Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN BİZNESİNƏ ZƏRBƏ

ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN BİZNESİNƏ ZƏRBƏ


19-02-2013, 11:18
ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN BİZNESİNƏ ZƏRBƏ
İVANAŞVİLİ «SOCAR GEORGİA»NIN YERİNƏ YENİ NEFT ŞİRKƏTİ YARADIR

DİA.AZ: - Bidzina İvanaşvilinin qonşu Gürcüstanda hökuməti ələ keçirməsindən sonra elə ilk günlərdəncə bu ölkə ilə Azərbaycan hakimiyyəti arasında müəyyən gərginliklər yarandı. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan uzantısı olan «Socar Georgia»da vergi yoxlamaları həyata keçirildi və şirkətə qarşı 26 milyon lari (13 milyon ABŞ dolları) həcmində vergidən yayınma ittihamı irəli sürüldü.

Təbii ki, əsas problemlər isə bağlı qapılar arxasında çözülməyə başlanıldı ki, keçən ilin dekabr ayında Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edərək Saakaşvilinin hökuməti tərəfindən iki ölkə arasında qurulan əlaqələri yenidən təftiş etməyə başladı. Buna qədərsə ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər etməli olmuşdu. Keçən ilin 11 noyabr tarixində baş tutan səfər zamanı ARDNŞ prezidenti yalnız «Socar Georgia»nın üzləşdiyi problemləri dondura bildi və şirkətin vitse-prezidenti, həm də Rövnəq Abdullayevin Gürcüstan biznesinin yönəticisi kimi tanınan Mahir Məmmədovu həbsdən qorumağa müvəffəq oldu.

Əsas məsələlər isə İvanaşvilinin Bakı səfərində çözüldü. Onun səfərindən sonra isə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tiflis yolunu tutdu və «gürcü arzusu» hökumətinin inad etdiyi Bakı-Tiflis-Qars projesinə Azərbaycanın əlavə olaraq 75 milyon dollar pul ayırdığını bildirdi.

Əslində rəsmi Bakı ilə yeni gürcü hökumətinin münasibətlərindəki gərginlik bununla da sovuşmayıb. DİA.AZ bildirir ki, bu barədə yazan gürcü mətbuatında olduqca maraqlı faktlar açıqlanıb. Qonşu ölkənin KİV-lərində yer alan xəbərə görə, İvanaşvili «Socar Georgia»nın Gürcüstanda fəaliyyətinin birdəfəlik olaraq dayandırılmasını, onun əvəzinə isə daha çox Gürcüstana aid olacaq, amma Azərbaycana da az miqdarda ortaqlıq payı ayrılacaq yeni gürcü şirkətinin fəaliyyətinin qurulmasını rəsmi Bakıdan tələb edib və bu barədə niyyətini Azərbaycan hakimiyyətinə ünvanlayıb.

Gürcü mətbuatı yazır ki, artıq «Socar Georgia»nın işini görəcək yeni şirkət qurulub və «Georgia Oil» şirkəti Gürcüstanın ədliyyə nazirliyində qeydiyyata da alınıb. Bu isə o deməkdir ki, Rövnəq Abdullayev Gürcüstandakı biznesindən vaz keçmək zorundadır.

Onu da bildirək ki, ARDNŞ prezidentinin qonşu ölkədə turizm və istehsala da ciddi sərmayə ayırması barədə faktlar var. Bu biznesin aqibətinin isə necə olacağı hələlik məlum deyil.

Geri qayıt