Əsas Səhifə > Güney Press, Araşdırma > ELMAR VƏLİYEV İŞÇİLƏRİNİ TOYA DƏVƏT ETMƏYİB

ELMAR VƏLİYEV İŞÇİLƏRİNİ TOYA DƏVƏT ETMƏYİB


19-02-2013, 12:40
ELMAR VƏLİYEV İŞÇİLƏRİNİ TOYA DƏVƏT ETMƏYİB
"Elmar Vəliyevin oğlunun toyu çox sadə olub. O qədər sadə olub ki, hətta bizi də toya dəvət etməmişdi”. Bunu Teleqraf.com-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ruslan Qardaşov mətbuatda icra başçısı Elmar Vəliyevin oğluna Bakıda təmtəraqlı toy etməsi barədə xəbərlərə münasibətini açıqlayarkən bildirdi.

R.Qardaşovun sözlərinə görə, fevralın 15-də Bakıda “Buta” sarayında keçirilən toyda heç bir təmtəraq, ənənədən kənara çıxma halları olmayıb: “Cənab prezident İlham Əliyevin icra başçılarının iştirakı ilə keçirilən müşavirədə məmurlarla bağlı məlum çıxışı oldu. Elmar Vəliyev də ölkə rəhbərinə sadiq şəxsdir. Həmin çıxışdan sonra cənab başçı oğluna təmtəraqlı toy etməzdi”.

R.Qardaşov ölkə başçısının rəhbərliyi ilə fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasına dair müşavirədə E.Vəliyevin səhhətinin qəfil dəyişməsi xəbərinə də münasibət bildirdi: “Həmin müşavirədə mən iştirak etməmişəm. Ola bilsin ki, nəsə baş verib. Deyə bilmərəm. Amma hazırda Elmar Vəliyev iş başındadır və səhhəti də normaldır. Çox enerjilidir. Qarşımızda duran işlərin icrası ilə məşğuluq”.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri əlavə etdi ki, bu gün Gəncə Dövlət Universitetinin yeni rektoru Yadigar Əliyev tələbələrə və müəllimlərə təqdim olunacaq: “Tədbirdə icra başçısı Elmar Vəliyev, təhsil naziri Misir Mərdanov və digər şəxslər iştirak edəcəklər”.

Geri qayıt