Əsas Səhifə > Partiya > PARTİYALARIN MƏŞHUR HƏBSƏ REAKSİYASI
PARTİYALARIN MƏŞHUR HƏBSƏ REAKSİYASI14-02-2013, 12:07 |
MÜSAVAT VƏ ADP ƏLEYHİNƏ ÇIXDI Sabiq millət vəkili Gülər Əhmədovanın həbsi ilə bağlı siyasi partiyaların mövqeyi gecikməyib. Modern.az bir neçə aparıcı partiyadan bununla bağlı münasibət öyrənib. Müsavat Partiyası başqan müavini Gülağa Aslanlının cavabı belə olub: “Bu iş xeyli müddətdir açıq idi. Mən Azərbaycan xanımının həbs olunmasının əleyhinəyəm. Bu cinayət işi təkcə Gülər Əhmədovaya aid olmalı deyil. Burda adı hallanan Ramiz Mehdiyev başda olmaqla, digərləri də öz cəzasını almalıdır. Eyni zamanda bu həbslə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının 2005 və 2010-cu il seçki nəticələrinin yekunları haqqında verdiyi rəyin qeyri-legitimliyi haqqında da məsələ qaldırılmalıdır”. AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, həqiqəti üzə çıxarılmasının tərəfdarıdırlar. “Kimliyindən asılı olmayaraq, cinayət törədən şəxs, adı qanunsuz əməllərdə hallandırılan adam haqqında istintaq orqanları hüquqi ölçü götürməlidir. Bu məsələdə də həqiqətin üzə çıxarılmasının tərəfdarıyıq. Biz hər hansı şəxsə, fərdə qarşı mübarizə aparmırıq. AXCP-nin mübarizəsi sistemlədir. Bunun daxilində Gülər Əhmədova və adı çəkilən şəxslərlə ədavətimiz yoxdur. Hüquq-mühafizə orqanları videomateriallardakına uyğun olaraq həqiqəti üzə çıxarmalıdır və ictimaiyyətə çatdırmalıdır. AXCP ölkədə hüquqi dövlətin qurulmasının tərəfdarıdır. Bunun üçün də belə məsələlər aşkara çıxarılmalıdır”. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bunu hüquqi balansın bərpa olunması kimi dəyərləndirdi. “Bu elə bir hadisədir ki, məntiqi sonluğu belə olmalıdır. Çünki ölkədə hüququn standartlarının bir nəfərə tətbiq olunub digərlərinə aid edilməməsi baxışı yaranırdı. Ona görə də bu hüquq-mühafizə orqanları bu addımla özlərini ittiham altından çıxardılar. Bu istiqamətdə tədbir görülməsi, ölkədə hüququn işlədiyinin göstəricisidir. Bunu yubatmaq, başqalarını həbsə almaq, əsas işdə adı keçən şəxslərin kənarda saxlanması heç bir ədalət prinsipi ilə uyğun deyildi. Bütün hallarda gedişatı təqib edəcəyik. Həm də Azərbaycanda korrupsiya ilə bağlı proseslərin müəyyən dərəcədə prinsipial münasibətlə qarşılaşacağına işarədir. Əgər bu davamlı olarsa, ölkədə korrupsiyanın səviyyəsi azalar”. ADP sədri Sərdar Cəlaloğlu bu həbsi Gülər Əhmədovanın əməli ilə əlaqələndirmir. “Gülər Əhmədova ilə bağlı məsələ çoxdandır ki, işıqlandırılır. Hüquqi tədbir ən azından cinayətdə iştirakından sonra görülməliydi. Digər tərəfdən onunla bağlı dəfələrlə videomaterial dərc olunub. Deputat olmuş qadın haqda həbs qəti imkan tədbiri seçilməsi hüquqa ziddir, siyasi konyukturadır. Çünki onun ölkəni tərk etmək imkanı yox idi. Azərbaycan hüququnda milli adət-ənənə mütləq əks olunmalıdır. Cinayət işi davam etməliydi, bu sübut olunandan sonra, məhkəmənin qərarı ilə hansı cəza növü seçiləcəkdisə, o icra olunmalıydı. Vaxtilə Azərbaycanda həbs qəti imkan tədbirlərinin tətbiqi ilə bağlı Ali Məhkəmənin və Avropa Məhkəməsinin qərarı var. Parlamentdə həbs qəti imkan tədbirinin pul cəriməsi ilə əvəz olunması təşəbbüsü də irəli sürülüb. Bu da onu göstərir ki, hökumətin həbs qəti imkan tədbiri ilə əlaqədar məsələlərə başqa cür baxırlar. Bir sözlə bu həbs Gülər Əhmədovanın əməli ilə bağlı deyil. Belə olsaydı, dərhal həbs olunardı. Indiki məqamda həbsi konyukturadır”. Geri qayıt |