Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BİLƏSUVARDA MƏMUR ÖZBAŞINALIĞI DAVAM EDİR

BİLƏSUVARDA MƏMUR ÖZBAŞINALIĞI DAVAM EDİR


17-01-2013, 11:22
BİLƏSUVARDA MƏMUR ÖZBAŞINALIĞI DAVAM EDİR
VƏTƏNDAŞ NARAZILIQ EDİR

Maqsud Mustafayev:“Ədalət Babayev, Kazım İbişov və Ədalət Babayevin qaynı, rayondakı Yanacaqdodurma Məntəqəsinin rəisi Nizami Rəsulov Suvarma Sistemləri İdarəsini “kolxoz bazarı”na döndəriblər”

Hərbi xidmət əlili “Təzadlar"a göndərdiyi şikayət məktubunda rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevin süründürməçiliyindən və korrupsiya əməllərindən yazıb...

Aşağıda həmin məktubu təqdim edirik:

- Hörmətli “Təzadlar”!

Mən, 1977-ci il təvəllüdlü II qrup hərbi xidmət əlili Mustafayev Maqsud Tarverdi oğlu 2011-ci ilin mart ayında rayonumuzun Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevin qəbulunda olmuşam. Rəisdən xahiş etdim ki, məni işlə təmin etsin. O, məni idarənin kadrlar şöbəsinin rəisi Kazım İbişovun yanına göndərdi. Kadrlar şöbəsinin rəisi isə mənə dedi ki, “Sənə işləmək olmaz, cavan oğlan! Əgər əlillər üçün boş iş yeri (vakant) açılarsa, səni işlə təmin edəcəyik, bizimlə əlaqə saxla”.

Bundan 2-3 gün keçəndən sonra Kadrlar şöbəsindən) mənə rəsmi cavab məktubu gəldi ki, sənə iş yeri yoxdur... Təbii ki, mənim də kifayət qədər araşdırmam var idi və bilirdim ki, bu idarədə çalışanların böyük əksəriyyəti əlillərdir. Bir qismi Qarabağ müharibəsi əlili, bir qismi də hərbi xidmət əlili, bir-ikisi də anadangəlmə lal və karlardır. Elə işçisi də var ki, idarənin ümumiyyətlə, qapısı hansı yana açılır, bunu bilmir. Görəsən Azərbaycan Respublikasının qanununda yazılıb ki, Biləsuvarda Sovetlər dövründən adı ştat cədvəlində gedən mollalar, seyidlər və istefada olan polis əməkdaşlarının adı iş siyahısına düşür, amma müharibə veteranlarının yox? Mən hələ bəzi aşıqların və müğənnilərin adını demirəm. Və hətta əvvəllər kiminsə atası, əmisi, dayısı bu idarədə işləyibsə, həmin adamların nəvə-nəticələrinin də adları o siyahıda gedir. Amma bir şərtlə: Maaş kartları 1 il qalmalıdır idarənin kadrlar şöbəsinin müdiri Kazım İbişovda. Ədalət Babayev, Kazım İbişov və Ədalət Babayevin qaynı, rayondakı Yanacaqdodurma Məntəqəsinin rəisi Nizami Rəsulov bu idarəni “kolxoz bazarı”na döndəriblər. O, özünə “münasib” işçilərin birinin adına öz evinin orderini alıb, o, birisinin adına isə fermasını keçirib. Ədalət Babayev, Nizami Rəsulov və Kazım İbişov haqqında dastan yazmaq olar. Onlar Biləsuvarı talan edirlər. “Əlillər”dən biri “Hyundai” markalı traktor sürür. Adı da Eynulladır. O, biri əlil isə Kadrlar Şöbəsinin rəisinin köməkçisi İqbal adlı şəxsdir. Ədalət Babayev nə dövlətdən, nə də ki, dövlətin qanunundan qorxmur və tabe olmur. Ədalət müəllimə 11 il ərzində “qaşın üstə gözün var” deyən olmayıb. Görəsən, Ədalət Babayev talancılıq etdiyinə görəmi “Əməkdar meliorasiya işçisi” fəxri adına layiq görülüb?

Ədalət Babayev hətta Suvarma Sistemləri İdarəsinin belə yolunu tanımayanların, bilməyənlərin adını maaş cədvəlində saxlayır, nəticədə idarənin vəsaitləri beləcə talan edilir...

Hörmətlə: Mustafayev Maqsud Tarverdi oğlu

Biləsuvar rayonunun Xırmandarı kənd sakini,

II qrup hərbi əlil, işsiz

***

Şikayət məktubu ilə bağlı dünən əvvəlcə şikayətçinin özü ilə əlaqə saxladıq... O, yazdıqlarının idarə rəisi barədə bildiklərinin hələ onda biri olduğunu xatırlatdı... Sonra onun atası Tarverdi müəllimlə söhbət etdik. Təqaüddə olan Tarverdi müəllim məsələnin araşdırılmasını və lazımi köməklik göstərilməsini rica etdi. Çünki şikayətçinin məktubunda yazdığı və bizimlə söhbətində söylədiyi çox mətləblər var ki, onu qəzetdə təqdim etmədik, biz də araşdırılmasının tərəfdarıyıq. İnanırıq ki, məlum şikayətdəki problem tezliklə həllini tapacaq.

Mövzuya qayıdacağıq. Çünki neçənci dəfədir məktubda adı çəkilən Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevlə telefon əlaqəsi yaratmağa çalışırıq. Onun da mövqeyini öyrənib dərc edəcəyik...

Geri qayıt