Əsas Səhifə > Sosial, Manşet > TOVUZUN İCRA BAŞÇISINA KÖHNƏ SUALLAR VERİLİR

TOVUZUN İCRA BAŞÇISINA KÖHNƏ SUALLAR VERİLİR


15-02-2013, 10:57
TOVUZUN İCRA BAŞÇISINA KÖHNƏ SUALLAR VERİLİR
KEÇƏN İL AJİOTAJA SƏBƏB OLAN YEYİNTİ FAKTI YENİDƏN ARAŞDIRMADA

DİA.AZ: - Daha bir icra başçısının başı cəncəldədir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynağımız məlumat verib. Söhbət Tovuza rəhbərlik edən, Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardağı, Tofiq Zeynalovdan gedir.

Xatırladaq ki, bir müddət əvvəl Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla bağlı çox ciddi, hətta sensasion sayıla biləcək xəbərlər yayılmışdı. Həmin məlumatlardan aydın olurdu ki, rayonda aparılan total yoxlamalar nəticəsində ortaya çox böyük yeyinti və qanunsuzluq faktları səbəbindən icra başçısı rayonu tərk etməli olub.

Qeyd edək ki, Zeynalovlar Tovuzda və ümumilikdə Qərb bölgəsində böyük nüfuza malikdirlər. Həmin bölgədə maddi imkan baxımından az adam onlarla rəqabətə girə bilər.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Tofiq Zeynalov həmin dönəmdə məhz qardaşının müdaxiləsi ilə görəv başında saxlanılmışdı. Mənbənin söylədikləri: «Çünki rayonda aparılan maliyyə yoxlamaları zamanı böyük miqdarda vəsaitin icra başçısı tərəfindən məniimsənildiyi aşkarlanmışdı. Bunun müqabilində isə həmin pulların təyinatı ilə bağlı problemlər də yerli sahibkarlar, idarə və müəssisə rəhbərlərinin hesabına baş tutmuşdu».

Xatırladaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyev keçirdiyi müşavirədə də bu məqama xüsusi diqqət yönəldərək, baş verənlərdən yetərincə məlumatlı olduğunu ifadə etmişdi. Yəni bu bir faktdır ki, ayrı-ayrı icra başçıları rayonlara ayrılan vəsaiti mənimsəyərək, həmin vəsaitin xərclənməli olduğu ünvanlardakı işi yerli sahibkarlardan zorla aldıqları pullar hesabına görürlər.

Belə bir faktın Tovuzda da aşkarlandığını bildirən mənbəmizin sözlərinə görə, keçən ilin dekabr ayında bu məsələ ört-basdır edilsə də, maraqlı dairələr tərəfindən yenidən gündəmə gətirilib. Və Tovuz icra hakimiyyəti məhz köhnə maliyyə fırıldağı ilə bağlı yenidən təftiş olunacaq. Mənbənin söylədikləri: «Bu isə o deməkdir ki, Tofiq Zeynalovun da hesab vermə vaxtı yetişib. Amma onun bu prosesdən uğurla çıxacağı heç də gözlənilən deyil».

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və bu barədə daha təfərrüatlı məlumatlar əldə etməyə çalışacağıq.

Geri qayıt