zamanlar Hacı Məmmədovun qətlə yetirdiyi bir qadını "narkoman" çıxarıbmış: "Ancaq Hacı Məmmədov və dəstəsi həbs olunduqdan sonra məlum olub ki, qadın narkotik istifadəçisi deyilmiş. Və onu müəyyən sirləri bildiyi üçün qətlə yetiriblərmiş. Lakin nədənsə bu cür kobud səhvinə görə Şakir Musayevə heç bir ciddi irad tutulmadı".

Bir müddət öncə Şakir Musayevin, adı Bakıda törədilmiş qanlı cinayət hadisəsində hallanan polis əməkdaşına "kağız" verməsindən xəbərdar olduğunu deyən məlumatlı şəxsin iddiasına görə, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru bu işə görə bir xeyli güzəşt əldə etmişdi.

Şakir Musayevin adının hallandığı bu və bunabənzər digər hadisələrin sayı həddindən artıq çoxdur. Məsələn, yanvarın 6-da saat 18.00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş vermiş qanlı olayda da birliyin baş direktorunun adı keçir. Belə ki, hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevi və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralayıb, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetiriblər. Yaralılar dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, E.Bayramzadənin və E.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarınınəməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirib, hadisə yerindən 1 ədəd "Makarov" tipli tapança, 5 giliz və 1 bıçaq götürülüb. İstintaqla müəyyən edilib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə, Ə.Əliyevlə S.Musayev arasında mübahisə baş verib. Bu zaman S.Musayev və onunla birlikdə olan E.Bayramzadə Ə.Əliyevi yumruqla vurublar. Ertəsi gün Ə.Əliyev, oğlu Məhəmməd və qardaşları Seymurla Teymur E.Bayramzadə, E.Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyüyüb, bu zaman Teymur Əliyev üstündə gəzdirdiyi "Makarov" tipli tapançadan atəş açaraq E.Əliyevi baş nahiyəsindən, S.Musayevi isə sağ bud nahiyəsindən yaralayıb, Məhəmməd Əliyev isə E.Bayramzadəni ürək nahiyəsindən bıçaqla vurub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisədə iştirak edən Sadiq və Tahir Musayevlər Şakir Musayevin qardaşının övladlarıdır.

O, özü də bunu inkar etməyib. Lakin qardaşı övladlarının silahsız olduğunu deməklə, bir növ onları sığortalamağa, məsuliyyətdən kənarda saxlamağa cəhd göstərib. Heç şübhəsiz ki, Şakir Musayev "Uşaqlara hücum ediblər. Əgər onlarda da silah olsaydı, qarşı tərəf də xəsarət alardı" deməklə əslində, indidən istintaqın işinə müəyyən mənada istiqamət verməyə, işi kənar məcralara yönləndirməyə çalışır. Maraqlıdır, görəsən, baş direktor qardaşı övladlarına tibbi ekspertiza rəyi verərkən ədalət prinsipinə nə dərəcədə əməl edəcək? Ümid edirik ki, hüqüq-mühafizə orqanları bu məsələni də diqqət mərkəzində saxlayacaq...

Növbəti sayımızda Sadiq Musayevin və qardaşının qonşularına təyin etdikləri görüşün və kimin günahkar olduğunu açıqlayacağıq. Bizi izləyin!

Geri qayıt