Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT ÇƏTİN DURUMDA

HAKİMİYYƏT ÇƏTİN DURUMDA


23-11-2011, 12:58
HAKİMİYYƏT ÇƏTİN DURUMDA

NAZİRLƏRDƏN BİRİ KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNMALIDIR

DİA.AZ: - Hakimiyyət bu ilin əvvəllərindən start düyməsini basdığı antikorrupsiya tədbirlərini demək olar ki, yekunlaşdırmaq üzərədir. Xatırladaq ki, iqtidar cinahı bu tədbirlərin kampaniya yox, siyasət olmasında israr etsə də, əslində baş verənlər AXCP sədri Əli Kərimlinin təbirində ifadə olunan şəkildən kənara çıxmadır: MƏMURLARIMIZ RÜŞVƏT PƏHRİZİNƏ OTURUBLAR.

Həqiqətən də məsələ məhz bu yöndə cərəyan etdi və artıq bütün istiqamətlərdə, dövlət qurumlarında rüşvət pəhrizi dönəmi başa çatıb. Doğrudur, bu dönəmdən hakim komanda müəyyən itki ilə çıxmaq zorunda qaldı. Amma bu da olmalı idi. Çünki rəsmi dairələrin israrlarına baxmayaraq, antikorrupsiya kampaniyasının bir layihə olması və bu layihənin icrası məqsədilə Dünya Bankı tərəfindən 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması faktını cəmiyyətdən gizlətmək mümkün olmadı.

Elə buna görə də, bir-iki xırda ranqlı məmurunu ifşa etmək zorunda qalan rəsmi Bakının Dünya Bankına yönəlik «biz iş görürük» şəklində bir jestə bərk ehtiyacı var idi. Amma beynəlxalq maliyyə təşkilatının Azərbaycan iqtidarının bu türlü gedişlərini səmimiyyətlə qəbul etmədiyi aydın olur. Bu barədə əvvəlcədən də müxtəlif KİV vasitələrində müəyyən məlumatlar yer almışdı. Və bildirək ki, həmin xəbərlərdə də vurğulanırdı ki, prosesin əsas sponsoru olan Dünya Bankı rəsmi Bakıdan daha samballı addımların atılmsını tələb edir.

Amma Azərbaycan iqtidarı yenə də iradları qulaqardına vuraraq, xırda məmur korpusunda müvəqqəti həyəcan hesabına öz korrupsiya hesabatını tamamlamış oldu. Bunun isə Dünya Bankı tərəfindən yenə də qəbul edilmədiyi və yetərli hesab olunmadığı bildirilir. Bu barədə redaksiyamıza Nazirlər Kabinetindəki qaynaqlardan çox ilginc materiallar daxil olub. Əlimizdəki sənədlərdən aydın olur ki, beynəlxalq maliyyə təşkilatı rəsmi Bakını bir neçə dəfə daha ciddi olmağa çağırıb və addımlarında ciddiliyin qorunmasını tələb edib.

Bu barədə mötəbər qaynağın «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) söylədikləri: «Dünya Bankı rəsmi Bakıdan adı korrupsiyada halandırılan istiqamətlərə rəhbərlik edən şəxslərin cəzalandırılmasını və ən azından onlardan birinin həbsini tələb edirlər».

Qeyd edək ki, bu vaxta qədər keçirilən rəy sorğularında, eləcə də Azərbaycanla bağlı açıqlanan beynəlxalq hesabatlarda daha çox korrupsiyalaşmış dövlət qurumları aşağıdakı şəkildə sıralanıb:

- gömrük;

- təhsil;

- səhiyyə;

- vergilər;

- ədliyyə;

- polis və s.

Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, daha çox gbmrük orqanlarındakı özbaşınalıqlar səbəbindən bu istiqamətdə cidi addımların atılmasını tələb edən beynəlxalq dairələr sosial müdafiə müstəvisindəki tədbirlərin alqışlandığını xüsusi olaraq vurğulamaqla yanaşı, digər dövlət qurumlarının məlum prosesdən kənrarda tutulduğunun anlaşılmaz olduğunu da bildirirlər: «Məsələn, gömrük və səhiyyə sistemi demək olar ki, korrupsiya ilə mübarizə məsələsində kənarda saxlanıldı. Təhsil sistemindəki kosmetik islahatlar isə yetərli hesab oluna bilməz. Odur ki, beynəlxalq təşkilat daha ciddi addımın atılmasını tələb edir və rəsmi Bakının bu yöndə xərclənmiş 1 milyard ABŞ dolları həcmində olan vəsaitin özünü belə korrupsiyaya uğratdığı qənaətini ortaya qoyur».


Geri qayıt