Əsas Səhifə > Şou-biznes > "TƏK YAŞAYIRAM, AMMA"...

"TƏK YAŞAYIRAM, AMMA"...


21-01-2013, 09:44
"TƏK YAŞAYIRAM, AMMA"...
"BU O DEMƏK DEYİL Kİ, KİMSƏM YOXDUR"

Xalq artisti Zərnigar Ağakişiyeva özünü çox yaxşı hiss edir. Aktrisa evdə müalicə alır, şəhərə gəzintiyə çıxır. O bütün bunlara görə tamaşaçılarına minnətdar olduğunu deyir.

Aktrisa Milli.Az-ın əməkdaşı ilə söhbətində bildirdi:

"Allaha şükürlər olsun ki, səhhətim çox yaxşıdır, şikayətim yoxdur. Məndə olan diaqnoz bir çox insanda var. Amma içimdə bir narahatlıq, üzgünlük var. Yəqin ki, havadandır. Bu hisslər təkcə sənət adamlarında yox, hər bir insanın daxilində olur. Açıq havada gəzməyi çox xoşlayıram, hərçənd ki, indi hava çox soyuqdur. Hər dəfə də gəzintiyə çıxanda insanlar mənə yaxınlaşıb xoş sözlər deyirlər, inanın, sevinc hissləri ilə evə qayıdıram. Onlar məni həmişə teatrda, səhnədə görmək istəyirlər.

Amma onu deyim ki, teatra artıq əlvida demişəm. Əvvəla, bu, yaş həddi ilə əlaqədardır, sonra isə səhhətimlə. Seriallara gücüm çatmaz, çünki cavanlar ilə özümü bir edib qoşula bilmərəm. Amma gözəl ssenari olsa, məni lazım bilib dəvət etsələr, bədii filmdə çəkilərəm. Teatrda çalışdığım müddətdə həyəcanlı, stresli, əsəbi rollar oynamışam. Filmdə fəaliyyətim bir o qədər də geniş olmasa da, teatr və dublyajda üzərimə çox ağır yük düşüb".

Aktrisa tək yaşadığını, amma daim evinə qohumlarının, sənət dostlarının gəldiklərini söylədi:

"Mən tək yaşayıram, amma bu o demək deyil ki, heç kimim yoxdur. Mənim qohumlarım çoxdur, demək olar ki, tez-tez gəlib-gedirlər. Sənət adamı olduğuma görə tək yaşamağı özüm istədim. Sənət dostlarım xasiyyətimə bələddirlər. Baxır, indi kimlə söhbətim tutur da... (gülür). Ətrafıma yalnız öz ruhuma yaxın olan insanları buraxıram. Sizin vasitənizlə tamaşaçılarımı, sənət dostlarımı, məni sevənləri salamlamaq istəyirəm. Onlara can sağlığı arzu edirəm, ürəklərində ən ülvi arzularına çatmalarını diləyirəm. Onların mənə qarşı olan bu sevgisinə biganə qala bilmərəm, hər zaman qəlbimdə onlara təşəkkürümü bildirirəm".

Geri qayıt