Əsas Səhifə > Dünya > “ERMƏNİSTANDA YAŞAYIŞ EVLƏRİNİN ÇOXU BOŞDUR”
“ERMƏNİSTANDA YAŞAYIŞ EVLƏRİNİN ÇOXU BOŞDUR”23-11-2011, 11:41 |
MİNLƏRLƏ İNSAN BU ÖLKƏNİ TƏRK EDİR Karnegi Fondunun böyük elmi işçisi Tomas de Vaalın ABŞ-da çıxan “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində Ermənistanda demoqrafik durumun ağır olduğu qeyd edilib. AzərTAc-ın məlumatına görə, müəllif yazır: “Ermənistanda yaşayış evlərinin çoxu boşdur, çünki minlərlə insan bu ölkəni tərk edir. Bütün dünya Yer kürəsinin yeddi milyardıncı sakininin doğulmasını qeyd etdiyi bir vaxtda bəzi ölkələr əhali azlığından əziyyət çəkir. Bu meyil Ermənistana xüsusilə güclü zərbə olub”. Məqalədə vurğulanır ki, sonuncu siyahıyaalmanın nəticələrinə görə, Ermənistan əhalisinin sayı 3,3 milyon nəfərdir: “Onların üçdə iki hissəsi şəhərlərdə, qalan üçdəbiri isə kənd yerlərində yaşayırdı. O vaxtdan bəri kənd əhalisinin yarısı iş tapmaq üçün bu ölkədən köçüb gedib. Şəhər sakinlərinin də xeyli hissəsi onlardan nümunə götürüb. Çoxları belə hesab edir ki, vəziyyət əslində daha pisdir. 1989-1992-ci illərdə ölkəyə 400 min erməni gəldiyinə baxmayaraq əhalinin sayı azalıb. Görünür, həmin adamların az bir qismi bu respublikada qalıb. Sovet İttifaqı dağılandan bəri ölkəni tərk etmiş insanların sayı 1 milyona yaxındır”. Məqalədə qeyd edilir ki, miqrasiya ilə əlaqədar məsələlər Ermənistan üçün onun əsas müttəfiqi olan Rusiya ilə münasibətlərdə problemlər yaradır: “Baş nazir Tiqran Sərkisyan Rusiya hökumətinin “Həmvətənlər” adlı proqramı ilə əlaqədar narahat olduğunu açıq bildirib. Rusiya hökuməti həmin proqram çərçivəsində keçmiş sovet respublikalarından Sibirin əhalisi seyrək vilayətlərinə köçməyə hazır olan sakinlərə, o cümlədən minlərlə erməniyə vətəndaşlıq və iş vəd edir. Belə təsəvvür yaranır ki, müttəfiqlərdən biri özünün demoqrafik problemlərini digərinin hesabına həll etməyə çalışır. Mən müxalifət tərəfdarları ilə söhbət etmişəm. Onlar bildirirlər ki, Ermənistan rəhbərliyi mühacirəti azaltmaqda maraqlı deyil. İş burasındadır ki, əhalinin ölkədən axını müəyyən mənada təzyiqi azaltmağa imkan verən klapana bənzəyir, çünki bir qayda olaraq hökumətin siyasətindən narazı olan insanlar ölkədən köçüb gedir. Bundan əlavə, kütləvi mühacirət hakim dairələrin saxta seçici siyahıları tərtib etməsinə və seçkilərin nəticələrini saxtalaşdırmağa imkan verir. Üstəlik, ölkə iqtisadiyyatı əsasən xaricdən pul köçürmələri hesabına fəaliyyət göstərir”. Məqalədə deyilir: “Mühacirətin bu dərəcədə əldən saldığı ölkənin intensiv inkişaf edəcəyini gözləmək çətindir. Yerli kənd təsərrüfatının rentabellik səviyyəsi aşağıdır, bu sahədə məşğul olanlar yalnız minimum dolanışıq təmin edə bilər”. Geri qayıt |