Əsas Səhifə > Sosial, Manşet > ALİ MƏKTƏBLƏRDƏ QIŞ SESSİYASINDA ŞIDIRĞI ALVER
ALİ MƏKTƏBLƏRDƏ QIŞ SESSİYASINDA ŞIDIRĞI ALVER4-02-2013, 08:48 |
HƏR BİR UNVERSİTETİN RÜŞVƏT BAZARINDA ÖZ QİYMƏTİ, ÖZ “TASKASI” VAR DİA.AZ: - Universitetdə oxuduğum vaxtdan imtahan deyiləndə yadıma Fransa sərkərdəsi və imperatoru Napoleon Bonapartın bir sözü düşür. Napoleonu yuxudan oyadıb düşmənin hücuma keçdiyini xəbər verəndə deyib: “Mən də elə bildim, imtahana çağırırlar...” Zaman ötüb, imtahan qorxusu isə keçib getməyib. Amma bu qorxu, deyəsən o qorxudan deyil... Xüsusən, ali təhsil müəssəsələrində oxuyan tələbələr üçün imtahanların aşılması çətin bir maneəyə çevrilib. Bütövlükdə imtahan bəzi tələbələrdən ötrü “qara gün”, bəziləri üçünsə real biliklərin nümayiş etdirilməsi vasitəsidir. Artıq universitetlərdə qış sessiyası sona yetmək üzrədir. Bəs görəsən tələbə biliyinin qiymətləndirilməsi prosesi necə aparılır? “Bizdə neqativ hal yoxdur” İlk öncə Bakı Dövlət Universiteti (BDU) ilə maraqlandıq. Universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova dedi ki, BDU-da imtahanlar yanvar ayının 31-də başa çatıb: “İmtahanlar tam yekunlaşandan və bütün nəticələrin hesablanması başa çatdırılandan sonra statistik məlumatlar verə biləcəyik. Hələlik prorektorluq yəqin ki, hesablamalar aparıb, amma universitet üzrə nəticələr aşkarlanmayıb”. İmtanların keçirilmə qaydasından danışan BDU sözçüsü dedi ki, qiyabi şöbələrdə test üsulu tətbiq olunur, əyanilərdə isə imtahanlar yazılı monitorinq qaydasında keçirilir: “Monitorinq odur ki, mühazirə müəllimi 1 semestr ərzində mühazirə oxuyur, seminar müəllimi seminar keçir. Yoxlama vaxtı isə nə mühazirə, nə də seminar müəlliminin nəticələri yoxlamaq səlahiyyəti var. İmtahanın nəticələrini kafedranın başqa müəllimlər yoxlayırlar. Onlar isə hansı tələbənin işini yoxladıqlarını bilmirlər. İşlər şifrələnir, müvafiq komissiya tərəfindən yoxlanılır və bir gün sonra nəticələr fakültələrdə elan olunur”. “Bəs tələbənin vərəqdə müəllimə özünü tanıdan işarələr qoyması halları olurmu?” Suala BDU təmsilçisinin cavabı belə oldu: “Görün, universitetdə nə qədər tələbə təhsil alır. Hamının işarə qoyması ağlabatan deyil. Elə bir işarə olsa belə, kodlaşdırma komissiya həmin işi yoxlamamış ləğv edir”. “Artıq imtahanlar sona yetib, nəticələri necə hesab etmək olar” sualına cavabda Pərvanə İbrahimova dedi ki, nəticələr hər halda qənaətbəxş hesab edilə bilər: “Universitetdə imtahanların aparılma qaydasında obyektivlik və şəffaflıq əhəmiyyətli vasitə hesab olunduğundan tələbələr bilirlər ki, yalnız oxumaq yolu ilə nəsə əldə edə bilərlər. İnkar etmirəm, əvvəllər köçürtmə və başqa neqativ hallar olurdu. Amma hazırda bütün otaqlar kamera sistemi ilə təhciz olunur. İmtahanlar mərkəzdən də izlənilir. Otağın böyüklüyündən aslı olaraq nəzarətçilər də təyin edilir. Tədris elektron mərkəzi hər bir şeyi diqqətlə izləyir və tələbələr neqativ hallara yol verərlərsə imtahandan kənarlaşdırılırlar”. Bəs tələbə imtahan zamanı ona aid edilən neqativ halla razılaşmazsa, hansı tədbir görülür, araşdırma aparılırmı? Pərvanə İbrahimovanın sözlərinə görə, tələbə video-yazı ilə razılaşmayanda sübutlar dəqiqləşdirilir və tələbəyə təqdim olunur: “Belə neqativ hallara 1-ci və 2-ci kurslarda daha çox rast gəlinir. O da təcrübəsizlikdən yaranır. Sizi inandırım ki, universitetimizdə imtahan prosesində köçürtmə və bu kimi neqativ hallar yox dərəcəsindədir”. BDU təmsilçisindən: “Apardığımız araşdırma zamanı tələbələr bəzən kamera olmayan otaqlarda imtahan verdiklərini dedilər. Buna münasibətiniz necədir?” deyə soruşduq. Pərvanə İbrahimova bildirdi ki, kamerasız otaqlarda imtahan götürülməsi həmin gün imtahanların hədsiz çox olmasından irəli gəlir: “Amma həmin otaqlarda nəzarətçilərin sayı artırılır”. Həmsöhbətimiz BDU-da imtahanın nəticələrinin baloniya sistemi ilə qiymətləndirildiyini söylədi: “Tələbə 50 bal semestr ərzində, daha sonrakı balları isə imtahan zamanı əldə edir. İmtahandan bir gün sonra isə cavablar elan edilir”. “Humanitar sahədə testin ləğvinə tərəfdaram” İmtahanlarla bağlı tələbələrin də fikirlərini öyrəndik. BDU-nun jurnalistika fakültəsinin 4-cü qiyabi kurs tələbəsi Zərifə Feyzullayeva dedi ki, universitetdə imtahanlar son iki ildir test üsulu ilə aparılır: “İlk üç ildə jurnalistika fakültəsinin tələbələri olaraq bizə yazılı imtahan vermək daha rahat olurdu. Şəxsən mən humanitar fakültələrin test üsulu ilə imtahan verməsinə qarşıyam, bu üsulu düzgün hesab etmirəm. Düzdür, bu semestrdə çətinliyim çox olmadı, bəzi kitabları tapmaq çətin idi, onu da həll edə bildim”. Ədalət Şahbazov Təfəkkür Universitetinin jurnalistika fakültəsində təhsil alıb, bu il isə İstanbul Universitetinin magistr pilləsində təhsilini davam etdirir: “Türkiyədəki imtahanlar və təhsil sistemi haqqında danışacam. İstər dərsə davamiyyət, istər balların yazılması, istərsə də imtahan zamanı qeyri-leqal yollardan istifadənin əngəllənməsi təhsilin keyfiyyətinin yüksəkliyindən xəbər verir. İstanbul Universitetində təhsil sistemi belədir: Bir ildə 2 dönəm olur, hər dönəmdə dərsə davam edə-edə öncə viza ımtahanları verilir. Bu imtahanlardan sonra isə final imtahanları olur. Viza ımtahanları final ımtahanlarına “100-ün 40-a” nisbətində təsir etdiyi üçün ona yaxşı hazırlaşmaq lazımdır. Yaxşı bal toplamasan bütlərə qalırsan. Büt nədir? Tələbənin öz topladığı baldan razı olmayıb yüksək bal yığmaq üçün həmin fənnin imtahanına təkrar girmək və ya imtahanda kafi bal toplayan tələbənin bütlərə girərək kəsildiyi fəndən keçmək şansıdır. Bu, çox gözəl şansdır. Qış sessiyası burda da var. Mən artıq imtahanları vermişəm. Bir problemlə qarşılaşmadım. İmtahanlar şifahi və yazılı keçirilir. Mövzu verilir, yazırsan, sonra isə stul (təqdimat) olur. İmtahanlarda pul, tapşırıq-filan kimi məsələlər qeyri-mümkündür. Bəlkə də var, amma mən nə eşitmişəm, nə də şahidi olmuşam”. Azərbaycan Dillər Universiteti, 1 nömrəli ingilis dili fakültəsinin 2-ci kurs tələbəsi Eynulla Feyzullazadə qış sessiyasının istər gedişindən, istərsə də nəticələrindən razıdır: “Otaqlarımızda kamera sistemi olmasa da, nəzarət yüksək səviyyədə idi. Əslində imtahanlar gərəklidir, çünki bir semester ərzində əldə etdiyimiz bilikləri yoxlamaq imkanı əldə edirik. 3 smester imtahan verməyimə baxmayaraq heç bir problemlə qarşılaşmamışam. Bu vaxta qədər qarşılaşdığım bütün müəllimlər tələlbələrin savadını düzgün qiymətləndirməyi bacarıblar. Çəkdiyimiz zəhmətə uyğun bal qazanırıq. Giriş ballarım məni qane edirdi. İmtahanların hamısına 49 və 50 balla girmişəm. Buna uyğun nəticələrim yaxşı olub. Bu semestr 6 imtahan verdik. Hamısı yazılı oldu, heç bir neqativ halla qarşılaşmadım”. “İmtahanlara 170 man xərcim çıxdı” İqtisadiyyat Universiteti, ümumi iqtisadiyyat fakültəsinin 4-cü (əyani) kurs tələbəsi İlqar Şakiroğlunun sözlərinə görə, rüşvət müəllimdən müəllimə fərqli olur, fakültədən fakültəyə yox: “Amma bəzi fakültələrdə hər şeyi dekanatlar həll edir. Bizdə baloniya sistemidir deyə müəllim müdaxilə edə bilmir, imtahanlar kompüterlə keçirilir. İmtahana giriş üçün balı isə pulla alırıq. Çox vaxt 40 balı 50 manata verirlər. İmtahana girmək üçün kollokumlara, referatlara müəllim bal yazır, nə yolla yazır, aydın məsələdir. Dekanımız Kamil Qafarov açıq hərəkət etməkdən çəkinir. Bu semestr bir müəllim var idi, məcburən hamımıza kitabını 20 manata satdı, 40 manat da bal yazmağa görə aldı. Bu semestr ümumilikdə 170 manat xərcim çıxdı. Şükür, az xərclədim...” Təfəkkür Universitetinin adının gizli qalmasını istəyən tələbəsi də qış sessiyasının olaylarından söz açdı: “Hər imtahana 60 manat verib keçdik. Hər sessiyada rektorun qabağına siyahi qoyulur və siyahıda adı olanlar 100 faiz imtahandan keçmiş sayılır. Bizim universitetimizdə xeyli qanun pozuntusu var. Rüşvət, dekanların özbaşınalığı və sair... Pulu dekana versən, özü çox rahatlıqla hər şeyi həll edir. Bu semestr 250 manat xərcim çıxdı. Qayiblərmi də sildirdim, imtahnlarmı da həll etdirdim. Elə uşaq var 600 manat verəsi oldu. Özləri bilə-bilə kəsirlər ki, tələbələr kreditə düşsünlər”. Səslənən tənqidlər, göstərilən nöqsanlarla bağlı əks-tərəfin də fikrini işıqlandırmağa hazırıq. Əfruzə Ağayeva – DİA.AZ Geri qayıt |