Əsas Səhifə > Güney Press, Araşdırma > ƏKRƏM ƏYLİSLİYƏ CİNAYƏT İŞİ AÇILMALIDIR

ƏKRƏM ƏYLİSLİYƏ CİNAYƏT İŞİ AÇILMALIDIR


13-02-2013, 12:23
ƏKRƏM ƏYLİSLİYƏ CİNAYƏT İŞİ AÇILMALIDIR
QHT-LƏR TƏLƏB EDİR

Qarabağ QHT Koalisiyası, qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən digər bir qrup qeyri-hökumət təşkilatları bir araya gələrək, Əkrəm Əylislinin "Daş yuxular" əsərində bir millətin şərəf və ləyaqətini təhqir etdiyinə, tarixi təhrif edərək dövlətimizə və xalqımıza böhtan atdığına görə onun məhkəməyə verilməsi, həmçinin "İstiqlal" və "Şöhrət" ordenlərindən məhrum olunması üçün Azərbaycan Prezidenti və Milli Məclisə müraciət edilməsi barədə qərar qəbul ediblər.

Trend-in məlumatına görə, bu məqsədlə keçirilən mətbuat konfransında Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov qeyd edib ki, bir Azərbaycan vətəndaşı kimi Əkrəm Əylisli yazdığı bir roman ilə özünü, yaradıcılığını, şəxsiyyətini öz xalqı qarşısında ləkələdi.

"O, əsl kimliyini bəyan edib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını utanmadan göstərdi. Lakin burada Əkrəm Əylislinin öz xalqına qarşı olan nifrətini, qəlbinə pərçimləmiş olduğu düşmən sevgisini anlamaq, dərk etmək olduqca çətindir. Anlamaq olmur ki, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə bu qədər xəyanət edə bilərmiş? Əkrəm Əylisli ömrünün qürub çağında Azərbaycan ziyalısına yaraşmayan hərəkətlərə yol verərək "Daş yuxular" romanı ilə bütün ölkəni silkələdi", - Qədirov deyib.

O vurğulayıb ki, Azərbaycan təkcə ön cəbhədə ermənilərə qarşı deyil, eyni zamanda, arxa cəbhədə erməni müdafiəçiləri ilə psixoloji mübarizəyə hazır olmalıdır. Çünki nə qədər ki, Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağı altındadır, düşmən fitvası ilə gələcəkdə belə Əkrəmlərin sayı çox ola bilər.

Qədirov Əkrəm Əylislinin erməni diasporunun təbliğatçısı, erməni xüsusi xidmət orqanlarının satın aldığı bir vətən xaini olduğunu bildirib və qeyd edib ki, Əylisli bu əsəri yazmaqla Azərbaycandakı demokratik mühitdən, söz azadlığından faydalanaraq dövlətimizin iradəsi, xalqımızın hissləri, şəhidlərimizin narahat ruhları, əsirlikdə olmazın işgəncələrə məruz qalan ana-bacılarımızın ah-naləsinə alay edib, öz şəxsi məqsədlərini həyata keçirmək, dövlətimizi sarsıtmaq üçün beynəlxalq siyasi qumarbazların ən çirkin bir vasitəçisinə, alətinə çevrilib.

"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Əkrəm Əylislinin "Xalq yazıçısı" və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi haqqında sərəncamları Prezidentimizin nə qədər vətənpərvər və xalqın maraqlarını düşünən böyük bir şəxsiyyət olduğunu bir daha göstərdi. Buna baxmayaraq, Əkrəm Əylislinin yalan, böhtan, təhqir dolu əsərciyindəki xəyanətlər cəzasız qalmamalıdır. O, "İstiqlal" və "Şöhrət" ordenlərindən də məhrum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidir", - Qədirov bildirib.

O, həmçinin təəssüf etdiyini bildirib ki, bu əsərlə İctimai Palata, Ziyalılar Formu deyilən qurumlar əvvəlcədən tanış olublar və belə düşünmək olar ki, onlar da bir mərkəzdən idarə olunur.

"Biz belə bir əsəri yazanı dəstəkləyənləri və özünü Azərbaycan xalqının nümayəndələri kimi təqdim edənləri lənətləməliyik", - Qədirov vurğulayıb.

Konfransda çıxış edən digər iştirakçılar, o cümlədən Qarabağ QHT Koalisiyasının İdarə Heyətinin üzvü Faiq İsmayılov, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu, "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova və digər natiqlər də Əkrəm Əylislinin bu inanılmaz hərəkətinə ictimaiyyətin sonsuz qəzəbini, hiddətini, nifrətini bildirdilər.

Natiqlər həmişə özlərini dövlətin qurucusu kimi qələmə verən müxalifət liderlərinin dövlətçiliyimizin strateji mövqeyinə zərbə vuran bu əsərlə bağlı nümayiş etdirdikləri mövqenin Əkrəm Əylislinin mövqeyindən o qədər də fərqlənmədiyini qeyd etdilər. Müxalifət liderlərinin, eləcə də özünü milli düşüncənin daşıyıcısı sayan bir sıra media orqanlarının bu məsələdə tutduğu mövqenin anlaşılan olmadığı, belə məsələlərə mütləq mövqe bildirilməli olduğunun vacibliyini bildirdilər.

Geri qayıt