Əsas Səhifə > Gündəm, Manşet > BİNƏQƏDİ SOYUQDAN DONUR

BİNƏQƏDİ SOYUQDAN DONUR


25-11-2011, 10:39
BİNƏQƏDİ SOYUQDAN DONUR

YERLİ “QAZ İDARƏSİ” ƏHALİNİ ÜSYANA SÖVQ EDİR

DİA.AZ: - “2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Dövlət Neft Şirkətinin nəzdində Binəqədi Qaz İstismar Sahəsi fəaliyyət göstərir. Xidmət sahəsi olaraq əsas vəzifəsi Binəqədi rayonu ərazisində əhalini, o cümlədən sənaye obyektlərini fasiləsiz və eyni zamanda təhlükəsiz təbii qazla təmin etmək, qaz kəmərlərində təmir işləri aparmaq, aşkar olunmuş sızmaların aradan qaldırılmasından ibarətdir”. Bu barədə bir qrup Xocahəsən sakini adından redaksiyamıza ünvanlanan müraciətdə deyilir.

Daha sonra müraciətdə bildirilir: “Xocahəsən sakinləri adından sizə müraciət etməyimizə səbəb, Binəqədi rayon Qaz İstismar Sahəsində baş alıb gedən məmur özbaşınalığı ilə bağlıdır”.

Sakinlər bildirirlər ki, qaz məsələsi onların əzəli problemləridir: ya tamamilə olmur, ya da o qədər zəif təzyiqlə verilir ki, istifadəyə yaramır. Şikayətçilər vəziyyətin dözülməz olduğunu bildirirlər: «Soyuqda evdə oturmaq mümkün deyil. Ümid elektrik enerjisinə qalır. Elektrik enerjisindən istifadə etdikdə isə sayğaclar o qədər pul yazır ki, sonra bunun öhdəsindən gələ bilmirik. Binəqədi rayon Qaz İstismarı Sahəsinə müraciətlərimiz isə həllini tapmır» - deyə şikayətdə vurğulanır.

Xatırladaq ki, Milli Məclisinin 5 iyun 2007-ci il tarixli iclasında deputat A.Səmədov təbii qazın olmaması ilə bağlı maraqlı bir çıxışı ilə diqqətə gəlmişdi: “Binəqədi ərazisindən seçilən deputat həmkarlarımla da bu məsələ ilə bağlı fikir mübadiləsi aparmışıq. Qış, yay, yaz olsun, dəxli yoxdur, bu rayondha qaz problemi düzəlmir, sönük, çox zəif qaz gəlir. İşığın qiyməti qaldırılandan sonra, deyəsən, «qazın da qulağına» nə isə çatıb. Son dövrlərdə qaz da səs-küylə yanmağa başlayıb. «Pır-pır» səs gəlir. Mütəxəssislərdən soruşanda bəlli olur ki, ora hava vururlar. Şikayətlər ondan ibarətdir ki, qaz gəlmir, amma hava vururlar və sayğac işləyir. O sayğacların standartı var. Standart qaydasında bəlli təzyiqdən aşağı olduqda işləməməlidir. Amma görünür ki, o sayğacların da qulağına nə isə deyiblər. «Ağıllı» sayğaclardır, işləməkdə davam edirlər”.

Bütün bu olanlarda bağlı Xocahəsən sakinləri bildirilər ki, dəfələrlə Binəqədi Qaz İstismar Sahəsinin rəisi Fərhad Elmar oğlu Vəzirova və baş mühəndis İlham Zeynalova müraciət etsələr də, hər dəfəsində müxtəlif bəhanələrlə yalançı vədlər verərək sakinləri aldadırlar.

Sakinlər əsasən qazın kifayət qədər normada verilməməsindən və bir gün verilib sonra həfətələrlə verilməməsindən narazı olduqlarını bildirirlər: “21-ci əsrdə neft-qaz ölkəsi olan Azərbaycanın paytaxtında sakinlərin soyuqdan donmamaq üçün odun peçi işlətməsi, təbii qaz probleminin olması kimi yox, məmur özbaşınalığı və təzahürü kimi qiymətləndirmək olar.

Bu gün əhalini dövlətdən incik salanlar da məhz bu sahənin işçiləridir. Onlar sanki Azərbaycan antidövlət siyasəti ilə məşğuldurlar. Binəqədi rayonu Qaz İstismar İdarəsinin sanki yazılmamış qanunlarla işləyir. Yalan və şişirdilmiş yazılaraq, əhalidən tələb olunan borclar isə haqlı narazılığı ilə qarşılanır”.


Geri qayıt