Əsas Səhifə > Hadisə > “LONDON TAKSİLƏRİ” QALMAQALI DAVAM EDİR

“LONDON TAKSİLƏRİ” QALMAQALI DAVAM EDİR


22-11-2011, 14:13
“LONDON TAKSİLƏRİ” QALMAQALI DAVAM EDİR

NAZİRLİK 70 SÜRÜCÜ İLƏ BAĞLI XƏBƏRİ YALANLADI

DİA.AZ: - Az öncə məlumat verərək bildirmişdik ki, cəmiyyət arasında “London taksiləri kimi tanınan yeni avtomobillərin Azərbaycana gətirilməsi dayandırılır. Buna səbəb həmin taksilərin ümidləri doğrultmaması və sürücülərin bu servisdə çalışmaqdan imtinasıdır. Artıq “Dünya” İnformasiya agentliyinin (dia-az.life) bu xəbərinə Nəqliyyat Nazirliyindən reaksiya verilib.

Nazirlikdə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir: ““Bakı Taksi” MMC “The London Taxi Company” şirkəti ilə bağlanmış ekslyuziv müqavilə əsasında London Taxi TX4 markalı taksi avtomaşınlarının respublikamıza gətirilməsi, təmir-servis xidmətinin həyata keçirilməsi ilə məşğuldur. Qeyd edim ki, uzun illər taksi fəaliyyəti və taksi avtomaşınlarının istehsalı ilə bütün dünyada məşhur olan “London Taxi” şirkəti dəfələrlə müxtəlif mükafatlara layiq görülmüş, sərnişinlərin rəğbətini qazanmış, avtomaşınların keyfiyyəti və sırf taksi üçün dizayn edilməsi ilə fərqlənmişdir.

Şirkətimizin taksi fəaliyyəti ilə bağlı bir neçə faktı açıqlamaq istərdik. Belə ki, artıq 2011-ci il oktyabr ayının 20-dən etibarən taksi xidmətləri ilə məşğul olmaq üçün sürücülərdən heç bir sabit məbləğ alınmır. Bütün sürücülər xidmət əsnasında sərnişinlərlə taksi sayğacı vasitəsilə hesablaşdıqları kimi şirkətə ödənişlər də bu göstəricilərlə qəbul edilir. Bununla yanaşı bütün xərclər (yanacaq, cari təmir və s.) şirkət tərəfindən ödənilir. Bundan başqa sürücülər şirkətimizin əməkdaşları kimi əmək müqavilələri əsasında əmək haqqı ilə təmin edilirlər.

“Bakı Taksi” MMC-nin taksi xidməti ilə məşğul olması tam qanuni əsaslarda həyata keçirilir. Belə ki, fəaliyyətin lisenziyalaşdırılması, aylıq vergilərin ödənilməsi (fərqlənmə nişanları), sürücülərin müvafiq tədrislərdə iştirakı və sertifikatlaşdırılması da şirkətimizin daim diqqət etdiyi məqamlardır.

Hal-hazırda şirkətimizə taksi sürücüsü kimi işləmək istəyən vətəndaşların kütləvi axını var. Şəxsi avtomaşınıarı ilə taksi fəaliyyəti göstərən sürücülər də bizə işə qəbul üçün müraciət edirlər. Qeyd etməliyəm ki, hətta bir çox sürücülər yeni taksilərlə təmin edilmək üçün növbəyə yazılmışdır. Nəzərinizə çatdırırıq ki, 70 nəfərin kütləvi şəkildə işdən getməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil və bu cür yanlış məlumatlar şirkətin işgüzar nüfuzuna xələl gətirir.

İlkin müqavilə əsasında 1000 ədəd nəzərdə tutulmuş London Taxi TX4 markalı bənövşəyi rəngli taksilərdən hal-hazırda yalnız 500 ədədi Bakıdadır. İlin sonunadək qalan avtomaşınlar da Bakıya gətiriləcək. Ümumiyyətlə, yaxın gələcəkdə bu taksilərin sayının 3000-ə çatdırılması nəzərdə tutulur”.


Geri qayıt