Əsas Səhifə > Şou-biznes > RÖYA İLƏ NÖQTƏ VURMAQ İSTƏYİR

RÖYA İLƏ NÖQTƏ VURMAQ İSTƏYİR


23-11-2011, 11:11
RÖYA İLƏ NÖQTƏ VURMAQ İSTƏYİR

O, BİZƏ ÜZÜNÜ DEKABRIN SON GÜNÜ TUTACAQ

Müğənni Röya bu ilin son rekord konsertini verməyə hazırlaşır. Amma onun sıx səfər proqramı müğənninin planlarını dəyişib. Xəbər verdiyimiz kimi, Röya sabah Kiyevə, oradan da Sankt-Peterburqa səfər edir. Bunun ardınca o, İstanbula yol alacaq. Yəni müğənnini 15 gün ərzində respublikada görmək mümkün olmayacaq. Onun prodüseri Kənan Milli.Az xəbər portalına konsertin səfərlər səbəbindən ləngidiyini diqqətə çatdırıb:

"Səfər proqramı konsertə hazırlaşdığımız zaman ortaya çıxdı. Vacib olduğundan imtina edə bilmədik. İstanbul səfəri də istisna deyil. Biz oraya məhz Bakı konserti üçün gedirik. Hazırda konsertin səhnə tərtibatı, Röyanın geyimləri, işıq və s. məsələlər Türkiyədə həllini tapır".

Prodüser əlavə edir ki, bu günlərdə Bakı konsertinin dekabrın 15-16-da keçiriləcəyi barədə xəbər yayılıb. O, informasiyanın yalan olduğunu diqqətə çatdırmaqla, bunun onlar tərəfindən açıqlanmadığını bildirdi:

"Dekabrın ortaları təxmini planlaşdırdığımız tarix olub. Amma səfərləri nəzərə alıb ilin son günlərinə keçirdik. İş qrafikinin yoğun olmasına baxmayaraq, Röya ilin yekun konsertini vermək arzusundadır. İstanbul səfərində bəzi detalları dəqiqləşdirib, Bakıya hazır vəziyyətdə qayıtmağı düşünürük".

Kənan bəy qeyd edir ki, orada səhnə tərtibatı buradakı qədər bəsit hazırlanmır.

"Bundan əvvəlki konsertlərdə işıq, səsləndirmə kimi problemlərlə rastlaşmışıq. Bu, çox hallarda qaçılmazdır. Problem sırf idarəedicidən asılı deyil. Bəzən texniki səviyyə də insanı məyus edir. Çox təəssüf ki, bizdə işıqçı və s. icraçılara fəhlə kimi yanaşırlar. Türkiyədə belə deyil. Hər şey proqramlaşdırılmış şəkildədir. Bizim çoxgünlük səfərimizin məqsədi də elə budur ki, proqramı orada aparılan hazırlıqlara uyğunlaşdıraq.

Məsələn, işıqlandırma hər mahnının ritminə, ahənginə görə dəyişməlidir. Bu və digər məsələlər əvvəlcədən heyətin diqqətinə çatdırılmalıdır. Bütün xırda məsələləri əvvəlcədən həll etməliyik ki, konsertdə problem yaranmasın", - deyən prodüser çalışdıqları heyətin Tarkanın səhnə tərtibatçıları olduğunu da diqqətə çatdırdı.


Geri qayıt