Əsas Səhifə > Partiya > "SƏNİ NELSON MANDELLA ETMƏK İSTƏYƏNLƏRİ BAĞIŞLAMAYACAM"

"SƏNİ NELSON MANDELLA ETMƏK İSTƏYƏNLƏRİ BAĞIŞLAMAYACAM"


18-02-2013, 12:03
"SƏNİ NELSON MANDELLA ETMƏK İSTƏYƏNLƏRİ BAĞIŞLAMAYACAM"
FAZİL MUSTAFA CAVAB VERDİ

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həbsdə olan REAL sədri İlqar Məmmədovun həbsxanadan göndərdiyi ismarışa cavab verib. Musavat.com-un məlumatına görə, Fazil Mustafa İlqar Məmmədovun sözlərinə özünün Facebook səhifəsində münasibət bildirib

“Mən Nelson Mandela deyiləm…”. Bəs mən nə deyirdim? Sən Nelson Mandela deyilsən. Nelson Mandela şəxsiyyət idi. Nelson Mandela deyilsənsə, demək şəxsiyyət də deyilsən. Nelson Mandela prinsip adamıydı. Nelson Mandela deyilsənsə, demək prinsip adamı da deyilsən. Nelson Mandela idealist idi. Heç şübhəsiz sən idealist də deyilsən. O, 28 il oturmuşdu, bir dəfə də olsun özünün cumhuriyyətə bərabər bir dəyər olduğunu dilə gətirmədi, sən həbsdə 28 gün oturmamısan, özünü cumhuriyyətə bərabər dəyər olaraq təqdim etdin. İndi mən Nelson Mandela olmayanı necə müdafiə edim?

Mən bunu, sadəcə həbsdə oturan birisi haqqında yazmıram. Allah kimsəyə həbsxana həyatı qismət etməsin, o cümlədən də İlqar Məmmədova. Hətta həbsdə olmasının da əsaslılığı barədə bir söz söyləməmişəm. Sadəcə bildirmişəm ki, adam bütün deputatları təhqir etmiş və üzr istəməmiş. Sadəcə bəzi deputatların onu müdafiə etməsinin məntiqli olmadığını söyləmişəm. Məsələn, Əkrəm Əylisli də şəxsən məni söyməmiş, Azərbaycan xalqını aşağılamış, eyni məntiqlə gərək biz, onu da müdafiə edək.

Bu yazı ümumi bir münsibətimdir Nelson Mandela ola bilməyənlərə. Xalq hərəkatı başlarkən cəbhədə olan KQB-nin qışqırıqçıları, avantüristləri hamıdan çox söyürdülər, təhqir edirdilər Mütəllibov hakimiyyətini. Barışmaz qəhrəmanlara çevrilmişdilər. Əbülfəz bəy başda olmaqla yüzlərlə təmiz niyyətli cəbhəçi mədəni siyasi üslubdan kənara çıxmadılar, səmimi mübarizələrini apardılar. Hakimiyyətə gələnə qədər arxayın addımlar atan bu avantüristlər daha cəsur obrazları ilə üstünlük qazandılar və strateji postlarda vazkeçilməz oldular. Rüşvəti də onlar aldılar, Xalq Cəbhəsinə hörmətsizliyi də onlar gətirdilər. Hakimiyyətin devrilməsi zamanı əksəriyyətinin kimliyi az-çox bəlli oldu. Nə olsun? Hakimiyyətin devrilməsinin bədəlini o səmimi, mədəni cəbhəçilər, müsavatçılar ödəməli oldular.

Bu gün klassik KQB yoxdur. Onun əvəzinə CİA var. Yenə də səmimi mübarizə aparanlar mədəni üslubdan kənara çıxmır. Arxasında cəmiyyətin dəstəyi olanlar, siyasi mübarizə təcrübəsi olanlar, Avropa Şurasından, ATƏT-dən, səfirliklərdən təminatı olmayanlar daha ehtiyatlı və ardıcıl öz prinsipləri üçün mübarizəni aparırlar. Həbsxanada da daha uzun müddət yatırlar, ancaq özlərinə nəinki cumhuriyyətlə, heç Rəsulzadə ilə, Elçibəylə bərabər dəyər olaraq qiymət vermirlər. Sanki biriləri daha cəsur görünərək, hakimiyyətə istədiyi ölçüdə təhqirlər yağdıraraq gələcək situasiya üçün bir addım öndə görünməyə çalışırlar... Ancaq arada bir sual edin ki, adam təkcə hakimiyyəti söymür, İsa Qəmbəri də, Rəsul Quliyevi də, başqalarını da söyür. Prinsipcə onsuzda zəifləmiş müxalifət cinahında bir-birinə dayaq olmaq əvəzinə, bir-birini qəfildən düşməncəsinə söyməyə başlayırlarsa, bəlkə bunu yalnız emosiyalarla əlaqələndirməyəsiniz.

Mən, Azərbaycanın gələcəyində tərbiyəsizlərin, avantürüstlərin üzərimizə çıxmaması üçün İlqar Məmmədovu müdafiə etmirəm. Mən gələcəyimizdə vətəni canı ilə qorumuş, səmimi mübarizə yolçularının həbsxanada olmayacağı, sayğı görəcəyi bir cəmiyyət qurulması üçün Tofiq Yaqublunu müdafiə edirəm.

Sən, məni bağışlamayacağını söyləyirsən. Bu, əlbəttə, sənin haqqındır. Ancaq mən səni bağışlayıram. Çünki, sən, Nelson Mandela deyilsən. Heç uzun bayrağını səmimiyyətlə sevən Elman Türkoğlu da deyilsən. Sadəcə 90-cı illərin avantüristlərinin yeni libasda peyda olan prototipisən. Mən isə 90-cı illərin Azərbaycan idealını bir daha avantüristlərin öhdəsinə buraxmaq istəməyənlərin yeni vizyonla çıxış edən təmsilçisiyəm.

Ancaq “Həbsxana tamaşası” oynayaraq səni Nelson Mandela etmək istəyənləri heç cür bağışlamayacağam.

Geri qayıt