Əsas Səhifə > Dünya > MÜXALİFƏT LİDERİNİN QIZI HƏDƏLƏNDİ

MÜXALİFƏT LİDERİNİN QIZI HƏDƏLƏNDİ


12-02-2013, 12:20
MÜXALİFƏT LİDERİNİN QIZI HƏDƏLƏNDİ
"SƏNİ PƏNCƏRƏDƏN ÇÖLƏ TULLAYARAM"

İran müxalifətinin lideri Mirhüseyn Musəvinin qızları Zəhra və Nərgiz Musəvi fevralın 11-i axşam saatlarında azadlığa buraxılıb.

“Media forum” saytının məlumatına görə, Zəhra və Nərgiz Musəvini Tehranın Evin zindanında saatlarla dindiriblər. Nərgiz Musəvi jurnalistlərə açıqlamasında onu və bacısını tutmağa gələn hökumət qüvvələrinin kobud rəftarından danışıb: “Onlar evdə yoxlama apararkən dörd yaşlı uşağımın gözü qarşısında bizimlə son dərəcə kobud davranır, zorakılıq nümayiş etdirirdilər. Məmurlardan biri məni təhdid edərək deyirdi ki, mənlik olsaydı, səni eyvandan çölə tullayardım. Onlar valideynlərimizlə bağlı mediaya verdiyimiz açıqlamalara görə bizi sorğu-suala tutur, “Kalame” saytı ilə əlaqələrimizi öyrənməyə çalışır, bir ay əvvəl valideynlərimizin durumu ilə bağlı yaydığımız bəyanata görə bizi qınayır, təhdid edirdilər”.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Zəhra və Nərgiz Musəvini fevralın 11-də sübh saatlarında evdən aparmışdılar. Evdə yoxlama aparılmış, qızlara məxsus kompüterlər və bir sıra əşyalar götürülmüşdü.

İrandakı “yaşıl hərəkat”ın lideri olan Mirhüseyn Musəvi həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə iki ildir ev dustaqlığında saxlanır. Zəhra və Nərgiz Musəvi valideynlərinin durumu ilə bağlı mediaya açıqlama verdiklərinə görə dəfələrlə təhdid və təzyiqə məruz qalıblar.

Geri qayıt