Əsas Səhifə > Sosial, Manşet > RÖVNƏQ ABDULLAYEVİN ADAMI AT OYNADIR

RÖVNƏQ ABDULLAYEVİN ADAMI AT OYNADIR


25-11-2011, 10:16
RÖVNƏQ ABDULLAYEVİN ADAMI AT OYNADIR

İQBAL MƏMMƏDOVU KİMSƏ DURDURA BİLMƏZ

DİA.AZ: - Azərbaycanda millət vəkillərinin əksəriyyətin həm də böyük biznesə malik olduqları faktdır. Onların sırasında populyar olanlardan biri də «Kaspii Yıldız» firmasının sahibi, son parlament seçkilərində Lerikin deputat mandatını cibinə qoymuş İqbal Məmmədovdur.

Xatırladaq ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin kurasiyasında olan İqbal Məmmədov eyni zamanda Lerikdəki məşhur «Relaks» istirahət mərkəzinin də sahibidir. Və bu istirahət mərkəzində sıradan bir vətəndaşın dincəlməsinin də xəyal olduğunu hər kəs bilir.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, İqbal Məmmədovun rayondakı fəaliyyəti artıq yerli sakinlərin narazılığı ilə qarşılanmaqdadır. Bu xüsusda daha çox diqqətə cələni isə İqbal Məmmədovun istirahət mərkəzi ilə bağlıdır.

Mötəbər mənbənin sözlərinə görə, Lerikin kəndlərinə gələn qaz xəttini birbaşa olaraq «Relaks»a yönəldən İqbal Məmmədovun bu addımı nəticədə 20-yə yaxın kəndin qazsız qalması ilə nəticələnib.

Onu da bildirək ki, İqbal Məmmədovun doğma qardaşı Asif Məmmədov hal-hazırda Şamaxı rayonu icra başçısı postunu tutur. Digər qardaşı Çingiz Məmmədovun adı isə mətbuatda qalmaqallı şəkildə hallandırıldı. Qəzetlərdə yer alan xəbərdə bildirilirdi ki, Çingiz Məmmədovun evindən 11 milyon manat pul oğurlanıb.

Beləcə kifayət qədər imkanı olan İqbal Məmmədovun 20-yə yaxın kəndi qazsız qoyması faktı onu Lerikdə hətta «xalq düşməni» səviyyəsi qədərində nifrət ünvanına çevirib.

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, İqbal Məmmədovu leriklilərlə yanaşı, rayonun icra başçısı Rövşən Bağırov da sevmir. Yox, Rövşən Bağırovun nifrətinin kökündə başçısı olduğu rayonun kəndlərini qazsız qoyması faktı dayanmır.

Məlumatlı mənbə bildirir ki, kurasiya baxımından fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı hesab olunan Rövşən Bağırov məhz patronunun sifarişi ilə İqbal Məmmədovla bütün kontaktlarını kəsib:

«Vəziyyət o həddədir ki, hətta deputat rayondakı dövlət əhəmiyyətli tədbirlərə də dəvət olunmur. Dəfələrlə İqbal Məmmədov başçı ilə görüşməyə çalışsa da, Rövşən Bağırov müxtəlif bəhanələrlə görüşməkdən yayınıb».

Bu vəziyyətin enində-sonunda böyük qalmaqala səbəb olacığını bildirən mənbə vurğuladı ki, əslində Lerikdə başçı ilə deputat yox, Kəmaləddinq Heydərovla Rövnəq Abdullayev toqquşur.

Geri qayıt