Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İSMAYILLIDA RÜŞVƏTƏ QARŞI SAVAŞ BAŞLADI

İSMAYILLIDA RÜŞVƏTƏ QARŞI SAVAŞ BAŞLADI


19-02-2013, 11:24
İSMAYILLIDA RÜŞVƏTƏ QARŞI SAVAŞ BAŞLADI
YENİ BAŞÇI BELƏ DEYİR

“Mən bütün idarə, müəssisə rəhbərlərinə xalqın qarşısında xəbərdarlıq edirəm ki, rüşvət alan, vəzifəsindən sui-istifadə edən məmurlar sərt şəkildə cəzalandırılacaq və işindən azad ediləcək”. Modern.az saytının məlumatına görə, bu fikirləri İsmayıllının yeni icra Mirdaməd Sadıqov ötən gün rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Prezidenit İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini deyən icra başçısı bununla bağlı ölkə başçısına söz verdiyini bildirib.

M.Sadıqov görüşdə rayon ağsaqqlarlarının problemlərini dinləyərək şikayətləri ilə yaxından maraqlanıb. İcra başçısı İsmayıllıda iqtisadi inkişafa nail olmaq üçün yerli sahibkarlarla da məsləhətləşmələr aparıb.

Yerli sakinlər keçmiş İcra başçısı Nizami Ələkbərovun və onun kadrlarının insanlara reket kimi rəftar etdiyini və onların hamısının işdən azad olunmasını M.Sadıqovdan xahiş ediblər.

Rayonda işsizliyin qismən aradan qaldırılması üçün mühüm işlərin görüləcəyini bildirən M.Sadıqov sahibkarların təkliflərini öyrənərək bu haqda ölkə prezidentinə məlumat verəcəyini deyib.

Daha sonra icra başçısı İsmayıllıda Ağsaqqallar Şurasının yaradılacağını vurğulayıb.

Görüşdə ünvanlı sosial yardım alan sakinlər dövlət tərəfindən onlara ayrılan müavinətlərin vaxtlı-vaxtında verilməməsindən şikayət edərək, yardımların bir neçə ayının mənimsənildiyini icra başçısının diqqətinə çatdırıblar. Əhali İsmayıllı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən narazılıq edib.

Rayon sakinlərinin şikayətlərini dinləyən M.Sadıqov yerindəcə ƏƏSMM-in müdirinə xəbərdarlıq edərək? belə halların bir daha təkrarlanmamasını tapşırıb.

Yerli sakinləri həmçinin M.Sadıqovdan məlum olaylarda həbs olunanların azadlığı buraxılması üçün onlara köməklik göstərməsini xahiş ediblər.

İcra başçısı bu işdə əlindən gələn köməkliyi edəcəyinə söz verib.

“Mən bu haqda əlimdən gələn köməkliyi edəcəyəm. Polis rəisinə tapşırıqlarımı vermişəm”.

Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İcra başçısı şəhid ailələri üçün yeni evlərin tikiləcəyini, qaz, su, işıq baxımından insanların problemlərlə üzləşməyəcəyini diqqətə çatıdırıb.

M.Sadıqov yaxın günlərdə kəndlərə də səfər edəcəyini vurğulayıb.

Geri qayıt