Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOV PLAGİATLARI HİMAYƏ EDİR
MİSİR MƏRDANOV PLAGİATLARI HİMAYƏ EDİR14-02-2013, 09:02 |
EKSPERT NAZİRİ İTTİHAM ETDİ DİA.AZ: - “Müəllif Hüquqları Agentliyi (MHA) tərəfindən aşkarlanan plagiat faktlarının böyük əksəriyyəti təhsil sahəsinə aiddir... Dərsliklər və dərs vəsaitləri Təhsil Nazirliyində müzakirə olunur. Orada Metodiki Şuralar onları müzakirə edib qrif verirlər. Ona görə də bütün bu prosedurlara ciddi yanaşmaq lazımdır”. Bu sözləri dünən APA-ya agentliyin sədri Kamran İmanov deyib. Sədrin bu fikrinə riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. DİA.AZ olaraq həmin münasibəti oxucuların diqqətinə çatdırırıq. “Ölkənin təhsil sistemi rəhmətlik Mirzə Cəlilin “Çuval”ını xatırladır. Təhsil çuvalımız artıq çürüyüb: bu tərəfini yamayırsan, o biri tərəfi üyüdür, o tərəfini yamayırsan bu tərəfi üyüdür. Bir neçə gün öncə Korrupsiyaya qarşı Mübarizə İdarəsi məlumat yaydı ki, ölkədə qeydə alınan korrupsiya və rüşvətin 70 faizi təhsil sistemi ilə bağlıdır. TQDK-da keçirilən dinləmələr zamanı bəlli oldu ki, bir çox dərsliklərimiz biabırçı gündədir. Bu, o deməkdir ki, təhsilin məzmunu dağıdılıb və bu sahədə aparılan islahat fiaskoya uğrayıb. İndi də MHA həyəcan təbili çalır: plagiat təhsil sistemini basıb. Plagiat – kiminsə yaradıcılığını, ideyasını şüurlu surətdə mənimsəmək, loru dildə desək, oğurlamaqdır. Elm, təhsil və incəsənət aləmində plagiatlıq tarixən əxlaqsızlığa bərabər tutulub. Bu gün də sivil dövlətlərdə plagiatlıq iyrənc əməl kimi dəyərləndirilir. Kiminsə intellektual mülkiyyətini abır-həya hissi keçirmədən çırpışdırmaq, öz adına çıxmaq, bir sözlə, vicdansızcasına oğurlamaq başqa cür dəyərləndirilə də bilməz. Ona görə də həmin dövlətlərdə plagiatlıqla məşğul olan insanlar zaman-zaman mətbuatın dəstəyilə üzə çıxarılır və ictimai qınağın hədəf taxtasına oturdularaq cəzalandırılırlar. Xatırladıram ki, 2011-2012-ci illərdə Avropanın bir çox yüksəkçinli məmur-siyasətçiləri elmi işlərində tapılmış oğurluqdan dolayı vəzifələrini və karyeralarını itirərək istefaya gediblər. Məsələn, Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq və bundestaqın bir neçə üzvü, Macarıstanın prezidenti Pal Şmitt plagiatlığın qurbanı olublar. Eləcə də götürək Almaniyanın təhsil naziri Anette Şavanı. Üç gün öncə o, 33 il əvvəl müdafiə etdiyi dissertasiya işindəki ideya oğurluğuna görə vəzifədən və siyasi səhnədən tamamilə getdi. Gətirdiyim misallardan görünür ki, dünyanın aparıcı insanları qazandıqları bütün karyeralardan və vəzifələrdən keçməyə hazırdırlar ki, təki “plagiat” damğasından xilas olsunlar. Amma di gəl, xilas ola bilirlərmi?.. Bəs bizdə vəziyyət necədir? Təhsil Nazirliyinin şöbə müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyin direktoru və iki müəllimi günün günorta çağı başqalarının kitabını yağmalayırlar, amma onlara gözün üstə qaşın var deyən olmur. Qınaq obyektinə çevirmək, yaxud işdən qovmaq əvəzinə, təhsil naziri onları qanadının altına alır. Hətta bundan sonra onlardan birinə - Fərrux Rüstəmova əməkdar elm xadimi verdirir. Siz deyin: Bu dərəcədə deqradasiyadan sonra Təhsil Nazirliyində hansı yaxşı işdən danışmaq olar?!”. Geri qayıt |