Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOVUN MENYÜSÜNƏ

MİSİR MƏRDANOVUN MENYÜSÜNƏ


12-02-2013, 10:33
MİSİR MƏRDANOVUN MENYÜSÜNƏ

Təhsilimizdə “dərslik” xaosu davam edir...

“Hər gecə Pyotr Petroviçin yuxusuna kabus girir. Düz gecəyarı kabus qəbirdən çıxır və 5 km/saat sürətlə qəbiristanlıqdan Pyotr Petroviçin evinin yanına gəlir. O, 2 saat Pyotr Petroviçin pəncərəsinin altında uladıqdan sonra həmin sürətlə geri qayıdır və səhər saat 6-da öz qəbrinə çatır. Qəbiristanlıqdan Pyotr Petroviçin evinə qədər olan məsafəni tap”. Dəyərli oxucular, bu mistik mətn Qazaxıstanın “Keleşek-2030” nəşriyyatında çap edilmiş və müəllifi professor Lyudmila Qlazırina olan “Riyaziyyat-4” dərsliyindən götürülüb.
Xatırladıram ki, bu antipedaqoji məsələ 5 ay öncə bütün Qazaxıstanı silkələdi, cəmiyyətdə şok effekti yaratdı, gündəmi zəbt etdi. Valideynlərin və müəllimlərin piketlərindən və sürəkli tələblərindən sonra nəhayət ki, Qazaxıstan Elm və Təhsil Nazirliyi dərsliyin bütün tirajını ləğv etdi və onun məktəblərdə istifadəsinə yasaq qoydu...
Əslində elmi baxımdan yanaşdıqda burada heç bir xəta yoxdur, əksinə, maraqlı riyaziyyat məsələsidir. Amma onun dərsliyə salınması həm pedaqoji-psixoloji, həm şagirdlərin yaş və fizioloji xüsusiyyətləri, həm də ki, tərbiyəvi nöqteyi-nəzərdən heç cür qəbul edilə bilməz. Bu, Qazaxıstan dərsliyində olan bir naqislikdən doğan ajiotaj və onun nəticəsi!..
İndi gələk öz dərsliklərimizə. Bəs bizdə nələr baş verib? Dəhşətsaçan bir neçə fakta müraciət edək.
Müəlliflərindən biri Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı olan 5-ci və 6-cı sinif üçün “Azərbaycan dili” dərsliklərinə
“Sən nə vaxt göz eylədin,
Mən demədim baş üstə”
kimi çoxlu sayda erotik materiallar daxil edildi. Bu adama güldən ağır bir söz deyən oldumu?!
Bir çox dərsliklərdə bayrağımız baş-ayaq, yaxud təhrif olunmuş şəkildə çap edildi. Buna görə kim cəzalandırıldı?!
“Russkiy yazık-2” dərsliyindəki bir xəritədə 22 şəhər və rayonumuzun adı saxtalaşdırıldı. Kimi isə sorğu-suala tutan oldumu?!
Mütəxəssislər həyəcan təbili çaldılar ki, “Həyat bilgisi-3” dərsliyində 40 standartdan 16-sı öz əksini tapmayıb. Təhsil Nazirliyində kiminsə tükü tərpəndimi?!
Sadaladıqlarım dərslik sahəsində baş verən cinayətlərin cüzi bir hissəsdir. Əslində onların say-hesabı yoxdur. Bu cinayətlərə görə kim cavab verməlidir? Cavab vermək nədir, indiyədək bu adamlar həqiqəti söyləyənlərə hədə-qorxu gəlməklə, haqlı fikirləri təhrif etməklə, onların üzərinə kölgə salmaqla məşğul olublar. Bildiyimiz kimi, bu gün TQDK-da dərsliklərin monitorinqi aparılır və vaxtaşırı bu haqda ictimaiyyətə məlumat verilir. Şəffaflıq olsun deyə, keçirilən seminarlar qurumun saytında canlı yayımlanır. Burada təhsil proqramlarına uyğunsuzluqdan, sistemsizlikdən tutmuş, dərsliklərin içərisindəki təkzibolunmaz elmi-metodiki, dil-üslub, dizayn xətalarınadək deyilənləri eşidəndə adam dəhşətə gəlir. Düşünürsən: görəsən, dünyanın hansısa ölkəsində bu cür rüsvayçı dərsliklər varmı?! Amma görün, bu rəzalətin qarşısında dərsliklərə məsul olan şəxs Faiq Şahbazlı usanmadan nə deyir: “TQDK-nın orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı apardığı araşdırmalardan sonra hansısa dərsliklərin tədrisdən tamamilə çıxarılması və ya yenidən çap olunması nəzərdə tutulmayıb...”. (Həftə içi, 08.02.2013-cü il tarixli sayı).
Dəyərli oxucular, diqqət etdinizmi?! Mən deyəndə ki, Şahbazlı məntiqini itirib, nə danışdığını bilmir, bəzi dostlarım inciyirdi. Bundan sonra onların sözü nə olacaq, indi deyəcəklər? Onun fikrindən belə çıxır ki, istənilən halda mövcud dərsliklər tədrisdən çıxarıla bilməz. Əgər nəticə Faiq Şahbazlı deyən kimi olacaqdısa, onda dövlət başçısının fərmanı əsasında aparılan monitorinqlərə nə ehtiyac vardı?! Görün Təhsil Nazirliyində özbaşınalıq nə həddə çatıb ki, xırda bir məmur özündən hökm çıxarır. Mətbuatın yazdığına görə, Şahbazlı TQDK-nın, demək olar ki, bütün seminarlarında iştirak edir və işin nə yerdə olduğunu hamıdan da yaxşı bilir. Amma di gəl, o, yenə də yaramaz dərsliklərdən əl çəkmək istəmir ki, istəmir. Hərənin çıxarı bir şeydən olduğu kimi, görünür, onun da çıxarı bu mitil nəsnələrdəndir. Mən də bilirəm ki, bu üzdəniraq dərsliklərin başına bir şey gəlsə, Şahbazlını rahatca oturduğu yerdə qoymayacaqlar. Bir sözlə, bu nəsnələri qorumaqla o, öz kürsüsünü qorumağa çalışır, fidan balalarımıza isə nə olur-olsun. Rəhmətlik Sabir demişkən:
“Təki mən salim olum,
Cümlə-cahan batsa da batsın!”.

Nadir İsrafilov, təhsil eksperti

Geri qayıt