Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOV İFŞA OLUNUR
ƏLİ HƏSƏNOV İFŞA OLUNUR22-11-2011, 12:35 |
PA RƏSMİSİNİN SAHİB ÇIXMADIĞI KÖŞKLƏRDƏN SUMQAYITA DA QOYULACAQ DİA.AZ: - Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun son zamanlar bir media maqnatına çevrildiyi hər kəsə məlumdur. Onlarla KİV-i və KİV-ə aid qurumları nəzarətində saxlayan Əli Həsənovun media imperiyasına telekanal, radio, mətbəə və yayım firmaları da daxildir. Sonuncu dəfə isə bu imperiya özününmətbuat yayımı biznesində inhisarçı addımları ilə diqqətləri cəlb etdi. Söhbət artıq Bakıda mətbuat yayım biznesini intensiv şəkildə işğal etməkdə olan «Press Köşk»lərin durmadan artmasından gedir. Xatırladaq ki, bu məsələ yerli mətbuat səhifələrində davamlı olaraq işləndiyindən nəhayətdə PA rəsmisinin şəxsi reaksiyasına nədən oldu. Bu barədə jurnalistlərin suallarını cavablandıran Əli Həsənovun sözlərindən belə məlum oldu ki, «Press Köşk»lərin nə ona, nə də onun sahibi olduğu «Kaspi» Mətbuat Yayımı firmasına aidiyyatı yoxdur. PA rəsmisi bəyan etdi ki, yeni köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur. Təbii ki, belə bir rəsmi reaksiyadan sonra hər kəs susmalı oldu. Və bu iddianı ortaya qoyanlar məcbur qalaraq əlavə sübutların toplanmasına baş vurdular. Artıq ortada real nəticə var. «Dünya» İnformasiya Agentliyi redaksiyasına hökumət içindəki mənbələrin verdiyi bilgilərdən aydın olur ki, həqiqətən də Əli Həsənovun media imperiyasına aidiyyatı olan «Press Köşk»lər artıq Bakının hüdudlarını da aşmaq üzərədir. Onu da qeyd edək ki, əslində həmin köşklərin hansı firmaya və yaxud da dövlət qurumuna aid olmasının elə bir önəmi yoxdur. Məsələ ondadır ki, bu köşklər qəzet və kitab satışı üçün nəzərdə tutulsa da, həmin köşklərdən əməlli-başlı ərzaq marketi kimi istifadə olunur. Qəzet, jurnal və kitablar yeni köşklərdə 2-ci və bəlkə də 3-cü dərəcəli mal kimi alıcıya təqdim olunur. Elə köşklərdə qəzetlər üçün ayrılan yerin özü də belə deməyə əsas yaradır. Əgər vəziyyət belədirsə, nədən ərzaq satışı ilə məşğul olan köşklərin adını «Press köşk» kimi təqdim edirlər? Yəni söhbət bundadır. Məlumatlı mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, yeni «Press Köşk»lərin artıq Sumqayıt şəhərində də qoyulması planlaşdırılır. Bu barədə mənbəmizin söylədikləri: «Artıq Sumqayıtın mərkəzi hissəsində ilkin olaraq bu köşklərdən ikisinin qoyulması nəzərdə tutulub». Bu zaman ortaya haqlı bir sual çıxır: Bəs deyirdiniz həmin köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur? Daha bir sual: Əgər siz haqlısınızsa, nə zamandan Sumqayıt şəhərinin ərazisi Hacıbala Abutalıbovun idarəsinin tabeçiliyinə verilib? Hər halda, heç nə bu ölkədə gizli qalmır və heç bir yalan uzun ömürlü olmur, cənablar… Geri qayıt |