Əsas Səhifə > Sosial, Manşet > İBRAHİMOVLAR CANLARINI NECƏ QURTARDILAR?

İBRAHİMOVLAR CANLARINI NECƏ QURTARDILAR?


7-02-2013, 10:17
İBRAHİMOVLAR CANLARINI NECƏ QURTARDILAR?
HAKİMİYYƏT DAXİLİNDƏ CƏRƏYAN EDƏN OLAYLAR BARƏDƏ İLGİNC FAKTLAR

DİA.AZ: - Redaksiyamıza özünü iqtidar düşərgəsində böyük nüfuz sahibi olan məmurlardan birinin yaxını kimi təqdim edən, amma eyni zamanda anonimliyinin qorunmasını xahiş edən bir qaynaq tərəfindən olduqca ilginc məlumatlar ötürülüb. Bəri başdan bildiririk ki, yaydığımız materialda adı səslənən, maraqlarına toxunulan bütün tərəflərin mövqeyini işıqlandırmağa, onları dinləməyə hazırıq.

Beləliklə, DİA.AZ-a xəbər verən mənbə iddia edir ki, qarşıdan gələn prezident seçkilərinə qədər əslində hakimiyyət daxilində çox ciddi kadr islahatları həyata keçirilməli idi və bu planın icrasına hələ keçən ilin dekabr ayının sonlarından etibarən başlanılmalı idi. Mənbənin söylədiklərinə görə, ilk «vurulacaq» şəxs Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov olmalı idi: «Əslində proseslərin təməli doğru-dürüst atılmışdı. Sadəcə olaraq baş verəcəklərlə bağlı KİV-lərə informasiyaların vaxtından erkən ötürülməsi və həmçinin qarşı tərəfin ciddi müqavimət sərgiləməsi nəhayətdə hətta Nazim İbrahimovun özünün belə vəzifə başında qalması ilə nəticələndi».

ATV kanalının İbrahimov qardaşlarının əlindən alınmasını xatırladan mənbəmizə görə, bu hadisələrə paralel olaraq «Khazar İsland» kimi 104 milyardlıq layihənin belə İbrahimovların əlindən alınacağının da planlaşdırıldığını vurğuladı: «Amma bunlar baş vermədi. Əks tərəf və əks tərəfin himayədarları alovlanan atəşi söndürə bildilər. Amma çox ciddi itkilərə uğrasalar belə, əslində İbrahimov qardaşlarının həm iqtisadi və həm də siyasi mövcudluqlarının qarantı olan «Khazar İslands» layihəsini əllərində saxlamaba müvəffəq oldular. İndi may ayının 10-a qədər adanın 10 hektarlıq ərazisinin açılışını etmək zorundadırlar və bu məqsədlə milyonlarla dollar pul xərcləyirlər ki, prezidentə vəd etdikləri vaxta yetişə bilsinlər».

Mənbəmiz bildirir ki, İbrahimovların ardından Prezident Administrasiyasının daxilində böyük silkələnmə olmalı idi: «Doğrudur, müavin institutları yaradıldı. Amma həmin dönəmdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən kənarlaşdırılmalı idi. Onunla yanaşı, PA-nın bəzi şöbə müdirləri də postlarını itirəcəkdilər. Amma yenə də əks cinahın ciddi müqaviməti və qüdrəti nəzərdə tutulanların yarımçıq şəkildə həyata keçirilməsinə gətirib çıxardı».

Mənbəmiz bundan sonra da kadr islahatlarının davam edəcəyini söylədi: «Bu qarşısı alınmaz bir prosesdir. Hakim komanda yenilənəcək. Prezitdent İlham Əliyev bununla yeni siyasi dönəmə tədarük görür. İstər-istəməz hər kəs bilməlidir ki, Ramiz Mehdiyevlə bu hakimiyyətin yolları mütləq ayrılacaq. Başqa bir variant yoxdur. Çünki Azərbaycan Ramiz Mehdiyevin güclü mövqelərə malik olduğu bir şəraitdə müharibəyə gedə bilməz. Amma prezident İlham Əliyev müharibə tədarükündədir və bu müharibə mütləq olacaq».

Onu da bildirək ki, mənbəmiz qarşıdan gələn prezident seçkiləri öncəsi bəzi qüvvələrin müxtəlif təxribat planları üzərində işlədikləri barədə də xəbərlər verib ki, həmin materialları yaxın zamanlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt