Əsas Səhifə > Sosial, Manşet > ALLAHŞÜKÜR PAŞAZADƏ ƏRƏB ŞEYXİ İLƏ TOQQUŞDU
ALLAHŞÜKÜR PAŞAZADƏ ƏRƏB ŞEYXİ İLƏ TOQQUŞDU15-02-2013, 13:53 |
XIRDALANDAKI SEMENT ZAVODU İLƏ BAĞLI MÜƏMMALAR: NARAZILIQ VAR DİA.AZ: - Xırdalanda yerləşən və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə məxsus olduğu iddia edilən sement zavodu ilə bağlı ölkə rəhbərliyinə şikayət var. Məlumata görə, bu zavodla bağlı həm xaricdən Azərbaycana məktub göndərilib, həm də ölkə daxilindən şikayət edilib. Söhbət ondan gedir ki, həmin zavod Xırdalanda Qafqaz Universitetinin və Ceyranbatan su anbarının yaxınlığında yerləşir. Ölkə rəhbərliyinə ünvanlanan şikayətdə dünyanın heç bir yerində bir təhsil müəsissəsinə bu qədər yaxın yerdə sement zavodunun fəaliyyət göstərmədiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, bu zavodun fəaliyyəti Qafqaz Universitetində təhsil alan 5 min nəfərdən çox tələbənin həyatına ciddi təhlükə törədir. Sözügedən sement zavodunun həm də Ceyranbatan su anbarının yaxınlığında yerləşməsi isə ekoloji fəlakət kimi qiymətləndirilir. O zaman bu zavodun tikintisinə göz yuman Ekologiya və Təbii Sərvətlər Nazirliyi cidid şəkildə qınanır. Ceyranbatan su anbarı Bakının böyük bir hissəsini su ilə təmin edir. Bu anbarın yaxınlığında isə sement zavodunun yerləşdiyini nəzərə alsaq, şikayət müəlliflərinin həyacan təbilini başa düşmək olar. Hər halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vaxtilə bu zavodun sözügedən ərazidə tikilməsinə göz yumması da, maraqlı məsələdi və yəqin ki, nazirlik bu məsələyə aydınlıq gətirəcək. Bəs bu zavod niyə həmin ərazidə tikilib və onunla bağlı xaricdən, konkret olaraq Küveytdən gələn narazılıq nə ilə bağlıdı? Elə məsələnin ən maraqlı tərəfi də budu. DİA.AZ-ın gunxeber.com-a istinadən yaydığı məlumata görə, illər əvvəl ərəb şeyxi, Əbd əl-Əziz Səud əl-Babteyn adlı Küveytli iş adamı Azərbaycanla sıx əlaqələr qurub və burada bir sıra layihələr həyata keçirib. Bu şəxs dəfələrlə Azərbaycana səfər edib, hələ mərhum prezident Hydər Əliyevin dönəmində bir neçə dəfə onunla görüşüb. Əbd əl-Əziz Səud əl-Babteyn Azərbaycanda böyük bir İslam Universiteti açmaq istəyib və bunun razılığını alıb. Universitet üçün yer də seçilib. Küveyitli şeyx bunun üçün indi haqqında danışdığımız sement zavodunun yerləşdiyi ərazini alıb. Bundan sonra Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin xətti ilə QMİ-nin hesabına tikintinin başlanması üçün ilkin olaraq 3 milyon dollar keçirib. Razılaşmaya əsasən qalan xərclər tikinti başlanandan sonra ödənilməliymiş. Ancaq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, həmin ərazidə universitet binası üçün heç bir tikinti aparılmayıb. Bu zaman ərəb şeyxi A.Paşazadəyə belə bir mesaj göndərib: “İslam Universiteti tikmədin, heç olmasa, rus məktəbi tik, yenə nəsə bir iş görmüş olarsan”. Bundan bir müddət sonra isə sözügedən ərazidə qəbir daşları hazırlayan sex və sement zavodu tikilib. Əbd əl-Əziz Səud əl-Babteyn isə bundan sonra Azərbaycandan küsüb və öz layihələrini Orta Asiyada həyata keçirib. Məlumata görə, Küveyitli iş adamı islam dünyasında 2-3 məşhur zəngindən biridi və hər il Bakıda elmi müsabiqələr təşkil edirmiş. Sonuncu dəfə isə həmin müsabiqədə mərhum akademik Ziya Bünyadovun əsərləri qalib gəlibmiş və mükafat olaraq onun ailəsinə 15000 min dollar ödənilməliymiş. Ancaq ərəb şeyxi burdakı işlərini yarımçıq qoyub getdiyindən həmin məbləğdə ödənilməyib. Həmin müsabiqələr indi hər il Orta Asiyada təşkil olunur, amma Azərbaycan alimləri orada iştirak edə bilmir. Üstündən xeyli keçəndən sonra sement zavodundan şikayətlə bərabər Küveyitli iş adamının burda üzləşdiyi problemlərin yenidən gündəmə gəlməsi isə o zaman sözügedən ərazinin həmin şəxsə məxsus olduğunu bilən və zavodun onun razılığı ilə tikildiyini düşünən dairələrin şikayətlərini həm də Əbd əl-Əziz Səud əl-Babteynin yaxınlarına da göndərməsidi. Bundan sonra Küveyt tərəfindən İslam Universiteti üçün alınan ərazinin taleyi və QMİ-yə köçürülən 3 milyon dolların taleyi barədə məsələ qaldırılıb, izahat istənilib. Mövzu ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağımızı vurğulamaqla yanaşı, qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Geri qayıt |